Doğrusu, mən müxalifətin birlik potensialını daha yüksək qiymətləndirirdim. Bununla bağlı böyük ümidlər də verilirdi. Parlament seçkisi ərəfəsində, elə ondan bir az sonra da inteqrasiya ilə bağlı vədlər səsləndirilirdi. Amma indi məlum olur ki, Ictimai Palata ilə kifayətlənmək lazım gələcək. Olsun. Bunun özü də nəticədir. Bilirsiniz, əsas müxalifətin səylərini əlaqələndirmək, birgə əməkdaşlığa nail olmaqdır. Əgər bu, Ictimai Palata çərçivəsində mümkünsə, daha nə problem?.. Problem var, amma o, Ictimai Palatada və ya başqa bir birlikdə deyil. Problem ondadır ki, aşağıdan təşəbbüs yoxdur. Nə baş verir? Azərbaycanda fəal insanlar var. Hansı birlik yaradılırsa, onları orada görür və səsini eşidirik. Amma yeniləri yoxdur, aşağılardan təşəbbüs sezilmir. Bir problem də ondadır ki, biz təşkilatların ancaq yuxarı lojalarını formalaşdıra bilirik, “aşağı”larla işləmirik, təşkilat o vaxt güclü olur ki, o, aşağıdan, necə deyərlər, lap bünövrədən formalaşmağa başlayır. Əvvəllər təşkilatın yuxarı hissəsində təmsil olunmaq meyarları vardı, sən hansısa özəyi təmsil etməli idin. Ona görə də özək yaratmaq üçün bir stimul vardı. Indi bu stimul bütün itirilib, hamı, ingilislər demişkən, özünü “daşıyır”, hara səsləyirlərsə, özünü ora təklif edir, arxasınca da heç kim gəlmir. Bunun bir səbəbi əks-əlaqənin olmaması, “aşağı”dan təşəbbüsün yoxluğudursa, digər səbəbi də “aşağı” ilə işləməməkdir. Hər bir məsələdə qrup liderləri və fokus qrupları olmalıdır. Qrup liderləri müəyyən etdikləri fokus qruplarını da hərəkətə gətirməlidirlər. Tunis, Misir hadisələri nə göstərdi? Məlum oldu ki, güclü bir müxalifət çətiri olmadan da etiraz etmək, hətta qalib gəlmək mümkündür. Təbii ki, bu axıra qədər belə olmaz, hansısa mərhələdə güclü liderlər olmalıdır, çünki birbaşa demokratiya həmişə nümayəndəli demokratiya ilə əvəz olunur. Amma ilkin mərhələdə bunsuz da keçinmək mümkündür. Prinsipcə, hər bir şey də seçki kampaniyasının gedişindən asılıdır, seçki nə qədər yaxşı olsa, seçim də bir o qədər optimal olur, hətta prosesin gedişində əvvəlcədən nəzərdə olmayan seçki liderləri meydana çıxır. Bu baxımdan mən Tunisdə və Misirdə prosesi bitmiş saymıram, siyasi imtahan hələ qabaqdadır, çünki biz Ukraynanı, Qırğızıstanı görmüşük. Indi Ukraynada yaşayan insanlar gileylə deyirlər ki, Yuşşenko bütün ümidləri puç etdi. Doğrudan da, bu adam heç nə etmədi və növbəti seçkini biabırçı nəticə ilə başa vurdu. Belə məlum oldu ki, bu adam hətta özünün siyasi reytinqindən də xəbərsizdir. Bu, bir dərsdir, inqilab baş verdi, seçki uduldu, amma yaxşılığa doğru nəticə olmadığından insanlar bir daha geri qayıtmalı oldular. Bəs Qırğızıstanda nə baş verdi? Inqilab etdilər, amma seçkiyə bir maraq göstərmədiklərindən, seçkidə fəal olmadıqlarından əvvəlki adamlar yenə də hakimiyyətdə qaldılar. Ona görə bir də qeyd edirəm ki, Tunisdə və Misirdə prosesləri bitmiş hesab etmək olmaz.
Əks-rabitə olmasa…
Rus “narodovolçu”larının bir şüarı vardı: xalq üçün xalqsız! Hə, əks-rabitə olmayanda bizim də davranışımız elə onlarınkına bənzəyir. Təbii, prosesləri proqnozlaşdırmağa çalışmaq, bütün inkişaf variantlarını nəzərə almaq çox vacibdir, ən azı bir “iks günü”ndə məəttəl qalmamaq üçün. Lakin proseslər bir qədər fəal müdaxilə istəyir. Siyasi situasiyanın özü də elə-belə, asanca formalaşmır, passiv narazılığın aktiv dinamikaya keçməsi – müxalifətin işi də bu olmalıdır. Bunun üçün isə yazının əvvəlində qeyd etdiyim əks-rabitə mexanizminə ehtiyac var: müxalifət-cəmiyyət-müxalifət! Indi belə rabitə tamam yox dərəcəsindədir və nə qədər o, bərpa olunmayacaq, o vaxtacan dəyişiklik baş verməyəcək.
Işə konkret məzmun verilməsə…
Prosesdə bir konkretlik olmalıdır. Bunun üçün isə tələblərə real bir məzmun vermək lazımdır. Biz nəyi tənqid edirik və nəyin dəyişməsinə çalışırıq? Hər bir mərhələdə bu, aydın olmalıdır. Burada qeyri-adi yenilik yoxdur, sadəcə hər dəfə bunu unuduruq, ona görə də mübarizəmiz, belə demək mümkünsə, amorf təsir bağışlayır.