Cavid Qurbanova rəqibindən sərt mesajlar

İmamverdi Cəfərov: «Zaman yetişəcək Cavid Qurbanov kimi allahlıq iddiasında olanlar xalqın qəzəbinə gələcək və onda bu adamlar üçün əfv diləmək gec olacaq»

 

“Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun qanunsuz əməlləri ilə bağlı mətbuatda dəfələrlə yazılıb. Onun yol, keçid, körpü tikintilərində nəqliyyat naziri Ziya Məmmədovla birgə dövlət vəsaitlərini mənimsəməsi də daim mətbuatın əsas mövzusu olub. Bu gün Cavid Qurbanov korrupsiya yolu ilə mənimsədiyi pulların hesabına hakimiyyətdə ən iri oliqarxlardan birinə çevrilib.
Yeri gəlmişkən, 2010- cu ildə keçirilən parlament seçkilərində Cavid Qurbanovun rəqibi olmuş, onunla sona qədər mübarizə aparmış və bu gün də mübarizəsini davam etdirən, Ictimai Palatanın üzvü Imamverdi Cəfərov da vaxtaşırı mətbuatda “Azəryolservis” şefinin korrupsiya əməlləri barədə ilginc açıqlamalar verib. Hətta o, iki dəfə bu məsələ ilə bağlı dövlət başçısı Ilham Əliyevə  müraciət edib.
“Azadlıq” qəzetinə daxil olan məlumatlara görə, Imamverdi Cəfərov yenidən Ilham Əliyevə müraciət ünvanlanmaq niyyətindədir. Müraciətdə Cavid Qurbanovla bağlı şok effekti yaradan məlumatların yer aldığı bildirilir. Xəbəri dəqiqləşdirmək üçün Imamverdi Cəfərovun özü ilə əlaqə saxladıq. Lakin Imamverdi Cəfərov “Cavid Qurbanov mövzusu”nun artıq onun üçün bitdiyini söylədi: “Cavid Qurbanov mövzusu artıq mənim üçün heç bir əhəmiyyət daşımır.  Ən azı mən kəlbəcərliyəm, torpağımız işğal olunub. Insanlarımız yurd-yuvalarından didərgin düşüb. Cavid Qurbanovun babası Aşıq Şəmşir Azərbaycanın el sənətkarıdır. Atası Qəmbər müəllim Kəlbəcərin ən hörmətli və nüfuzlu ağsaqallarındandır. Təəssüf ki, elə bir nəslin nümayəndəsinin adı qara işlərdə hallanır. Istərdim ki, Cavid Qurbanovun adı ziyalılar sırasına daxil olsun. Lakin çox heyif, o, bunu bacarmayıb”.
Imamverdi Cəfərov seçki zamanı Cavid Qurbanovun qanunsuz əməllərinə diqqət çəkdi: “Baxın, o, dövlətdən mənimsədiyi  pulların hesabına seçki vaxtı qeydə alınmış namizədləri, seçiciləri ələ aldı, onları mənə qarşı qoymağa cəhd etdi. O elə bilirdi ki, hər bir adamı pulla əyə, sındıra bilər. Lakin mən ona göstərdim ki, pul çox şey olsa da, hər şey deyil. Cəmiyyətdə hörmət, nüfuz sahibi olmaq üçün əsl insan olmaq gərəkdir. Insanlara yuxarıdan aşağı baxmaq, onları əzmək, heysiyyatı ilə oynamaq lazım deyil. Heç kim özünü Allah kimi aparmamalıdır. Cavid Qurbanov mən həmyerlisini neçə illərdir ki, əzir amma sındıra bilmir. Sıravi, kasıb bir həmyerlimin mənə ağır bir zərbəsi dəysəydi, bunu ictimailəşdirməzdim, onu bağışlayardım. Amma Cavid Qurbanov kimi puluna güvənib harınlaşmış insanları bağışlamaq mümkün deyil”.
Müsahibimizin sözlərinə görə, “Azəryolservis” şefi kəlbəcərliləri girovluğunda saxlayır: “Mən seçkilərdə bunun şahidi oldum. Təsəvvür edin, namizədliyimi irəli sürəndə Dairə Seçki Komissiyasının sədri Adil Murtuzayev mənə dedi ki, Cavid Qurbanovun namizəd olduğu dairədən seçki prosesinə qatılanlara düşmən kimi baxırlar. Seçicilər də Cavid Qurbanovun alternativlərinə səs verməyə ehtiyat edirlər. Mən bu xofu dağıtmaq üçün mübarizəyə atıldım və hesab edirəm ki, müəyyən mənada məqsədimə nail ola bildim. Onu da deyim ki, zaman yetişəcək Cavid Qurbanov kimi allahlıq iddiasında olanlar xalqın qəzəbinə gələcək və onda bu adamlar üçün əfv diləmək gec olacaq. Milli Məclisdə 5 ildə bir dəfə problemlərdən danışmayan Cavid Qurbanov yanına gələn hər bir kəlbəcərliyə mənim haqqımda şər-böhtan deyir. Bəzən mən həmyerlilərimə deyirəm ki, gedin Cavid Qurbanovun yanında məni söyün və bu yolla probleminizi həll edin. Cavid Qurbanov bilsin ki, o, heç bir kəlbəcərlini mənə qarşı qoya bilməz. Onun yanına gedib bəhrələnənlər, sonradan təşəkkür edib, ona nifrəti olduqlarını bildirirlər.
Mən seçki dövründə 50-yə yaxın rayonda oldum. Görüşə getdiyim zaman Cavid Qurbanovun körpülərinin altından keçdim, hər yerdə onun iri tonnajlı “Kraz”, “Kamaz” maşınlarını gördüm. Sadə insanlar mənə deyirdi ki, gör kiminlə mübarizə aparırsan, ona gücün çatarmı? Mən isə cavab verirdim ki, hər şey Allahın əlindədir, ən böyük güc Allahdadır. “Kraz”, “Kamaz”  körpülərindən qorxmaq lazım deyil. Zatən, mənim qorxacaq heç bir şeyim yoxdur. Büdcədən pul yemirəm, biznes fəaliyyətim yoxdur. Cavid Qurbanov ancaq məni şantaj edə bilər ki, bu da keçərli deyil. Çünki mən seçki dövrü ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşavirilə görüşəndə bunu onun diqqətinə çatdırdım. O məndən soruşdu ki, Cavid Qurbanov sənə nə edə bilər. Cavab verdim ki, maşınıma silah qoydura, cibimə narkotik maddə atdıra,   əxlaqsız qadınları üzümə qoya bilər.
Yəni, artıq mən bu məsələni də siyasiləşdirmişəm. Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, Ictimai Palatada kütləvi aksiyaların keçirilməsi müzakirə mövzusu olub. Əgər mitinqlərə  icazə verilsə, mən aksiyalardan birinin Cavid Qurbanovun rəhbəri olduğu qurumun binası qarşısında keçirilməsinə nail olacam”.
Hikmət