Dövlət Neft Şirkəti heç «0» qiymətinə də layiq deyil

Mirvari Qəhrəmanlı: «Şəffaflıqla bağlı «-1» göstəricisi olsaydı, Dövlət Neft Şirkəti bu rəqəmə layiq görülə bilərdi»

 

Beynəlxalq Şəffaflıq Təşkilatı (Transparency International) və Gəlirlərə Nəzarət Institutu (Revenue Watch Institute) son hesabatında göstərib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) antikorrupsiya proqramları barədə ümumiyyətlə, məlumat vermir. Bu baxımdan şəffaflıq göstəricisinə görə Dövlət Neft Şirkəti Rusiyanın “Qazprom” şirkətilə bir sırada “0″ faiz alıb.
Əslində, bu sənəd ARDNŞ-lə bağlı bir sıra gerçəkləri ortaya çıxardı. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, ARDNŞ ona verilən “0″ qiymətinə də layiq deyil. Onun sözlərinə görə, şəffaflıqla bağlı ”-1″ (mənfi bir) göstəricisi olsaydı, Dövlət Neft Şirkəti bu rəqəmə layiq görülə bilərdi.
Ölkədə ARDNŞ qədər informasiya baxımından qapalı ikinci təşkilatın olmadığını deyən hüquq müdafiəçisi bildirdi ki, şirkət 2009-cu ildəki fəaliyyətinə dair hesabatı hələ bu il internet saytına yerləşdirib: “ARDNŞ-in sayta yerləşdirdiyi sənəd hesabatdan daha çox təbliğat materialına oxşayır. Əgər biz bp şirkəti ilə ARDNŞ-in hesabatlarını müqayisə etsək, ortada nə boyda fərqin olduğunu görə bilərik. ARDNŞ-in külli miqdarda maliyyə yatırımları, müxtəlif proyektləri maliyyələşdirməsi barədə heç bir ictimai məlumat yoxdur. ARDNŞ-in bir köməkçi qurumu var – Sosial Inkişaf Idarəsi. Həmin təşkilat ARDNŞ-in əksər maliyyə xərcləmələrində sifarişçi kimi göstərilir”.
Bəzən ARDNŞ-in maliyyəsi hesabına reallaşdırılan bir sıra layihələrin başqa təşkilatların adına çıxıldığını deyən M.Qəhrəmanlı misal olaraq göstərdi ki, Yevlax Tibb Mərkəzinin tikintisinin sifarişçisi Sosial Inkişaf Idarəsi, maliyyələşdirən isə ARDNŞ olsa da, kompleksin açılışını Heydər Əliyev Fondu edib. Hazırda ARDNŞ-in, işçilərinin qayğısına qalmaqdan başqa bütün istiqamətlərə pul xərclədiyini vurğulayan hüquq müdafiəçisi bildirdi ki, təkcə bu il təhlükəsizliyə kifayət qədər riayət edilməməsi ucbatından beş nəfər dünyasını dəyişib. Keçən il bu rəqəm 10 olub: “Azərbaycan vətəndaşı gözünü dikdiyi neft pullarından illərdir ki, bir xeyir görmür. Halbuki, neft müqaviləsi imzalanarkən ona böyük ümidlər bağlanmışdı. Amma ARDNŞ özünə aid olmayan layihələrə pul xərcləyir, ictimaiyyətə də heç bir məlumat vermir”.

 

Xəyal