«Ərəb ölkələrindəki nümunə Azərbaycanda təkrarlanacaqmı?»
Mahal İsmayıloğlu: «Korrupsiya üzərində qurulan hakimiyyəti çiyni üstə tutan adamlar son məqamda tabe olduqları şəxsə xəyanət edirlər»
Zərdüşt Əlizadə: «Hadisələrin necə inkişaf edəcəyini demək çətindir»
Üsyanların baş qaldırdığı ərəb ölkələrində, xüsusilə də Liviyada bir çox məmurlar və diplomatlar müəyyən mərhələdə etirazçıların sırasına qoşulur. Son günlər Azərbaycanda sosial şəbəkədə bu məsələ müzakirə mövzusuna çevrilib. Ölkəmizdə etiraz dalğası baş qaldırsa, hansı məmur xalqın tərəfinə keçə bilər?
Tanınmış jurnalist Mahal Ismayıloğlu ərəb ölkələrində məmurların bu addımının xalqa olan sevgidən irəli gəlmədiyini deyir. Onların bir çoxu artıq hadisələrin gələcək inkişafını hiss edərək bu addımı atıb. Lakin bəzi hallarda bu da vaxtilə avtoritar rejimə qulluq edənləri xilas etmir: “Tunisdəki hadisələr göstərdi ki, xalqın tərəfinə keçmək hələ hər şeyi həll etmir. Eynilə də Misirdə. Xalqın tərəfinə keçdiyini elan edən Hüsnü Mübarək tərəfdarlarının böyük əksəriyyətinə etimad göstərilmədi. Onlar yeni hökumətin qurulmasında da iştirak etmir”.
M.Ismayıloğlunun sözlərinə görə, məmurları bu addımı atmağa vadar edən digər bir səbəb isə varidatlarını qorumaq arzusudur: “Korrupsiya üzərində qurulan hakimiyyəti çiyni üstə tutan adamlar sərvətlərini qorumaq üçün son məqamda tabe olduqları şəxsə xəyanət edirlər. Xalqın tərəfinə keçdiklərini bəyan etməklə varidatlarını qorumaq istəyirlər”.
Politoloq Zərdüşt Əlizadə isə bir qədər fərqli fikirdədir. Ekspertin sözlərinə görə, kimin xalqın tərəfində, kiminsə xalqa qarşı olduğunu demək çətindir: “Əhalinin bir hissəsi üsyan edir, o biri hakimiyyətin tərəfindən. Bir hissəsi də laqeyddir. Laqeyd olanların da bir qismi Qəzzafinin tərəfdarı, digər hissəsi isə əleyhdarıdır. Ancaq bunların hamısı xalqın nümayəndələridir. Ona görə də demək olmaz ki, məmurlar xalqın tərəfində deyil”.
Z.Əlizadənin fikrincə, hakimiyyət dəyişikliyi baş verən ölkələrdə hadisələrin necə inkişaf edəcəyini demək çətindir: “Qəzzafi yaxşı deyil. Səddam Hüseyn də pis idi. Ancaq əmin deyiləm ki, onların yerinə gələnlər daha yaxşıdır. Azərbaycanda da dəyişiklik çox görmüşük. Vəzirov getdi, Mütəllibov prezident oldu. Hamı sevinirdi ki, pisin yerinə yaxşı gəldi. O getdi, Elçibəy gəldi, sevindilər ki, bu ondan yaxşıdır. Heydər Əliyev gələndə də eyni sözü dedilər. Ancaq nəticəyə baxmaq lazımdır. Ərəb ölkələrində baş verənlərə heç də hamı sevinmir. Ona görə indidən nəsə demək çətindir”.
Fizzə