Cahangir Müslümzadəni kimlər qurban verdi?

Dəstələri meydana zavod, idarə rəhbərləri niyə göndərirdi?

başlanğıcı ötən saylarımızda

…Siyasi Büronun üzvü Aleksandr Yakovlevin köməkçisi Mikoyanın ailəsində tərbiyə olunmuşdu. 1988-ci ildə o, S.Kaputikyanı və Z.Balayanı Yakovlevlə görüşdürdü.

Qorbaçovla görüş

Bu cütlük Yakovlevə bəyan etdi ki, Dağlıq Qarabağda  ermənilərin hüquqları pozulur, onlar alçaldılır. Buna görə də bu regionu Azərbaycandan alıb Ermənistana vermək lazımdır. Yakovlev onları Qorbaçovun yanına gətirdi. Baş katib onları başa salmaq istədi. Sizin bu tələbiniz böyük qan tökülməsinə səbəb oldu. Vəziyyət gərginləşdi. 1988-ci ilin fevralında vilayət Ermənistana keçdiyini bəyan etdi. Əvvəlcə, Azərbaycan KP MK-nın ikinci katibi Stepanakertə gəldi, onu zaldan qovdular. Sonra vilayət mərkəzinə gələn birinci katib Kamran Bağırov da vilayətdən eyni üsulla yola salınmışdı. Moskva məqamı əldən verdi və qarşıdurmada qan töküldü.
Rusiya qaçqınlara hələ də yuxarıdan baxır. Azərbaycan təcrübəsi göstərir ki, qaçqınlara biganəlik çox təhlükəlidir. ÿ1988-ci ilin fevralında Sumqayıtda baş verən  talanlar qanla, insanların öldürülməsi ilə qurtardı. Niyə bu talanlar Sumqayıtda baş verdi? Sumqayıta xeyli qaçqın gəlmişdi və kimlərsə bu “qızğın kütlədən” öz məqsədinə çatmaq üçün istifadə etdi.

Qafan “əzabkeşləri”…

Viktor Krivopuskov, “Sbornik MVD SSSR” jurnalı, 1991-ci il:
– Yaxşı yadımdadır. Mən jurnala məqalə yazmaq üçün 1987-ci il və 1988-ci ilin iki ayında Sumqayıtda baş verən hadisələr haqqında məlumatların hamısını oxudum. Diqqət çəkən elə bir hadisə tapmadım. Sumqayıtda qanlı fevrala qədər yalnız kriminal – məişətlə bağlı cinayətlər baş vermişdi. Azərbaycan SSR DIN-dən fevralın 26-da baş vermiş azsaylı mitinq haqqında məlumat verilirdi. Göstərilirdi ki, bu mitinq baş katib M.Qorbaçovun Azərbaycan və erməni xalqlarına müraciəti ilə bağlı olmuşdur. Mitinq Lenin adına  meydanda keçirilmişdi.
Mitinqin ermənilər əleyhinə qızğın hiddətlə başa çatdığı qeyd olunsa da, nə respublika, nə də ittifaq səviyyəsində elə qayğı yaratmadığı göstərilirdi. Bu mitinq sonu bilinməyən və perspektivi olmayan hadisəyə aid edilirdi. Mən  26 fevral mitinqi ilə bağlı rəhbərliyin digər dərkənarını tapmadım.

Mitinq təsadüfi deyildi…

Lakin hadisələrin sonrakı təhlili göstərdi ki, mitinqin  təşkili və məzmunu heç də təsadüfi deyilmiş. Birincisi, çoxmillətli şəhərdə mitinqə yalnız azərbaycanlılar gəlmişdilər. Ikincisi, mitinqi ikinci katib Mələk Bayramova aparsa da, ermənilərin ünvanına ciddi hədələr səsləndirilirdi. Qarabağda və Ermənistanda azərbaycanlılara  divan tutulduğu deyilirdi. Mitinqdə hətta “Qafan əzabkeşləri”nin iştirakı barədə məlumat yayılmışdı. Ermənilərin Sumqayıtda yaxşı yaşaması, daha çox intellektli sahələrdə işləməsi qeyd olunurdu. Mitinqdə “ermənilərə ölüm!” şüarları da ara-sıra səslənirdi.
SSRI DIN-nin fevralın 27-nə olan məlumatında Sumqayıtda  millətlərarası münasibətlərin gərginləşməsi haqda bir neçə dəfə məlumat verilmişdi. Göstərilirdi ki, ermənilər  əleyhinə mitinq təşkil edilməmiş, kortəbii olmuşdu. Şəhər partiya komitəsinin təşkilatçılığı olmadığına görə mitinq təhlükəli istiqamətə gedir. Amma bir çox dəstələri meydana zavodların, idarə və müəssisələrin rəhbərləri göndərirdilər. Bu ərəfədə şəhərə qayıdan Cahangir Müslümzadə mitinqi ələ almağa cəhd göstərsə də, heç nəyə nail ola bilmir. Ermənilərdən intiqam almağa köklənmiş kütləni ardınca aparmaq, mərkəzdən uzaqlaşdırmaq istəyi baş tutmur. Lakin tribunadan çıxış edən 25 nömrəli məktəbin direktoru, Ərəblinski adına teatrın aktrisası və digərləri onu eşitmədilər, onlar meydanı erməniləri Qarabağ məsələsinə, Qafan əzabkeşlərinə görə cəzalandırmağa, ermənilərə qarşı ciddi tədbirlər görməyə, öldürməyə, Sumqayıtdan qovmağa  çağırırdılar. Çıxışların çoxu “ermənilərə ölüm!” şüarı ilə qurtarırdı. Meydanda intiqam kütləvi psixoz və isterika atmosferi yaratmışdı. Tribunada çıxış edənlərin biri  müsəlmanları dinsizlərə qarşı mübarizəyə çağırdı. Gərginlik son həddə, vəziyyət idarəolunmaz hala çatmışdı.
Fevralın 27-də axşam vəziyyət daha da gərginləşdi, talanlar başladı. Çağırışlardan qızışan mitinq iştirakçılarına üstəlik, spirtli içkilər də paylandı və onlar heç bir müqavimətə rast gəlmədən talanlara başladılar, erməniləri döydülər və öldürdülər. Respublikanın, şəhərin partiya-sovet, hüquq-mühafizə orqanları talançılara qarşı heç bir tədbir görmədilər. Sumqayıt tamamilə talançıların əlinə keçdi.

Hakimiyyətsizliyin acı nəticələri…

Fevralın 27-də hakimiyyətsizliyi görən sakinlər 28-də küçələrə daha çox çıxdılar. Onların bir çoxu ağac dəyənəklərlə, balta və armatur kəsikləri ilə silahlanmışdılar.
Fevralın 29-da Sumqayıta qoşun yeridildi. Onlar da şəhərə nəzarəti ələ ala bilmədiər. Məsələ ondaydı ki, qoşunlara silah işlətməyə icazə verilməmişdi. Verilsəydi belə, buna imkanları yoxdu. Çünki daxili qoşun əsgərlərinə 20 barıt patronu verilmişdi. Zərərçəkənlərə zabit və əsgərlər kömək edə bilmirdilər. Qoşunların hərəkətsizliyini görən talançılar onlara hücum etməyə başladılar. Operativ məlumata görə, 270 hərbçi yaralanmışdı. Yalnız axşam qoşunlar ciddi tədbir görməyə başladılar.
Rəsmi məlumata görə. 26 erməni, 6 azərbaycanlı öldürülmüşdü. Şahid ifadəsinə görə, 6 azərbaycanlı piyadanın zirehli maşınınin altında qalmışdı. Hadisə belə olmuşdu. Fevralın 29-da talançılar piyadanın zirehli maşınını yandırmış, tüstüdən boğulan sürücü əsgər huşunu itirmiş və sükan əlindən çıxmışdı. 
Vicdanlı azərbaycanlılar olmasaydı, ölənlərin sayı qat-qat çox olardı. Onların bir çoxu özünü, ailəsini təhlükə qarşısında qoyaraq qonşularını, iş yoldaşlarını xilas etmişlər. Azərbaycanlı qadın Xanım Ismayılova qəhrəmanlıq göstərərək onlarla adamı xilas etmişdi. Onun haqqında  respublika DIN-də, erməni qaçqınlardan, hətta Silva Kaputikyandan da xoş sözlər eşitmişdim. S.Kaputikyan bu qadın haqqında poema da yazmışdı.
Xanım Ismayılova 3-cü mikrorayonda yaşayırdı. O, kiçik evində 13 erməni gizlətmişdi. Talançılar bundan xəbər tutmuşdular, qapını sındırıb içəri keçərkən Xanım sinəsini irəli vermiş, talançıları saxlamışdı.
– Sizə içəri girməyə icazə vermərəm. Sizə qan lazımdır, mənim qanımı tökün.
O, bıçaq götürüb əlini kəsir: “Onlar mənim qonşularımdır”, – deyir.
SSRI baş prokurorluğunun qərarı ilə 80 epizod üzrə cinayət işi başladı.
Amma üç gün şəhəri talançılara verən rəhbərlərə yalnız partiya cəzaları verildi.

Bu məlumatlar səndən başqa kiməsə lazımdımı?..

Mənimlə bir yerdə işləyən Qudkov və Tkaç Sumqayıt hadisələrinin istintaqında iştirak etmişdilər.
Vasili Tkaç bir dəfə mənə dedi: “Niyə mənə Sumqayıtla bağlı bu qədər sual verirsən?.. Bakıda olanda DIN-in kitabxanasına gir, Sumqayıt qəzetlərini vərəqlə, hər şey sənə aydın olar. Ancaq bilmirəm, bu məlumatlar səndən başqa kiməsə lazımdımı?”…

ardı var

Surxay Hüseynli,
Azər Hüseynbala