Ictimai Palata hakimiyyətə ciddi alternativdir

Bu təşkilatın üzərinə Azərbaycanın tarixi məsuliyyəti düşür

Aqil Səmədbəyli: «Ictimai Palata getdikcə müxalifət düşərgəsinin əsas aparıcı qüvvəsinə çevrilməkdədir»

İctimai Palata (IP) yarandığı gündən bəri hər ötən iclasında fəaliyyətini genişləndirməkdədir. Artıq ölkənin bir çox tanınmış ictimai-siyasi xadimləri IP-də təmsil olunublar. Və hər dəfə də quruma yeni-yeni müraciətlər qəbul olunur. Bu baxımdan, ekspertlərin fikrincə, IP-ni tam olaraq parlamentə alternativ qüvvə kimi qəbul etmək olar. Qurum son toplantısında bir sıra mühüm qərarlar da verib. Bəyan olunub ki, Azərbaycan hakimiyyəti IP-nin islahatlar yolu ilə dəyişiklik təkliflərini qəbul etməzsə, bütün ölkə boyu kütləvi aksiyalara start veriləcək.
IP üzvü Aqil Səmədbəylinin sözlərinə görə, IP yeni-yeni qurulan zaman bəziləri onun ömrünün uzun olmayacağını söyləyirdi. Hətta bəzi ziyalıların bu üzdən quruma üzvlükdə gözləmə mövqeyi seçdiyini deyən A.Səmədbəyli vurğuladı ki, ötən zaman IP-nin vahid və effektiv siyasi orqanizmə çevrilmək qüdrətində olduğunu sübut etdi: “Artıq iki aydan çoxdur ki, Ictimai Palata fəaliyyət göstərməkdədir və bu quruma tanınmış ictimai-siyasi xadimlərin müraciəti davam etməkdədir. Bu isə o deməkdir ki, Ictimai Palata getdikcə müxalifət düşərgəsinin əsas aparıcı qüvvəsinə çevrilməkdədir. Və bu təşkilat nəinki parlamentə, ümumiyyətlə, hakimiyyətə ciddi alternativdir”.
IP-nin hakimiyyətin ölkədə zəruri dəyişikliklərə getməyəcəyi təqdirdə bütün ölkə üzrə aksiyaların keçirilməsinə gəlincə isə, A.Səmədbəyli vurğuladı ki, hakimiyyət dekorativ addımları ilə nə Azərbaycan ictimaiyyətini, nə də beynəlxalq aləmi aldada bilər. Icra hakimiyyətlərinin başçılarının yerinin dəyişdirilməsinin islahat olmadığını deyən A.Səmədbəyli vurğuladı ki, bu üzdən hazırkı dönəmdə IP-nin üzərinə Azərbaycanın tarixi məsuliyyəti düşür: “Ictimai Palatanın üzvlərinin böyük əksəriyyəti çox yaxşı bilirlər ki, bu gün iqtidarda olanların real islahat aparmaq istəyi yoxdur. Və korrupsiyanın aradan qaldırılması istiqamətində heç bir addım atılmayıb. Guya deyirlər ki, yüzlərlə insan işdən çıxarılıb. Sadəcə gömrükdəki səkkiz nəfərin işdən çıxarılmasından başqa digər işdənçıxarmalar haqqında deyilənlərin heç bir əsası yoxdur. Əgər bu adamlar rüşvətə, korrupsiyaya görə işdən azad olunurlarsa, onların adları açıqlanmalıdır. Bu mənada bizim ümidimiz yoxdur ki, hakimiyyət siyasi, iqtisadi islahatlar həyata keçirsin. Ümumiyyətlə, mövcud rejim rüşvət və korrupsiya üzərində qurulub. Ona görə də biz qərar verdik ki, Ictimai Palata regionlarda da təşkilatlansın və bununla paralel olaraq mitinqlərə hazırlığa başlanılsın.

Xəyal