Goranboyda keçmiş baş həkim özünü öldürdü

Faiq Abdullayevi intihara icra başçısının vadar etdiyi bildirilir

 

Fevralın 4-ü axşam saatlarında Goranboy rayonunda mərkəzi xəstəxananın sabiq baş həkimi Faiq Abdullayev intihar edib. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, keçmiş baş həkim özünü xəstəxananın üçüncü mərtəbəsindən atıb. Faiq Abdullayev elə hadisə yerində keçinib.
Mənbənin sözlərinə görə, rayonda sabiq baş həkimi intihara Goranboyun icra başçısı Nizaməddin Quliyevin vadar etdiyi barədə xəbərlər yayılıb. Məsələ burasındadır ki, bir neçə ay əvvəl vəzifəsindən kənarlaşdırılan Faiq Abdullayevi icra başçısı təhdid edirmiş. Bir müddət əvvəl rayon icra hakimiyyətinə çağırılan Faiq Abdullayevə bildirilib ki, xəstəxananın təmirinə kömək etməlidir. Çünki onun vaxtında xeyli yeyintilərə yol verilib. Sabiq baş həkim bununla razılaşmayıb. Faiq Abdullayevin yaxınlarının sözlərinə görə, həmin vaxt icra başçısı onu həbs etdirməklə hədələyib.
İntihardan əvvəl isə sabiq baş həkim mobil telefonla kiminləsə danışıb. Həmin vaxt Abdullayevin yanında olmuş tibb bacısının mərhumun yaxınlarına bildirdiyinə görə, sözügedən zəngdən sonra o, “mən artıq bezdim” deyərək, özünü üçüncü mərtəbədən atıb.
İntihardan dərhal sonra hadisə yerinə Hizaməddin Quliyev və onun birinci müavini Baxış Abdullayev də gəlib. Bu zaman mərhumun qohumlarıyla onların arasında insident yaşanıb. Faiq Abdullayevin yaxınları icra başçısı və müavinini sabiq sabiq baş həkimin ölümündə ittiham edərək, onları hadisə yerindən qovublar. Yalnız polisin müdaxiləsindən sonra ara nisbətən sakitləşib.
Hadisə yerində polis və prokurorluqla yanaşı, MTN-in yerli bölməsinin də əməkdaşları olub.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.
Mərhumun yaxınları icra başçısından hüquq-mühafizə orqanlarına, eləcə də Prezident Administrasiyasına şikayət etmək niyyətindədir.

 

Aytən