Dövlət başçısı: «Sevinmək üçün əsas yoxdur, neftin 100 dollardan çox olan qiyməti böyük problemlər yaradacaq»
Neftin dünya qiymətinin artması heç də müsbət amil deyil, baxmarayaq ki, neft Azərbaycanın gəlirlərinin əsas mənbəyidir. Neftin qiymətinin artması idxal olunan bütün malların qiymətinin artmasına aparır.
Bu barədə dövlət başçısı Ilham Əliyev martın 1-də 2009-2013-cü illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında bildirib. “Indi xarici bazarlarda neftin qiyməti 110 dolları ötüb. Bəziləri Azərbaycanda buna sevinə bilər. Amma burada sevinmək üçün heç bir əsas yoxdur. Neftin 100 dollardan çox olan qiyməti böyük problemlər yaradacaq. O cümlədən bizim üçün də problemlər yarada bilər. Çünki hələ ki, biz müəyyən dərəcədə idxaldan asılıyıq. Neftin bahalaşması istehsal olunan bütün başqa məhsulların bahalaşmasına gətirib çıxaracaq və o məhsul Azərbaycana idxal ediləndə artıq onun qiyməti daha da yüksək olacaq”, – deyə o, bildirib. Ona görə biz öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Lakin prezident bunun necə ediləcəyini deməyib(Turan).