Bəhreyndə parlament mühasirəyə alındı; Oman müxalifəti sultan qarşısında tələb qoydu; Xorvatiyada 20 min insan küçələrə axışdı
Hakimiyyət əleyhinə tiraz aksiyaları Bəhreyndə də keçirilib. Minlərlə etirazçı paytaxt Manamada parlament binasını mühasirəyə alıb. Binanın mühasirəyə alınması nəticəsində parlamentin yuxarı palatasının kralın təyin etdiyi üzvləri parlamentə daxil ola bilməyiblər və dünənə təyin olunmuş iclas baş tutmayıb.
Azadlıq və Demokratiya Uğrunda Hərəkatın liderlərindən olan Hasan Mşaym deyib ki, son iki həftədə baş verən toqquşmalarda 7 nəfər həlak olub. Aksiyalarda məqsəd Bəhreyndə kral hakimiyyətinin devrilməsinə, ya da minimum konstitusiyalı monarxiya rejiminə keçidə nail olmaqdır.
Bəhreynin əsas müxalifət təşkilatı olan Əl-Vəqf Partiyasının deputatları parlamenti boykot ediblər. Partiya təmsilçisi Xəlil əl-Marzukinin sözlərinə görə, kral Xamad ben Isa əl-Xəlifə 5 naziri dəyişməklə manevr edir: “Biz Nazirlər Kabinetinin tam tərkibdə istefaya göndərilməsini və Milli Xilas Hökumətinin qurulmasını tələb edirik”.
Dünən həmçinin Omanın Salala şəhərində mitinq keçirilib. Oman sultanının 6 naziri dəyişməsini və tələbələr üçün güzəştləri artırmasını yetərli saymayan aksiyaçılar geniş islahatlar tələb edir. Omanda fevralın 27-dən qarışıqlıq yaranıb. Siyasi islahatlar tələb edən nümayişçilərlə polis arasında baş verən toqquşmalar zamanı Sohar şəhərində 2 nəfər həlak olub, ən azı 5 nəfər yaralanıb.
Yüzlərlə etirazçı ölkənin ikinci ən böyük Sohar limanını bağlayıblar. Paytaxt Muskatın 200 kilometrliyində yerləşən Sohar şəhərinin əsas yollarını da təhlükəsizlik qüvvələri nəzarətə götürüb.
Şimali Afrika və Orta Şərqdə baş verən inqilab dalğası Avropaya da çatıb. Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, fevralın 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə 20 min insan küçələrə axışıb.
Iqtidar təmsilçilərini korrupsiyaya uğramaqda, hakimiyyətə gələndən sonra varlanmaqda ittiham edən aksiya iştirakçılarının əsas tələbi baş nazirin istefası olub.
Zaqrebdə 300-dən çox avtomobil yandırılıb, onlarla iş mərkəzinin ofisinin şüşələri sındırılıb. Polis aksiyaçılara sərt reaksiya verib. 38 nəfər yaralanıb, onlardan 9-nun vəziyyəti ağırdır. Polis 65 nəfəri saxlayıb.
İnformasiya şöbəsi