Biz müxalifətin birgə mitinqinə tərəfdar idik

Fuad Qəhrəmanlı: “Hazırkı məqamda xalq müxalifətdən məhz ölkədə köklü dəyişikliklərə gətirib çıxaracaq mitinqlərin keçirilməsini gözləyir”

Azərbaycan demokratik qüvvələrinin cəmləşdiyi İctimai Palata ötən həftə mitinqlərə hazırlıqla bağlı qərar verdi. Mitinqin konkret tarixini təyin etmək isə Palatanın Koordinasiya Şurasına həvalə olundu. Lakin bundan dərhal sonra Müsavat Partiyası martın 12-nə mitinq təyin etdi. Özünün də İctimai Palatada təmsil olunduğu və Palatanın mitinqlərlə bağlı qərar verdiyi nəzərə alınanda, Müsavatın atdığı addım sualsız ötüşmür.

 

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Yeni Müsavat” qəzetinin dünənki sayına açıqlamasında bu suala cavab verməyə çalışıb. Onun fikrincə, yaxşı olardı ki, İctimai Palatanın 26 fevral sessiyasında mitinqin məhz 12 martda keçirilməsinə qərar verilərdi: “12 martda kütləvi aksiya keçirmək təklifini mən irəli sürmüşdüm. Çıxış edənlərin əksəriyyəti, o cümlədən AXCP-dən olan bəzi İctimai Palata üzvləri martın 12-də kütləvi aksiya keçirmək təklifini dəstəklədilər. İctimai Palata üzvlərinin əksəriyyəti belə bir qərar qəbul olunmasının tərəfdarı idi. Təəssüf ki, 12 martda mitinq keçirilməsi təklifi ümumiyyətlə səsə qoyulmadı. İştirakçıların əksəriyyəti üçün anlaşılmayan şəkildə bir səsvermə keçirildi”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə İctimai Palatadakı müzakirələrlə bağlı fərqli məlumatlar verir. Qəhrəmanlı deyib ki, İctimai Palatanın son toplantısında mitinqlərlə bağlı müzakirələr zamanı aksiyaların reallaşması ilə əlaqədar heç bir fikir ayrılığı yaşanmamışdı. Sadəcə, mitinqlərin keçirilmə vaxtı ilə bağlı müxtəlif yanaşmalar olmuşdu: “AXCP o mövqedə olub ki, növbəti mitinqlər demokratik qüvvələrin cəmiyyətə mövcudluğunu sübut etmək üçün reallaşdırılmamalıdır. Nəzərə almaq lazımdır ki, Yaxın Şərq ölkələrində, Şimali  Afrikada baş verən proseslər Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Dinc, kütləvi aksiyalar yolu ilə cəmiyyətdə dəyişikliyə olan inamı artırıb. Belə bir məqamda xalq müxalifətdən məhz ölkədə köklü dəyişikliklərə gətirib çıxaracaq mitinqlərin keçirilməsini gözləyir. Yəni müxalifətdən əvvələr keçirilən mitinqlərə oxşar aksiyalar gözlənilmir. Əksinə aksiyaların yaxşı hazırlanmaması, cəmiyyətin bütün spektrinin bu prosesdə iştirak etməməsi insanlarda dəyişikliklərə olan ümidi zəiflədə bilər. Ona görə də belə bir mövqe üstünlük təşkil etdi ki, aksiyalara daha ciddi şəkildə hazırlıq görülsün. Bununla bağlı qərar da Palatada səsvermə yolu ilə qəbul olundu”.
F.Qəhrəmanlının sözlərinə görə, Palatada çoxluq mitinqlərə güclü hazırlaşmağın daha məqbul olduğunu dəstəkləyib”.
F.Qəhrəmanlı bildirib ki, ikinci təklif A.Hacılıdan gəlib. O, birgə aksiyanı martın 5-nə təyin etməyi təklif edib. Amma bu təklif ümumi səsvermədə qəbul olunmayıb: “Həmin təklif Arif bəyin açıqlamasının əksinə olaraq İctimai Palatada səsə qoyuldu. Təklifə yalnız beş nəfər səs verdi. İndi Arif bəy deyir ki, təklifi səsə qoyulmadı, amma bütün mediya mənsublarının iştirakı ilə keçirilən səsvermədə Arif bəyin təklifi beş səs qazandığından keçmədi”.
AXCP-nin son Rəyasət Heyətində mitinqlərə başlamağın geniş müzakirə olunduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, aksiyaların keçirilməsi ilə bağlı başlanılan hazırlıq prosesi tezliklə yekunlaşdırılsın. F.Qəhrəmanlı bildirdi ki, məhz bu hazırlıq prosesi başa çatdıqdan sonra mitinqlərin konkret vaxtı ilə bağlı İctimai Palataya müraciət olunacaq: “Biz ondan narahatıq ki, bu aksiyalar bir partiyanın təşkilatçılığı ilə keçirilərsə həm istənilən kütləviliyi, həm də müxalifətin birliyini  ifadə etməz. Halbuki cəmiyyət müxalifətdən həm birgə, həm də daha kütləvi aksiya gözləyir. Ona görə AXCP öz fəaliyyətini İctimai Palata ilə sinxron şəkildə davam etdirməyi məqsədəuyğun sayır”.

Xəyal