Sağalmaq istəməyənlərin xəstəxana sevdası

Əslində gözəl oldu. Əlimizə yeni mövzu düşdü. 900 min iş yeri yalanı artıq ikrah və kinayə obyektinə çevrilmişdi. Üstəlik, camaat da bu haqda oxumaqdan və eşitməkdən bezmişdi. Yeni icada ehtiyac vardı. Və…

Və, üstünüzə sağlıq, bizim kral həzrətləri dünən o icada imzasını atdı. Dedi ki, son 6 ildə ölkədə 400 min səhiyyə ocağı açılıb (“Azadlıq” radiosu). Yəni, hər 20 adama bir poliklinika, xəstəxana açıblarmış.

Ilham Əliyevin o sözlərini toyuqlara da oxutmaq lazımdı. Bəlkə utandılar, gündə ikisini yumurtladılar. Yoxsa artıq camaat qayğanaq üzünə həsrətdir. Dünən mən bu sətirləri yazanda məlumat gəldi ki, artıq yumurta 30 qəpiyədək bahalaşıb.

Inanın, mən bu hakimiyyətin heç nəyinə o qədər təəccüblənmirəm: nə iqtidarda qurdla qiyamətədək qalmaq ehtiraslarına, nə pula, mala-mülkə hərisliklərinə, nə tənqidə dözümsüzlüklərinə… Məni bunların ağ yalanları bu qədər rahatca, bu qədər asanca söyləyə bilmələri heyrətləndirir. 400 min səhiyyə ocağı imiş… Yox bir dəvə başı!
Baxın cənablar, ölkədə 30 min həkim var. Orta tibb işçiləri – 60 min nəfər. Hamısı bir yerdə elədi 90 min nəfər. Indi belə çıxır ki, bu 90 minin hərəsi ən azı 5-6 xəstəxanada, poliklinikada çalışır. Daha doğrusu, “belə çıxır” yox, elədir ki var – karusel üsulu bu ölkədə hər yerdədir. Əgər bir tibb bacısı 5-6 yerdə səs verə bilirsə, niyə 5-6 yerdə qan analizi götürə bilməz?

Ya bəlkə əlahəzrət hər rayonda, hər küçədə, hər məhəllədə açdığı Heydər Əliyev heykəllərini, mərkəzlərini, muzeylərini də hesaba qatır, onları da “səhiyyə ocağı” hesab edir?! Əgər belədirsə, söhbət burada tamamdır: şəxsən mən o heykəllərin, muzeylərin, mərkəzlərin tibbi əhəmiyyətini danmıram. Bircə dəfə onlardan birini ziyarət etmək kifayətdir ki, işsizlikdən, pulsuzluqdan sağalasan, şəfa tapasan, orada, hətta şəfanın üstündə adama mandat, fəxri ad, prezident təqaüdü də verirlər.
Mən bunları ironiya ilə yazıram, amma əslində doğrudan da, Ilham Əliyevin “6 ildə 400 min səhiyyə ocağının açıldığı” barədə dediklərini ciddi-ciddi şərh etməyə ehtiyac yoxdur. Özünə seçkilərdə 80-90 faiz səs yazan bir zehniyyət heç vaxt rəqəmlərin məsuliyyətini dərk edə bilməz. Bir daha deyirəm, burada dəhşətli olan sadəcə, belə ağ yalanların rahatca, “of” demədən söylənməsidir.

Biz görmüşük, adam yalan danışanda heç olmasa, dili topuq vurar. Üzü qızarar. Soyuq tər tökər. Amma bunların heç biri baş vermədən necə danışırlar bunlar bu yalanları? Necə bacarırlar bunu? Hələ üstəlik, bu yalanlara inanmağımızı, bu yalanları mədh etməyimizi, sanki həqiqətmiş kimi alqışlamağımızı necə gözləyirlər bizdən?
Mən söhbəti bağlamaq üçün Mikayıl Müşfiqin bir misrasını burada yazmaqdan başqa əlac görmürəm: “Adamın üzündə həya gərəkdir…”
***
Hə, bu arada az qala yazmağı unudacaqdım. Lap deyək ki, 400 min səhiyyə ocağı açdınız. Lap bu ölkədə hərənin əyninə bir ağ xalat geyindirdiniz. Axı məsələ ancaq poliklinikaların, xəstəxanaların sayında deyil.

Məsələ Allah qoymasa, bizi idarə edən zehniyyətin xəstə olmasındadır. Bu xəstə zehniyyət, monarxiyaya, korrupsiyaya yoluxmuş bu xəstə təfəkkür qalınca, ürcah olduğunuz yalan, yaltaqlıq, saxtakarlıq, talançılıq xəstəliklərindən sağalmayınca ölkədə 4 milyon xəstəxana açsanız, kimə nə faydası?
Satqınlıq duyğusu

Bu gün Azərbaycanın gəlib-getmiş ən böyük qəhrəmanlarından biri Elmarın anım günüdür. Onun ölümü, bu ölkədə azadlıq, demokratiya, istiqlal adına nələrinsə hələ də diri qalmasının səbəbkarıdır.

Bu gün Elmar qəbri üstündə yad ediləcək. Mən də orada olmaq istərdim. Amma gedə bilməyəcəm. Gedə bilməyəcəyimə görə də boğazdan yuxarı “Elmar onsuz da hər gün könlümüzdədir” yazıb söhbətdən sıyrılmaq istəmirəm.
Əksinə, çox üzgünəm, çooox… Özümü satılmış, “Şöhrət” ordeni almış, “Qalib gəldi, qalib getdi”ni yazmış, hakimiyyətlə hesablaşmış, amma razılaşmamış kimi hiss edirəm.