XX əsrin qanlı terroru – Xocalı soyqırımı

İnsanlığın öldüyü o gün…

 

Tarixdə insanlığa qarşı işlənmiş elə dəhşətli cinayətlər var ki, əsrlər keçsə də, onların ləkəsi həmin faciələri törədən qatillərin üzərindən silinə bilməz. Körpə, qadın, qoca tanımadan həyata keçirilən belə qanlı soyqırım yalnız bir millətə qarşı deyil, bütünlükdə insanlığa qarşı böyük cinayətdir. 20-ci əsrin sonlarında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən soyqırım da bəşəriyyət tarixinin ən dəhşətli vəhşiliklərindən biri idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları SSRI dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl  fevralın 25-də axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 sakindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. Bu faciə zamanı 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.
7 min əhalisi olan Xocalı Xankəndidən 10 km. cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Ermənilərin Xocalıya əsas maraqları da şəhərin bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.
Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən, avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

 

Planlı qətliamın tarixçəsi

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlamışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başladı. Xocalıya üç istiqamətdən hücum aparıldığından, əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdu ki, bu məkrli hiylə imiş. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. Ikinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olundu. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edildi.
Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 Axıska türkü qalmışdı. Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-də Azərbaycan tərəfinə Xocalı şəhərində və Ağdam yolunda əsir götürülmüş 700-ə qədər Xocalı sakini təhvil verilib. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.
Xocalıya hücumda Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri iştirak etmişdi.
Qaradağlı sakini, hadisələrin şahidi Ilqar Əliyevin açıqlaması: “Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə ”silos” quyusuna töküb, üzərini torpaqladılar. Ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular.
Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndinə gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndiyə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq”.
I.Əliyev Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı sakininin acından öldüyünü vurğulayıb: “Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi”.

Dəhşət mənzərələri

Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu işgəncə və qətliamlar haqda danışıb: “Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər”.
O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər gün döyüldüyünü və işgəncəyə məruz qaldığını deyib: “Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin günə qədər bir dəfə də olsun, xəstəxanaya gəlmədilər.
Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi”.
O.Əliyevin sözlərinə görə, Qaradağlının alınması əməliyyatına və orada baş verən qətliamlara Ermənistanın keçmiş prezidenti Robert Köçəryan rəhbərlik edib. O, bunu Əsgəranda xəstəxanada yatarkən eşitdiyini söyləyib.
Qarabağ hadisələrinin iştirakçısı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:
“Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.
Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır:
“Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə, 1200 meyitin üstündən keçdim.
Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”.

Media nümayəndələrinin söylədikləri

Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdı.
Rori Patriks, jurnalist, “Frant layn nyus” telekompaniyası, Ingiltərə: “Xocalıdakı cinayətkarlığı dünya ictimaiyyətinin gözündə heç nə ilə doğrultmaq olmaz”.
Patriksin sözlərinə görə, jurnalistlərin vertolyotla çətinliklə gələ bildiyi erməni kəndi Naxçıvanikin yaxınlığındakı yerdə o, onlarla eybəcər hala salınmış meyit görüb. Onlar Xocalının müdafiəçiləri deyildi, bu, Azərbaycan şəhərinin dinc əhalisi – qatillərin yaxından güllələdikləri uşaqlar, qadınlar, qocalar idi. Onlar erməni silahlı hissələrinin şiddətli atəşinin arasından keçib Ağdama getmək istəmişlər.
V.Belıx, “Izvestiya” qəzetinin müxbiri: “Vaxtdan-vaxta Ağdama diri girovlara dəyişdirilmiş meyitləri gətirirdilər. Lakin dəhşətli yuxuda da belə şeylər görmək olmaz: oyulub çıxarılmış gözlər, kəsilmiş qulaqlar, dərisi soyulmuş kəllələr, kəsilmiş başlar… Təhqirlərin həddi yoxdur”.
Çingiz Mustafayev (reportyor): “Birinci dəfə biz iki hərbi vertolyotun müşayiəti ilə qırğın yerinə fevralın 27-də gəldik. Havadan demək olar ki, hər yerində tökülüb qalmış meyitlər olan, təxminən 500 metr radiusunda meydança gördük. Təyyarəçilər yerə oturmaqdan qorxurdular, çünki ərazi erməni yaraqlılarının nəzarəti altında idi. Fəqət buna baxmayaraq, biz yerə endik və vertolyotdan çıxanda atəş başlandı. Bizi müşayiət edən milis nəfərləri meyitləri götürməli idilər ki, qohumlarına göndərsinlər. Onlar vertolyota yalnız dörd həlak olmuş adam götürə bildilər. Bundan əlavə, bizim hamımız şok vəziyyətində idik. Bizim adamlardan ikisi bu qədər qətlə yetirilən və eybəcər şəklə salınmış insan cəsədlərini görərək huşunu itirdi. Bütün bünlar martın 28-də biz xarici jurnalistlərlə birlikdə gələndə də vardı. Meyitlərdən çoxu lap eybəcər şəklə salınmış halda idi. Bir neçə sutka ərzində onların üzərində vəhşi əməliyyatlar aparılmışdı…”
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların – Cenevrə Konvensiyası, Ümumdünya Insan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə məhəl qoyulmamasıdır.
Azərbaycan Milli Məclisi fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Xocalı faciəsi – Xatın və Sonqmi qətliamlarının Azərbaycanda daha geniş və dəhşətli təkrarıdır…
Biz bu vəhşilikləri bağışlamayacağıq, onu Allah da bağışlamaz!..

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir