Bilirəm, artıq Mübarək mövzusu aktuallığını itirib. Indi günün mövzusu Qəddafidir. Bu adam proqnozlaşdırıldığından da artıq ipləmə çıxdı. Qana doymur. Qandan doymaq bilmir. Amma nə edir etsin, xeyri yoxdu, gedəcək. Sadəcə, qaldığı hər saat, hər saniyə günahlarının, cinayətlərinin, şərəfsizliklərinin üzərinə yenisini əlavə edir.
Və bununla da bizim işimizi asanlaşdırır. Xalqdan qopmuş, ailə-tayfa dəyərləri üzərində bərqərar olan rejimlərin nə qədər təhlükəli, nə qədər qorxunc, nə qədər iyrənc olduğunu gözlər önünə sərmək üçün arqumentlərimizi artırır, gücləndirir.
Bununla belə, mən yenidən Mübarək mövzusuna qayıtmaq istəyirəm. Hər halda o, Qəddafi deyildi, pis-yaxşı bir siyasi zəkası vardı və elə bu da ona hakimiyyətdən getməmək üçün Qəddafi qədər qəddar olmamağa, Qəddafi qədər qan tökməməyə yetdi. Əslində Misirdə üsyanın ilk həftəsindən sonra Mübarək taleyi ilə barışmışdı, xalqın nifrət və qəzəb selinin qarşısında dayana bilməyəcəyini anlamışdı, sadəcə, taxtdan siyasi yolla uzaqlaşmaq istəyirdi və buna görə bir neçə dəfə xalqdan aman dilədi. Əvvəlcə inqilabçı kütlədən sentyabrda keçiriləcək prezident seçkilərinə qədər vaxt istədi. Seçkilərdə hakimiyyəti yeni rəhbərliyə ötürməyə hazır olduğunu bildirdi. Amma xalqdan “yox” cavabı aldı. Misirlilər onun yalan və korrupsiya üzərində qurulmuş hakimiyyətinə daha artıq dözmək fikrində deyildi.
Işi belə görən Mübarək bu dəfə erkən seçki təşəbbüsünü irəli sürdü. Məqsədi aydın idi: tarixə bir inqilabla devrilmiş, iqtidardan qovulmuş firon kimi yox, demokratik seçkidə uduzmuş, xalqın iradəsinə sayğı göstərərək hakimiyyətdən getmiş siyasətçi kimi düşmək! Ancaq xalq diktatorun bu arzusunu da gözündə qoydu. Və sonda Mübarək layiq olduğu şəkildə – xalqın qəzəb və nifrəti qarşısında ağ bayraq qaldıraraq cəhənnəm olub getdi.
Bu, Misir inqilabının ən ibrətamiz yanlarından biridir. Bəli, xalq qiyamından cəmi bir neçə ay əvvəl parlament seçkisini ən biabırçı şəkildə saxtalaşdıraraq, 30 illik iyrənc, mutant rejimi dövründə Allah bilir, neçənci dəfə xalqın iradəsinə tüpürərək, partiyasını qalib elan edən bir diktator indi seçkilərə çıxış yolu kimi baxırdı. Bir demokratik seçki ilə olan-qalan imicini xilas etməyi düşünürdü. Bütün ömrünü seçkiləri təyinata çevirməkdə keçirən bir diktator üçün indi seçki yeganə xilas yoluna çevrilmişdi. Və xalq haqlı olaraq, ona bu xilas şansını tanımadı, tarixdə daha az lənətlənmək fürsəti vermədi.
Məncə, bu, seçkilərə sırtını dönmüş, seçkini seçki olmaqdan çıxarmış, təyinat vasitəsinə çevirmiş, seçkidən sadəcə demokratiyanı imitasiya aləti kimi yararlanan, xalqın iradəsinə iynə ucu boyda sayğı duymayan, onun səsini bu ölkənin nefti, qazı, qızılı kimi oğurlamağa vərdiş etmiş Əliyevçi rejimə dərs olmalıdır.
Baxın, yaptokrat cənablar, bir gün gələr, siz də illərcə gərəksiz bir şeyə çevirdiyiniz seçkilərə xilas yolu kimi baxarsınız, boğulan saman çöpündən yapışan kimi siz də seçkilərdən yapışmağa çalışarsınız, ondan imdad dilərsiniz, amma artıq gec olar, qarı şey olub qapı bağlanmış olar, iş işdən keçmiş olar, qatar getmiş olar.
Odur ki, “gözü çıxmış qardaş”ınıza baxın, Mübarəkdən dərs alın: ya ağlınızı başınıza yığın, nə qədər gec deyil, bir demokratik seçki ilə hakimiyyəti gerçək sahibinə – xalqa qaytarın, suçunuzu az da olsa yüngülləşdirin, cinayətlərinizin üzərinə yenilərinin əlavə olunmasına izn verməyin, ya da bir gün tıpkı Mübarək kimi siz xalqın ayağına düşüb seçki keçirmək üçün aman diləyəndə, vaxt istəyəndə çox gec olacaq, çooox…
Məndən söyləməsi, sonra çıxıb “deməmişdiniz” deməyin…