Silva Kaputikyan və Zori Balayan Qorbaçovun qəbuluna necə düşmüşdü?
Yandırılan üç azərbaycanlı və ölüm hökmü dəyişdirilən beş erməni
Asif Məmmədovun izahatından:
– Məni Ernest və Rudik möhkəm döydülər. Mən qan içində idim. Həkimə gedib həm yaralarımı sarıtmaq, həm də döyülməyim barədə arayış almaq istədim. Xəstəxanada mənə nə həkim baxdı, nə də arayış verdi. Məni xəstəxanadan qovdular.
Xəlil Məmmədovun ifadəsindən:
– Məni bərk döydülər. 3 saata qədər asfaltda huşsuz vəziyyətdə qalmışdım. Mən Bakıya şikayət edəcəyimi milisə bildirəndə 5 gün dustaq kimi saxladılar və dedilər ki, get evinə, yoxsa pis olar.
Şahid Tamara Kərimova:
– Raçik və başqaları bizi hədələyirdilər. Silahlı idilər. Çıxıb getməyimizi təkid edirdilər. Əks halda öldürəcəklərini deyirdilər.
Simuzər Kərimova:
– Bizim evimizə soxuldular. Onların arasında Çolyanı və “Caqa” ləqəbli Danelyanı tanıyıram. Evdən çıxıb getməyimizi əmr etdilər. Silahlanmışdılar. “Öldürəcəyik”, – deyib hədələyirdilər.
Şahid Mövsumə Quliyeva:
– Bizə şəhərdən getməyimizi əmr etdilər. “Yoxsa öləcəksiniz”, – dedilər.
Stepanakert milisi nəinki istintaqa kömək edir, izini itirmək, müqəssirləri istintaqdan yayındırmaq, sübut-dəlilləri ört-basdır etmək istiqamətində çalışırdı. Istintaq materiallarında qeyd olunur ki, səhərisi gün hadisənin baş verdiyi ərazini mənzil-istismar idarəsinin əməkdaşları təmizləmiş, bir çox əşyayi-dəlillər zibilliyə atmışdılar.
Şahid Xosrov Kərimov:
– Şuşa rayon milis şöbəsindən ezam olunmuşdum. Biz parka çatanda orada 70-dən çox milis var idi.
Şahid Mövsumə Quliyeva:
– Mən gördüm ki, Mövsesyan Beniki Vazgen adlı milis yanına çağırıb ona pistolet verdi. Benik isə dedi: “Məndə silah var, pistoleti Ernestə ver”. Mən bu haqda prokurorluğun müstəntiqinə dedim. Lakin o, mənim izahatımı, sizdən fərqli olaraq, nə yazdı, nə də qol çəkdirdi.
Şahid Yevgeni Pozdnyakov:
– Bizi və “avtozakı” daşlayanlar arasında milis işçiləri də var idi. Lakin onların adlarını çəkə bilmərəm. Mən burada yaşayıram.
Şahid Qəmər Məmmədova:
– Biz Ohanyan Sergeylə bir binada yaşayırdıq. Hadisədən əvvəl Ohanyanın uşağı yoxa çıxdı. Biz də ona qoşulub uşağı axtarmağa başladıq. Sonra uşağı açıq kanalizasiya lükundan tapdıq. Ohanyan Sergey mənə dedi ki, onu milis rəisi Poqosov yanına çağırıb demişdi ki, bizə ərizə yaz ki, uşağı ora Ərşad atıb.
Gecikmiş qərar…
Azərbaycan SSR Asayiş Nazirliyinin 3 iyul 1967-ci il tarixli arayışından: “Stepanakert hadisələrində milis işçiləri düzgün mövqe tutmamış, vəzifə borclarını yerinə yetirməmiş və sayıqlığı itirmişlər. Buna görə də milislərin bəziləri inzibati cəza almış və bir neçə milis işçisi işdən azad olunmuşlar”.
Vəkillərin çıxışları da diqqəti cəlb edir.
Vəkil Benik Movsesyan:
– Məhkəmə olsa da, necə qərar çıxarılmasından asılı olmayaraq səni (Ərşad Məmmədovu) onsuz da öldürəcəyik.
…Ləğv edilən ölüm hökmləri
Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə 19 nəfər erməni haqqında hökm çıxarıldı. Onlardan 5 nəfəri güllələnmə, 2 nəfəri 12-15 il, qalanları isə müxtəlif müddətə azadlıqdan məhrum edildilər. Ermənistan SSR Elmlər Akademiyasının prezidenti Ambarsumyan və digər erməni ziyalıları L.Brejnevə müraciət etdilər. Azərbaycan SSR Ali Məhkəməsinin ölüm hökmləri 15 illik cəza ilə əvəz edildi. Bəziləri vaxtından qabaq azadlığa buraxıldı.
Cinayət işləri üzrə SSRI məhkəmə kollegiyasının qərarı. 4 iyul, 1969-cu il.
Azərbaycan SSR Ali Məhkəməsinin Asribabayan Artyuş Xaçaturova, Danelyan Albert Armenakonoviçə və Movsesyan Benik Nersesoviçə güllələnmə cəzası dəyişdirilib, 15 illə əvəz olunsun.
SSRI Ali Sovetinin qərarı: “19 dekabr 1969-cu il. Oqonov Conrik Andreyeviç və Arakelyan Yermak Nikolayeviç haqqında ölüm hökmü ləğv edilsin və 15 il həbs cəzası ilə əvəzlənsin”.
Sumqayıt 1988-ci il…
…SSRI-nin dövlət kimi çat verməsinin başlanğıcı
“Bu, qiyamdır?”, – XVI Lüdovik Parisdə üsyandan və Bastilayanın alınmasından xəbər tutan kimi hersoq Liankürdən soruşur.
– Yox cənab, bu qiyam deyil, inqilabdır – deyə hersoq cavab verir..
Moskva, 1988-ci il. 29 fevral. Sov.IKP MK Siyasi Bürosunun iclasının stenoqramından:
Qorbaçov:
– Üstlərində silah olsun, amma atəş açmasınlar.
Yazov:
– Silahı gülləsiz verəcəyik. Sonradan ayrıca piyadaların zirehli maşını olacaq. Güllələr burada olacaq.
Qorbaçov:
– Gülləni ayrıca verin.
Yazov:
– Icazə verirsinizsə, mən tapşırıq verim.
Siyasi büro üzvləri:
– Razıyıq.
Anatoli Mostovoy, daxili qoşunların əsgəri:
– SSRI Belovejski qiyamında dağılmadı, orada ölkəni deyil, hakimiyyəti bölüşürdülər, Sovet Ittifaqı Sumqayıtdakı etiraz “məişət şuluqluğu” adlandırılanda çat verdi. SSRI-nin çatlaması niyə Sumqayıtda başladı?
Bizi həyəcan siqnalı ilə qaldırdılar. Avtomat və 20 boş patron verdilər. 4 saatdan çox hərbi aerodromda gözlədik. Heç nə bilmirdik. Birdən kimsə dilləndi: “Azərbaycanda, Sumqayıtda talanlar başlayıb, ölənlər var”. Gizir Çaladze bu missiya ilə Vətən saydığı Qafqaza getmək istəmir. Amma heç nə edə bilmir. Biz daxili qoşunların əlahiddə alayında xidmət edirik. Hər şey milis ağılsızlığından başlamışdı. Erməni milis iki azərbaycanlını öldürmüşdü. Ara qarışmışdı.
Bəs Sumqayıtda 1988-ci il fevralın 27-29-na kimi baş verənlər nə idi? Qiyam, üsyan, yoxsa..
Əliyevin adı niyə hallanırdı?..
Moskva, 1988-ci il, 29 fevral. Sov.IKP MK Siyasi Bürosunun iclasının stenoqramından:
Qorbaçov:
– Yeri gəlmişkən, Yeqor Kuzmiç Liqaçov və Aleksandr Nikolayeviç Yakovlev bilir, mən Kaputikyan və Balayanla söhbət edəndə bu sual ortaya çıxdı. Mixail Sergeyiç, şayiələr gəzir ki, siz Dəmirçiyanı vəzifədən çıxaracaqsınız. Mən onlara bildirdim ki, bu şayiədir, onu təsdiq edə bilmərəm. Balayan o saat söhbətə başladı. Bunu belə tez həyata keçirsəniz, Dəmirçiyandan əzabkeş-qəhrəman düzəldəcəksiniz. Buna yol vermək olmaz. Onların hər ikisi Dəmirçyanı sevmirlər. Dedilər ki, o, haçansa yaxşı işləyib, çox işlər görüb. Son illər yerində sayıb. Mən bəyan etdim ki, biz indi onu işdən çıxarmağa hazırlaşmırıq. Balayan “bu məsələni çox uzatmaq da olmaz”,- dedi.
Bu məsələlərin müzakirəsində Əliyevin adı daha çox hallanır, onun “Qarabağ Azərbaycanın olmuş və həmişə olacaqdır” bəyanatı adamları qıcıqlandırır. Biz öz qərarımızla da bunu təsdiq edirik, amma belə yanlış, başa düşürsünüz, təxribatçı bükümdə təqdim etmirik.
Bəs Silva Kaputikyan və Zori Balayan Qorbaçovun qəbuluna necə düşmüşdü?
Azərbaycan DTK-nın sabiq sədri Vaqif Hüseynov bu suala belə aydınlıq gətirir: “Mixail Sergeyeviç bu gün də Azərbaycanda ”xalqın düşməni” hesab edilir. Azərbaycanda kiminlə söhbət etsəniz deyəcək, Qorbaçov ermənilərin təsirinə düşdü, Dağlıq Qarabağı Azərbaycandan ayırdı. Qorbaçov altdan iş görən usta da olmasa, o, heç də az məna kəsb etməyən günahın sahibidir: qətiyyətsizlik göstərdi, gözləmə mövqeyi tutdu.
Moskva hadisələrə vaxtında qarışsaydı… ekstremistlərin vaxtında əllərinə döymək lazım idi. Bu vaxt onlar qan tökməzdilər. Amma Kreml qəribə bir sevgi nümayiş etdirdi.
Siyasi Büronun üzvü Aleksandr Yakovlevin köməkçisi Mikoyanın ailəsində tərbiyə olunmuşdu. 1988-ci ildə o, S.Kaputikyanı və Z.Balayanı Yakovlevlə görüşdürdü…
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala