Kreml bununla Azərbaycan hakimiyyətini özünə daha sıx bağlamağa çalışır
Sülhəddin Əkbər: «2005-ci ildə Rusiya xüsusi xidmət orqanları Qərbin məqsədinin hakimiyyəti dəyişmək olduğunu dövlət başçısına təlqin etdirə bilmişdi»
WikiLeaks saytı ABŞ-ın Bakıdakı səfirliyindən göndərilən daha iki məxfi diplomatik teleqramı yayıb. Məlum olub ki, Rusiya Azərbaycanı öz tərəfinə çəkmək üçün intensiv diplomatik səylər göstərir. Bu isə regionda Qərbin enerji, hərbi və siyasi mövqelərini xeyli zəiflədir. Bundan başqa, Rusiyanın Azərbaycanı nəzarətində saxlamaq üçün bəzi hiyləgər addımlar atdığı da məlum olub. Rusiya prezidenti Əliyevin stabilliyə çox önəm verdiyini nəzərə alaraq ona göstərmək istəyir ki, Qərb etibarsız tərəfdaşdır. Moskva onu əmin etməyə çalışır ki, Qərbyönümlü kurs və demokratikləşmə xaosa aparır. Sayt yazır ki, E.Dersi qeyd edir ki, Kreml Qərbin keçmiş sovet respublikalarındakı mövqelərini zəiflətmək üçün kəşfiyyat məlumatlarını saxtalaşdırır, əhaliyə dezinformasiya yayır və KIV-ə təsir edərək ölkə başçılarını “rəngli inqilablar”la qorxudur. Bəs görəsən WikiLeaksin Rusiyanın addımları ilə bağlı yaydığı informasiya nə dərəcədə reallığa uyğun ola bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin sözlərinə görə, WikiLeaksin Rusiyanın kəşfiyyat məlumatlarını saxtalaşdıraraq hakimiyyətə dezo ötürməsi barədə deyilənlərdə həqiqət payı var. 2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərini xatırladan S.Əkbər bildirdi ki, o zaman Qərb və ABŞ seçkilərin demokratik keçirilməsinə çalışırdı. Bu istiqamətdə ABŞ-ın həm müxalifət, həm də hakimiyyətlə intensiv danışıqlar apardığını deyən S.Əkbər bildirdi ki, sızan bəzi məlumatlara görə, I.Əliyev seçkilərin normal keçirilməsinə və müxalifətin parlamentdə ciddi təmsilçilik əldə etməsinə razılıq vermişdi: “Bəzi məlumatlara görə, məhz bu məqamda Rusiya kəşfiyyatı oyuna girərək, Qərbin Azərbaycandakı marağının demokratikləşmə yox, onu devirmək olduğunu dövlət başçısına təlqin etdirə bildi. Heç təsadüfi deyil ki, Fərhad Əliyev də o zaman Rusiyanın xüsusi xidmət orqanlarının ötürdüyü informasiyalara əsaslanaraq həbs olundu. Fərhad Əliyevin həbsində Rusiya xüsusi xidmət orqanlarının da iştirak etməsi müəyyən mətləblərə aydınlıq gətirir”.
Hikmət