Həsən Kərimov: «Belə bir açıqlama verən ölkə başçısı etiraf etməlidir ki, korrupsiyanın başında özü dayanır»
Antikorrupsiya tədbirlərinə başladığını elan edən hökumət bir-birinin ardınca həyata keçirməli olduğu planlarını açıqlayır. Bunların nə dərəcədə effektli olacağını gələcək göstərəcək. Lakin bilərəkdən, ya bilməyərəkdən artıq müəyyən etiraflar də səslənir. Bu günlərdə ölkə başçısı “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edərək korrupsiya və rüşvətxorluğun böyük bəla və ölkə üçün ləkə olduğunu dilə gətirib.
Prezident bütün sahələrdə şəffaflığın təmin edilməli olduğunu da qeyd edib. Uzun illərdir ölkədə korrupsiya və rüşvətxorluğun baş alıb getdiyi deyilsə də, rəsmilər bunu inkar etməyə çalışırdı. Ölkədə baş verənlərə görə birbaşa məsuliyyət daşıyan prezidentin bu etirafı öz-özlüyündə bu vaxta qədər həqiqəti inkar edənlərə cavabdır. Bəs Ilham Əliyevin rəhbərlik etdiyi ölkəyə korrupsiya ləkəsini kim vurub? Ölkə başçısının gileylənməyə haqqı varmı?
AXCP sədrinin müavini Həsən Kərimov ölkə başçısının fikirlərini etiraf kimi qiymətləndirir: “İlham Əliyev artıq etiraf etdi ki, bu korrupsiyanın başında özü və komandası dayanır. Buna görə İlham Əliyevə təşəkkür etməliyik”.
H.Kərimovun fikrincə, belə bir açıqlama verən ölkə başçısı özündə cəsarət taparaq Azərbaycan xalqının qarşısına çıxmalı və etiraf etməlidir ki, korrupsiyanın başında özü dayanır. Bundan sonra isə istefaya getməlidir.
ADP sədri Sərdar Cəlaloğlu isə rəsmilərin Yaxın Şərqdəki inqilabdan təşvişə düşərək bu cür bəyanatlar verdiyini bildirdi: “Bu üsullarla rejimi qoruyub saxlamaq olmaz. Hələ Lenin rüşvəti sosializmin düşməni elan etmişdi. Ancaq nə qədər mübarizə olsa da, bunun qarşısını ala bilmədilər”.
S.Cəlaloğlunun sözlərinə görə, bu kampaniya Azərbaycanı inqilabdan yayındıra bilməyəcək: “Bu rejimin xeyli əlaməti var. Bunlar korrrupsiya, insan haqlarının pozulması, seçki saxtakarlığı və bu kimi bir çox başqa hallardır. Sistemi təhlil etsək görərik ki, rüşvət onların ən kiçik qüsurudur. Təkcə rüşvəti aradan qaldırmaq onlara gözəllik gətirməyəcək. Ləkələri çox böyükdür”.
Fizzə