Bir kabus dolaşır…

Yaxın Şərqdə əsən rüzgarların Azərbaycana çatıb-çatmayacağını, eyni güclə burda da əsib-əsməyəcəyini zaman göstərəcək. Cəmiyyətdə baş verə biləcək hadisələr, “hava dəyişmələri” proqnozlaşdırılmaz sayılmasa da, təbiətdəki qədər dəqiq söylənəcəyi mümkün deyil.

Söz vaxtına çəkər deyirlər. Həmişə yazın, baharın,- biz bunu uşaqlıda eləcə bayram adlandırardıq,- özündən qabaq havası, daha aydın desəm, qoxusu gəlib çatardı. Hətta asılacaq ləzzətli xörək qazanlarının, qovurğanın xoş ətri, atılan lopaların “nöyüt”lü iyi belə hiss olunardı. Hətta uşaq dərrakəsi, uşaq duyumu ilə biz onu duyardıq və bayramın yaxınlaşdığına, hətta “baş tutacağına” heç bir şübhəmiz qalmazdı. Elə bu günlərdə də mən həmin bayram qoxusunu, yaz havasını hiss eləyirəm, soyuqdan cəzana gəlmiş sümüklərim indidən bayram eləməyə başlayır.

Yaxın Şərqdən gələn və ya gələcək “bayramın” da özü hələ bəzən o qədər inandırıcı görünməsə də, qoxusu hiss olunmaqdadı – bunu hakimiyyətdə olanlardan tutmuş ən aşağı zümrəyə qədər artıq hamı hiss eləyir. Artıq mən sadə insanlar arasında gedən söhbətlərin bir neçəsinə şahid olmuşam ki, bu mənə hissiyyatımda yanılmadığımı göstərir. Məsələn, 4-5 nəfərin arasında gedən bir söhbətin şahidi oldum. Iştirakçılardan biri keçmiş polis işçisiydi. Orada müəllimə də, sağır də, həkim də vardı. Bəri başdan onu da deyim ki, çox qızğın gedən söhbət elə bir məzmun daşıyırdı ki, elə bil, inqilabın başlayıb-başlamaması, qələbə çalıb-çalmaması onlardan asılıydı. Onların qərarıyla olacaqmış kimi dartışılırdı bu iş.

Polis işindən qanunsuz uzaqlaşdırılıb. Sadə bir səbəblə onu sistemdən çıxarıblar. Adam işdən iznli olduğu, şəxsi həyatına aid ən əlamətdar bir gündə içkili olub, acığını da adamlardan yox, “Heydər Əliyev” parkındakı iki işıq lampasından çıxıb. Buna görə onu sistemdən uzaqlaşdırıblar. Cinayət işi açıblar, sonra rüşvət alıb işə xitam veriblər. Üzüntülü hadisə adamın xəstə atasının vəfatıyla bitib. Indi onu maraqlandırır ki, hakimiyyət dəyişsə, onu işinə bərpa eləyəcəklər, ya yox? Onun inqilaba münasibəti bu sualının cavabıyla bağlıdı. Cavab “yox” isə, o inqilab istəmir, “hə” isə, “olsun” deyir.

Müəllimənin də, həkimin də, şagirdin də öz dərdləri var və bu dərdlər hər kəsə aşağı-yuxarı aydındı. Bu şəxslərdən hər biri öz problemlərini hələ ki, rüşvətlə həll eləyirlər. Söhbət qanuni həll olunası problemlərdən gedir. Onlar düşünürlər ki, yeni quruluşda, yəni inqilabın qələbəsindən sonra rüşvət olmayacaqsa, deməli, onların işləri də həll olunmayacaq. Işin qanun çərçivəsində və rüşvətsiz həlli onların ağlına belə gəlmir, çünki hər kəs məsələləri indiki reallığın məntiqindən çıxış eləyərək qavramağa çalışır. Və yekun qərara gəlirlər ki, yox, acından ölməkdənsə, indiki şəraitdə yaşamaq daha yaxşıdı. Bu, indiki hakimiyyətin insanlar üzərində qələbəsi sayıla bilər. Ancaq azacıq izah eləməyə başlayanda, gözlərinə işıq gəlir, onda bir az tərəddüdlə də olsa “nə deyirik, olsun”, – deyirlər, yəni inqilaba xeyir-dua verirlər. Yenə deyirəm, sanki hər şey bu kiçik qrupun razılığından asılıymış…

Baxın, mən də elə danışıram ki, guya onlar çox saya adamlardı və onlardan asılı olan heç nə yoxdu. Bu mənim korafəhmliyimdi. Əslində isə, hər şey məhz elə onlardan, onlar kimi bu dəqiqə “bayram qoxusu”nu duyan və qərar verən belə xırda qrupların əlindədi. Belə xırda qrupların xeyir-duası olmadan heç bir qələbədən söhbət gedə bilməz. Inqilab birinci yumruq boyda ürəklərdə baş verir. Yumruqlar isə, havaya sonra qalxır. 
Söz vaxtına çəkər. Indi Azərbaycanın hər yerində bayram havası duyulur. Hamı bayrama hazırlaşır. Qiymətlərin qalxması bayramı daha çox hiss elətdirir…