Füzuli Ələkbərov həbs edilə bilər

Bankomatlardakı videogörüntülər müdhiş maxinasiyaların üstünü açdı

 

Hakimiyyət “antikorrupsiya şousu” çərçivəsində kütləvi həbslər planlaşdırır. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, hakimiyyətin bu qərara gəlməsinin səbəbi bankomatlardakı videogörüntülərə baxış keçirilən zaman müdhiş maxinasiyaların üstünün açılmasıdır. Bəlli olub ki, idarələrin əksəriyyətində xeyli sayda qondarma işçilər var ki, onların adına yazılan əmək haqqı müdirlərin cibinə gedir.
Mənbənin sözlərinə görə, bir çox idarə müdirlərinin qondarma işçilərin maaşlarını bankomatdan çıxarması ilə bağlı videogörüntülər var. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müfəttişləri də ayrı-ayrı vətəndaşların adlarına yazdırdıqları ünvanlı sosial yardımları alarkən bankomatlardakı videokamera onları qeydə alıb. Bu isə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun da məsuliyyətə cəlb edilməsilə bağlı müzakirələrin açılmasına səbəb olub. Mənbə bildirib ki, hakimiyyət hələ ki, kütləvi həbslərə start verməyə tərəddüd edir. Daha doğrusu, kimlərin həbs olunması ilə bağlı müzakirələr aparılır. Siyahı tam müəyyənləşəndən sonra həbslərə başlanılacaq.

 

İnformasiya şöbəsi