Məhkəməyə getməyən şahidlər hesabına ölüm hokum

1988-ci ilin və günümzün məmur buzluğu…

əvvəli ötən sayımızda

Bakı, 2011-ci il, 24 fevral…

“Park INN” oteli, tanınmış vəkil Aslan Ismayılovun “Sumqayıt: SSRI-nin süqutunun başlanğıcı” kitabının rus, türk və ingilis dillərində təqdimat mərasimi.
Təqdimat mərasimində Belarus, Litva, Latviya, Moldova, Almaniya, Qazaxıstan, Ukrayna və Özbəkistanın Azərbaycandakı səfirləri, Isveçrə, Qətər, Polşa, Türkiyə və Gürcüstan səfirliklərinin isə müşavirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Türkdilli Ölkələrin Parlament Assambleyası da nümayəndəlik səviyyəsində iştirak edirdilər. A.Ismayılovun sözlərinə görə, tədbirə Xarici Işlər, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, eləcə də Diasporla Iş üzrə Dövlət Komitəsi də dəvət olunub: “Mən bunu bilərəkdən etmişdim. Çünki bu hadisələrlə həmin qurumlar bilavasitə məşğul olmalıdılar. Onlar tədbirdən istifadə edərək sözlərini də deyə bilərdilər. Amma çox təəssüf edirəm ki, hər birisinə ayrı-ayrılıqda dəvətnamə göndərsəm də, hətta zəng edərək bir daha yadlarına salsaq da, bir nəfər  nümayəndələri belə gəlmədi”.

İbrahimovun biznes maraqları

Ismayılovun fikrincə, adıçəkilən dövlət qurumlarının ögey münasibətinin başlıca səbəbi həmin sahələrə rəhbərlik edənlərin dövlətçilikdən başqa hər şeylə məşğul olmalarıdır: “Bunların məşğuliyyət sahəsi korrupsiyadır. Əgər ortada hər hansı biznes məsələsi olsaydı, nazir səviyyəsində hamısı iştirak edərdilər. Mən bunu elə-belə demirəm. 2001-ci ildə mən Varşavada oxuyanda mədəniyyət mərkəzi kimi balaca yer tapdım və oradakılarla görüşdüm. Onlar məndən bəzi xahişlər etdilər. Məsləhət bildim ki, sözlərini Diaspora Komitəsinə desinlər. Adını unutduğum, təxminən 40 yaşlı bir nəfər dedi ki, şəxsən komitənin sədri Nazim Ibrahimovun kabinetində olub və Azərbaycan mədəniyyətilə bağlı bəzi materialların həmin mərkəzə aparılmasına köməklik göstərməsini xahiş edib. Ibrahimov isə ona belə cavab verib: ”Sən mənə bu işlərdən danışma, de görüm, uzun illərdir Varşavada yaşayırsan, biz orada nə biznesi qura bilərik?”
Ismayılovun sözlərinə görə, Diaspora Komitəsi biznes qurmaq üçün bir şəraitdir: “O, dövlətçilik üçün işləyən adam deyil. Mən dünyanın çox yerində olmuşam və azərbaycanlılarla görüşmüşəm. Elə bir ölkə yoxdur ki, oradakı azərbaycanlılar həmin komitənin onlara hansısa köməklik göstərdiyini söyləsinlər. Bakıda yanıma Hollandiyadan bir xanım gəlib. Onlar orada Novruz bayramı ilə bağlı bir neçə tədbir keçirmək istəyirlər. O xanım ağlayırdı, deyirdi ki, nə Diasporla Iş üzrə Dövlət Komitəsi, nə də Xarici Işlər Nazirliyi heç bir köməklik etmir”.
Vəkil deyib ki, kitabla bağlı dəfələrlə XIN-də olub: “Kitabın yayılmasında köməklik göstərmələrini xahiş etmişəm. Heç bir iş görmürlər. Keçən il Nyu-Yorkda ”Amerikanın səsi” radiosuna Sumqayıt hadisələri ilə bağlı geniş müsahibə verdim. Bundan başqa, Nyu-Yorkda çap olunan ən böyük rusdilli qəzetdə də müsahibəm gedib. Mən BMT-dəki səfirimiz Aqşin Mehdiyevlə görüşdüm. Onun Sumqayıt hadisələri, ümumiyyətlə, görülən bu işlərlə bağlı anlayışı yoxdur. Məlumatsız adam nə iş görə bilər?”

“Belə adamı bir gün də orada saxlamaq lazım deyil!”

Ismayılov Təhsil Nazirliyindən də gileyləndi: “Şəxsən nazir Misir Mərdanovdan, Bakı Şəhər Təhsil Şöbəsindən də xahiş etmişəm ki, 20-25 yaşlı gənclərin Sumqayıt hadisələrilə bağlı anlayışlarının olub-olmadığını soruşsunlar. Onlar Qriqoryanın kim olduğunu heç eşidiblərmi? Bu haqda heç nə bilmirlər. Mərdanovdan və onun məmurlarından xahiş etmişəm ki, istənilən məktəbdə görüşümü təşkil edin, kitabı paylayım. Bundan başqa, kitabın bəzi hissələrini tədris materiallarına daxil etmək olar. Mən bunu ona görə xahiş etmişəm ki, bizim cavanlar xaricə gedəndə Sumqayıt hadisələri haqda danışa bilsinlər. Heç kim heç nə etmir”.
Onun fikrincə, Mədəniyyət və Turizm Nazirliyi də Sumqayıt hadisələri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə məşğul olmalıdır: “Bu nazirlik də heç bir iş görmək istəmir. Mənim bugünkü hiddətimin həddi-hüdudu yoxdur. Bu gün başa düşdüm ki, bu nazirliklər artıq Prezident Administrasiyasını da saymırlar. Çünki telekanalların tədbirə gəlməsini təşkil edən administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsi idi. Məncə, onlar da adıçəkilən nazirliklərin gəlməsini istərdilər. Hesab edirəm ki, Nazim Ibrahimov kimi adamın Diasporla Iş üzrə Dövlət Komitəsinə rəhbərlik etməsi Azərbaycan dövlətçiliyi üçün bir təhqirdir. Bu fakt kifayətdir ki, onun dövlət tərəfindən ayrılmış maşınına məxsus AA 321 dövlət nömrə-nişanı bir gün ”Mersedes S klass”da, bir gün “BMW 750″də, bir gün ”Bentli”də, bir gün də başqa xarici avtomobildə olur. Bu maşınların ümumi dəyəri isə bir milyon dollardan artıqdır. Soruşan yoxdur ki, bu pullar haradandır? Belə adamı bir gün də orada saxlamaq lazım deyil. Ibrahimov gedib öz biznesi ilə məşğul olsun!”

***

Bakı, 2011-ci il, 24 fevral…

Hörmətli oxucu, bizim sizi nə çaşdırmaq, nə də günahı kiminsə üstünə atmaq fikrimiz var. Bizim sadəcə, tarixin bir məqamını, dərdlərimizin başlanğıc anını sizə təqdim etmək  istəyimiz var. Deyə bilərsiniz ki, Sumqayıt ölkənin ikinci şəhəri, paytaxtın bir addımlığında yerləşən sənaye mərkəzi idi. Bu şəhəri 24 yaşlı Əhməd Əhmədov, yoxsa Ilham Ismayılov, yaxud Yavər Camalov idarə edirdi? Bəlkə kommunist  məmurların güzəştləri ilə onlar yaşayıblar? Nəyə görə 1988-ci ildən üzü bəri Azərbaycana rəhbərlik etmiş şəxslər bir dəfə Əhmədovun və digərlərinin ailələrilə görüşməyib? Heydər Əliyev, haqqında ölüm hökmü çıxarılmış Əhməd Əhmədovun valideynlərini deyil, Təvəkkül Məmmədovu, Xıdır Alovlunu  axtarıb və birini deputat, YAP-ın şəhər təşkilatının sədri, digərini şəhər icra başçısı təyin etmişdi…

“Indi o dünyada Əhməddən halallıq almağa üzüm olacaq”

Natiq Cavadlı, “Bizim yol” qəzetinin əməkdaşı:
– Vəkil Əsədağa Abdullayevdən müsahibə alıb evdən çıxırdım, birdən qolumdan tutdu. Nə yaxşı ki, gəldin, bu 20 ildə məni danışdıran olmamışdı. Əhmədin dərdi içimdə böyük dərdə çevrilmişdi. Onun özünü mərd aparması heç gözüm önündən getmirdi. Indi rahat dünyamı dəyişə bilərəm. O dünyada Əhməddən halallıq almağa üzüm olacaq. Bu görüşdən iki ay sonra Ə.Abdullayev dünyasını dəyişdi.

Rasim Ağayev, politoloq:
– 1989-cu ildə Moskvaya Sov.IKP MK-nın may plenumuna getmişdik. Bu plenumda Heydər Əliyev də iştirak edirdi. Plenum qurtardı, Əbdürrəhman Vəzirov Şevardnadzenin yanına çıxmağı məsləhət gördü. Bu vaxt liftdən Heydər Əliyev düşdü. Bizə Qarabağla bağlı məsləhətlər verdi, daha ciddi tədbirlər görməyə çağırdı. “Görürsünüz, hər şeyi mənim üstümə atırlar” dedi. Mən Heydər Əliyevə 1967-ci il hadisələrini xatırlatdım. Üç azərbaycanlının Stepanakertdə əvvəlcə daşqalaq edilib öldürüldüyünü və sonra dustaq maşınında yandırıldığını dedim.

Sumqayıt, 1988-ci il, 29 fevral…

Gəlin şərhsiz Sumqayıt Şəhər Partiya Komitəsinin büro üzvlərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin siyahısını nəzərdən keçirək:
Cahangir Müslümzadə – Şəhər Partiya Komitəsinin birinci katibi, partiyadan çıxarılıb;
Gözəl Bayramova – ikinci katibi, şiddətli töhmət verilib;
A.Somolazova – katib, şiddətli töhmət verilib;
Təvəkkül Məmmədov – şəhər Icraiyyə Komitəsinin sədri, şiddətli töhmət verilib;
Xəlil Cəfərov – milis şöbəsi rəisinin birinci müvini, partiya sıralarından çıxarılıb.

ardı var

Surxay Hüseynli,
Azər Hüseynbala