Freyd yox, Əliyev tapdı QADINlar nə istəyir

Azərbaycan məmurlarının tərtib etdiyi təqvimlərdə qırmızı rənglənən günlər vətəndaşlara əsəb və gərginlikdən başqa heç nə vermir. Bu qırmızı bayramlar hökumətin millətlə rəsmən məzələndiyi, qanqaraçılıq bəxş etdiyi günlərdir. Ilin on iki ayından ən çox təcavüzə məruz qalan, qızaran, utandığından yerə girmək istəyən MART ayıdır. Sanki vaxtilə rəngsaz işləyən hökumət nümayədənlərindən kimsə əlinə bir vedrə qırmızı boya götürüb, mart ayını rəngləyir. Həmin “rəngsaz” 8 Martın üstündə daha ilhamla işləyir. Axı 8 Mart, rüşvət verib-almaq üçün qıpqırmızı bir bəhanədir. Adı qadınların, dadı məmurların olan bu bayramda əks cinsin nümayəndələri hətta açıq-aşkar hədiyyə istəməkdən çəkinmirlər.

Xüsusilə orta məktəblərdəki kişi direktorlar daha çox fəallıq göstərir: neyləsinlər, bəs hədiyyəni arvadağaya necə alsınlar? Nə qədər həyasız olmalısan ki, Beynəlxalq Qadınlar Gününü ölkə əhli üçün rəsmən bayram elan edəsən. Nə qədər arsız olmalısan ki, bu məmləkətdə özünü QADIN saya biləsən. Bu ölkədə vətəndaşlar nəinki hansı cinsə, hətta hansı canlı aləmə aid olduğunu çoxdan unudub. Qadın aləmini, psixologiyasını otuz il araşdıran, son nəfəsində də “həqiqətdə qadınlar nə istəyir?” deyən Freyd sağ olsaydı, o çətin sualın cavabını Azərbaycan məmurları ona başa salardılar. Bizim məmləkətdə məmurların qanlı əllərini sığallayan qadınlar nəyi sevirsə, ölkədə həmin şeylər “əkilir”: hotellər, şadlıq evləri, gözəllik salonları, parklar, körpülər, idman kompleksləri, xəz-dəri dükanları. …Dünyanın heç bir yerində xəz-dəri geyimlərinə Azərbaycanda olan qədər tələbat yoxdur. Əsl manyaklıqdır: məmur ərlər vətəndaşların dərisini soyub satır, arvadları da həmin para ilə bahalı heyvan xəzlərinə bürünür. Qadın müğənnilər isə super manyakdırlar: xəz almaq üçün paranı heyvan tamaşaçılarından yığırlar. Kim bilir, Elza Seyidcahanın çiyninə atdığı, əyninə geydiyi xəz, onun fanatı olan, bir konsertini də buraxmayan hansısa zavallı heyvanın dərisidir.

Qadınların nə istədiyini daha dəqiq Ilham Əliyev bilir. Elə o səbəbdən də ətrafına yığılan yaşlı qadınlar dağa, körpüyə, qülləyə balaca dəcəl qızlar kimi çıxa bilirlər. Prezidentə bir kəlmə “canım, əzizim, hörmətli” demək yetər ki, dönüb 15-16 yaşlı qız olasan. Qadınlar da cavan qalmaq üçün lap zəhər də içərlər. Prezidentin ətrafında olmayan qadın cinsinə aid olanların isə, deyinməkdən ağızları əyilir, üzləri qırışır. Bu yaxında Xəzər telekanalı Ingiltərədə yaşayan xəstə qız haqqında süjet göstərdi: 8 yaşlı balaca qızcığaz sürətlə qocalıb, 80 yaşına çatmışdı. Nə şok xəbərmiş! Düzgün qidalanıb, normal əylənmədikləri üçün sürətlə qocalan körpələr ölkəmizdə minlərlədir, sadəcə, çəkib göstərməyə cəsarət edən telekanal yoxdur. Yəqin çoxları şahiddir ki, hər il 8 Mart Bayramı münasibətilə kişilər zarafatla bir-birini təbrik edir. Cənablar, zarafat nəyə lazım?! Azərbaycanda 8 Mart Beynəlxalq Qadınlar Günü rəsmən kişilərin adına çoxdan keçməlidir. Qadınlara belə fırıldaq və saxta bayram lazım deyil! Ailə qayğıları, məmləkət dərdləri bolluğundan illərlə güzgü qabağında otura bilməyən, pal-paltarlarını, bəzək əşyalarını hörümçək toru, güvə, toz basan qadınlara bu bayramın nə aidiyyəti var axı? 
Yaxşı olar ki, 8 Martda qadınlar toz başmış sandıqlarının ağzını açıb, fərman imzalayan, təqvimləri rəngləyən əks cinslərə hədiyyələr hazırlasınlar. Iş-güc əlindən başını qaşımağa vaxt tapmayan qadınlar onsuz da hər gecə önlüklə yatıb, önlüklə qalxır. Şəxsən mənim sandığımda bir xeyli qatı açılmayan yaylıqlar, gecə köynəkləri, tor corablar, heç istifadə etmədiyim ətirlər, kosmetikalar və başqa aksesuarlar var. Nəyimizə lazımdır, BIZə yaraşmayan, istifadə olunmayan əşyalar? Hamısını hədiyyə qutusuna yığıb, üstünə də bir dəstə qaratikan qoyub, aparıb verək vəzifə kreslosunda bekarçılıqdan fırlanan yoğun boyunlu, meşin üzlü məmurlara. Qoy geyinib-keçinib, bəzənib-düzənib əylənsinlər. Bəlkə, analoqu olmayan hədiyyələrə başları qarışar, millətin canı bir-iki gün saxta çıxışlardan, qorxulu fərmanlardan qurtular…