Deputat lham Əliyevi saymır

Ərəstun Cavadov vətəndaşın pulunu mənimsəməklə yanaşı, univermaqda icarə haqlarını artırıb

 

“Mərkəzi Univermaq”ın icarədarları “Azadlıq”a müraciət edib. Onların sözlərinə görə, Ilham Əliyevin korrupsiyaya qarşı mübarizə ilə bağlı səsləndirdiyi bəyanatdan sonra univermağın sahibi, deputat Ərəstun Cavadov icarə haqlarını artırıb. Icarədarlar bildirir ki, deputat həmçinin icarədarların işinə qanunsuz müdaxilələr edir. “Biz artıq deputatın qanunsuz əməllərindən bezmişik”,- deyə icarədarlar vurğulayıb.  
Yeri gəlmişkən, deputat Ərəstun Cavadov vaxtilə “Modalar Atelyesi”nin müdiri işləmiş Hidayət Abbasovun pulunu mənimsəyib. Bu barədə “Azadlıq”a Hidayət Abbasovun özü məlumat verib. Onun sözlərinə görə, özəlləşmə zamanı Ərəstun Cavadov Mərkəzin Univermağın nəzdində fəaliyyət göstərən “Modalar Atelyesi”ni də ələ keçirmək istəyib. Bu məqsədlə o, əvvəlcə Hidayət Abbasovu ixtisar adı altında işdən çıxarıb. Daha sonra kollektivi də nəzərə almayan Ərəstun Cavadov atelyeni özəlləşdirib.
Hidayət Abbasov deyir ki, işdən çıxarılandan sonra Ərəstun Cavadov atelyedə ona biçici vəzifəsi təklif edib. Deputat bununla Hidayət Abbasovu sakitləşdirməyə çalışıb. Hidayət Abbasov da işsiz qalmamaq üçün müvəqqəti olaraq təkliflə razılaşıb. Iki-üç ay atelyedə biçici işləyən Hidayət Abbasov bu müddət ərzində dəfələrlə Ərəstun Cavadovun təzyiqləri ilə üzləşib: “Mənim üstümə adamlar göndərirdi, işimə mane olurdu. Başa düşdüm ki, burada işləməyimi istəmir. Çünki özəlləşdirmə məsələsində iddialı olduğumu bilirdi”.
Bundan başqa Ərəstun Cavadov Hidayət Abbasovu aldadaraq 3300 dollar pulunu və 11 özəlləşdirmə çekini mənimsəyib: “Uzun müddət Mərkəzi Univermağın parça satışı şöbəsində işləyən oğlumun özəlləşdirmə zamanı həmin işini itirməməsi üçün Ərəstun Cavadova 2500 dollar pul və 11 özəlləşdirmə çeki verdim. Həmin dövrlərdə özəlləşdirmə çekinin birinin dəyəri 100-150 dollar civarında idi. Ərəstun Cavadov həmin çeklərin yalnız birini bizim adımıza yazdı. Dedi ki, narazılıq etsəniz ikinizi də işdən çıxaracam. O zaman mən ”Modalar Atelyesi”ndə işləyirdim. 800 dollar isə oğlumun işlədiyi parça satışı şöbəsinin mebelinə vermişəm. Lakin sonradan Ərəstun Cavadovun təzyiqləri nəticəsində oğlum işini itirməyə məcbur oldu. Beləliklə də Ərəstun Cavadov faktiki olaraq müdiri olduğum “Modalar Atelyesi”ni və 3300 dollar pulumu və 11 çekimi mənimsədi. Çoxsaylı şikayətlərimdən sonra mənə təxminən 10 min dollara yaxın borcu olan Ərəstun Cavadov bu pulun 3000 dollarını qaytardı. 7000 dolları hələ də ala bilmirəm. Bu adam özünü ölkənin rəhbəri kimi aparır. Ilham Əliyevi, Ramiz Mehdiyevi saymır. Lakin buna baxmayaraq mən sona qədər mübarizə apararaq pulumu almağa çalışacağam”.
Hidayət Abbasov deyir ki, deputat onun pulunu qaytarmasa Mərkəzi Univermağın Qarşısında müxtəlif formada aksiyalara başlayacaq: “Mən həmçinin növbəti dəfə müvafiq orqanlara müraciət edəcəm. Ilham Əliyev korrupsiyaya qarşı mübarizə apardığını bəyan edib. Buyursun, bu məsələdə korrupsiya da, rüşvət faktı da var”.

 

İnformasiya şöbəsi