Gəlin, ölkəmizi xoşbəxt gələcəyə sürüşdürək!

Dünən möhtərəmimizin Qusardakı kompleksdə qar üstündə sürüşməyinə baxıb xeyli ləzzət aldım. Hiss olunurdu ki, hörmətlimiz bu işlə elə-belə yox, əməlli-başlı, peşəkarcasına məşğuldur. Bu əlamətdar hadisə münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edirəm: daha prezidentimiz ölkəni idarə etməyə vaxt ayıra biləcək, hər qış 4-5 dəfə məzuniyyət götürüb xaricə getməyəcək. Çünki artıq özümüzün xizəkdə sürüşmək üçün yerimiz var. Yoxsa, qalmışdı Isveçrə ilə Bakı arasında, çatdırıb ölkədəki böyük inkişafdan xəbər tuta da bilmirdi.

Görün, ölkə daxilində sürüşməyin nə qədər faydası var: möhtərəmimiz qazandığı vaxt fürsətindən istifadə edib bəyanat verdi. Məlum oldu ki, sən deməyəsən, “əgər biz doğrudan da Azərbaycanı müasir ölkə kimi görmək istəyiriksə və bütün sahələrdə inkişafı görmək istəyiriksə, xoşagəlməz hallara qarşı mütləq ciddi mübarizə aparmalıyıq”.

Nə imiş bu “xoşagəlməz hallar?”. Möhtərəmimiz buna da aydınlıq gətirdi və bizi agah etdi ki, “korrupsiya və rüşvətxorluq böyük bəla, böyük yaradır” və prezidentimiz üçün bu hal “böyük ləkədir”.

Anladınızmı? Möhtərəmimiz rüşvətxorluqdan necə əziyyət çəkdiyini, korrupsiyanın vurduğu yaraları sağaltmaq üçün nələrə əl atdığını, bu ləkə ilə yaşamağın dəhşətli olduğunu 8 illik prezidentliyi dövründə fürsət edib bizə deyə bilməmişdi. Vaxt yoxuydu, axı… Nətəhər desin?

Möhtərəmimiz onu da qeyd etməyi unutmadı ki, ictimaiyyətə müraciətindən sonra təşəkkür və şikayət məktubları Prezident Administrasiyasına axın-axın gəlir. Və qayıtdı ki, “bu canlı bağlantı həmişə olub və olacaqdır!”.

Başa düşdünüz? Möhtərəmimiz xalqın göndərdiyi şikayət məktublarını “canlı bağlantı” hesab edir. Internet əsrində, sosial şəbəkələr dünyasında, televiziyaların at oynatdığı bir dönəmdə məktubu “canlı” adlandırmaq insanın poetik duyğularının nə boyda olmasından soraq vermirmi?

Əlbəttə ki, verir!

Hələ bu “canlı bağlantı”nın davam edəcəyi müjdəsini də möhtərəmimizin şəxsən öz dilindən eşitdik. Doğrudur, Rusiya prezidenti ildə ən azı 4 dəfə xalqın qarşısına çıxıb ölkənin ucqarlarından ünvanlanan sualları 7-8 saat müddətində televiziyanın canlı efirində cavablandırır. Amma Rusiya prezidenti buna vaxt tapa bilər axı! Çünki Medvedev uzağa getməyə və Kremlin həyətindəcə kefi istədiyi qədər sürüşə bilər. Deməli, onun vaxtı daha çox olur!
Allah qoysa, Qusardakı kompleksdən birini Yasamalda tikə bilsək, lap kefə baxacağıq: onda prezidentimizin “canlı bağlantısı” daha sıx-sıx olacaq!
Möhtərəmimiz həm də bildirdi ki, “biz struktur islahatlarından, institusional metodlardan korrupsiyaya, rüşvətxorluğa qarşı istifadə etməliyik”.
Bildiyiniz kimi, “malı, məli” arzu ifadə edir. Bəs, belədə, bir çıxışında dəfələrlə “malı, məli”ni dilə gətirən möhtərəmimiz arzu-istəyini niyə həyata keçirmir? Azərbaycanın “doğrudan da müasir ölkə olmasını” istəməyən ünsürləri Əhmədalı kişi işdən çıxarası deyil ki? Bunu əlbəttə, prezident eləməlidir! Bəs, niyə eləmir? 2004-cü ildən üzü bəri korrupsiyaya qarşı mübarizə haqda sərəncamlar imzalayır, Milli Strategiya təsdiqləyir, bəs, 7 ildi struktur islahatları niyə aparmır? Axı, ona kim və ya nə mane olur?

Təbii ki, vaxt çatışmazlığı!

Təklif edirəm ki, hörmətlimizin müraciətlərini qulaqardına vurmayaq, toplaşıb, Prezident Administrasiyasının arxasında bir qış olimpiya kompleksinin tikintisinə nail olaq! Onda bilirsiz nə olacaq?
Azərbaycan xoşbəxt gələcəyə doğru sürüşəcək…