Rahim Hacıyev: «ABŞ-da belə qənaətə gəliblər ki, Azərbaycan və Ermənistanda demokratik dəyişikliklər təmin olunduqdan sonra regiondakı problemləri tezliklə həll etmək olar»
Ərəb dünyasını bürüyən inqilab dalğası başqa regionlara, o cümlədən Cənubi Qafqaza da keçə bilər. Qərbin avtoritar rejimlərə münasibətinin dəyişməsi isə proseslərə təkan verir. Artıq Ermənistanda müxalifət etiraz aksiyalarını bərpa edərək hakimiyyətin istefasını tələb edir. Bu arada isə ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç erməniləri hərəkətə keçməyə çağırıb. Ermənistan Dövlət Universitetində mühazirə oxuyan səfir erməni gənclərə məsləhət verib və bildirib ki, tərpəniş olmadan onlar arzuladıqları ölkəni qura bilməyəcəklər. Onun sözlərinə görə, demokratiyanın dərinləşməsi və siyasi dialoqun aparılması dərin və köklü dəyişikliklər, eləcə də islahatlar tələb edir. Səfir erməni gəncləri ayıq olmağa çağırıb. Qeyd edək ki, Mari Yovanoviç 2005-ci ildə, Əsgər Akayevin hakimiyyəti dövründə ABŞ-ın Qırğızıstandakı səfiri olub.
Səfirin bu açıqlaması nədən xəbər verir və yaxın zamanda Ermənistanda hakimiyyət dəyişikliyi baş verə bilərmi? Onu da vurğulamaq lazımdır ki, bir çoxları Qarabağ münaqişəsinin həllini də məhz ölkələrin demokratikləşməsi ilə bağlayır. Belə ki, tərəflərdən hansında demokratikləşmə prosesi daha tez başa çatsa, münaqişə məhz onun xeyrinə həll oluna bilər.
Siyasi ekspert Rahim Hacıyevin fikrincə, Qərb dünyada demokratik dəyərlərin bərqərar olması üçün ciddi səylər göstərir. Yaxın Şərqdəki son hadisələr də göstərir ki, ABŞ bu məsələdə prinsipial mövqedə dayanır.
Ekspertin sözlərinə görə, ABŞ-ın Qafqaz regionuna da ciddi maraq göstərməsinə şübhə yoxdur. Çünki uzun illər ərzində bu regionda demokratik dəyərlərin bərqərar olması üçün ciddi səylər göstərir. Lakin bilavasitə Rusiyada avtoritar rejimin güclü və bu ölkənin regiona böyük təsirinin olması ABŞ-ın imkanlarını xeyli məhdudlaşdırıb.
R.Hacıyevin fikrincə, Azərbaycan və Ermənistandakı avtoritar rejimlər özlərinin mövcudluğunu saxlamaq üçün Qarabağ problemindən sui-istifadə ediblər. Amma artıq elə bir mərhələ çatıb ki, ABŞ birmənalı şəkildə dünyada demokratik prosesləri dəstəkləyir və dünyanın müxtəlif ölkələrində bütün avtoritar rejimləri tarixin arxivinə göndərmək fikrindədir. O baxımdan səfirin Yerevandakı çıxışı ABŞ-ın artıq Qafqazda da ciddi proseslərə start vermək fikrində olduğunu göstərir: “Görünür, ABŞ-da Qafqazdakı vəziyyəti, Rusiyanın bura təsirini ciddi şəkildə götür-qoy ediblər. Artıq onlarda əminlik var ki, bu ölkələrdə demokratik proseslərə dəstək verməklə dəyişikliyə nail olmaq olar. Metyu Brayzanın açıqlamaları da kifayət qədər açıq şəkildə ABŞ-ın mövqeyini ifadə edir. Brayza bildirdi ki, demokratiya olmayan yerdə sabitlik olmur. Deməli, uzunmüddətli sabitliyin olması üçün demokratik islahatlar zəruridir. Ermənistanda səfirin erməni ictimaiyyətinə çox açıq şəkildə mesajlar verməsi də göstərir ki, ABŞ hər iki ölkədə demokratik prosesləri dəstəkləmək, demokratik mövqedə duran insanlara ciddi dəstək vermək fikrindədir. ABŞ-da çox yaxşı başa düşürlər, nə qədər ki, bu ölkələrdə avtoritar rejimlər var, onlarla heç bir ciddi əməkdaşlıq qurmaq mümkün olmayacaq”.
Ekspertin fikrincə, ABŞ-da belə qənaətə gəliblər ki, həm Azərbaycanda, həm də Ermənistanda demokratik dəyişiklikləri təmin etdikdən sonra bu regionda olan problemləri tezliklə həll etmək olar: “Nə qədər ki, Azərbaycanda və Ermənistanda avtoritar rejimlərin başlıca ilhamverici mənbəyi Rusiyadır, o vaxta qədər də Qarabağ məsələsi ilə bağlı hansısa problemlərin həlli mümkün deyil. ABŞ bu amili nəzərə alır”.
Fizzə