Gürcüstanda qiymətlər niyə Azərbaycandan ucuzdur?

Qubad Ibadoğlu: «Azərbaycanda rəqabət mühiti olmadığından qiymətləri inhisarçılar diktə edir»

 

Azərbaycanla müqayisədə Gürcüstan bazarında ərzaq məhsullarının qiyməti xeyli ucuzdur. Hər iki ölkə satışa çıxardığı məhsulları demək olar ki, eyni dövlətlərdən idxal edir. Əgər məhsulların çeşidi, keyfiyyəti və onların gətirildiyi ölkələr eynidirsə, qiymətlər arasında bu qədər fərq niyə olmalıdır? Üstəlik Azrəbaycanla Gürcüstan bir regionda yerləşdiyi üçün hər iki ölkənin sərf etdiyi nəqliyyat xərcləri də təxminən eynidir. 
Iqtisadçı Qubad Ibadoğlu da hesab edir ki, mənşə ölkələri, nəqliyyat xərcləri, məhsulun keyfiyyəti eynidirsə, qiymətlər arasında böyük fərqin olması sual doğurur: “Necə olur ki, bir bazarda baha, o birində ucuz satılır? Bunun bir neçə səbəbi var. Təbii ki, bizdə alıcılıq qabiliyyəti Gürcüstanla müqayisədə yüksəkdir. Amma bu, əsas faktor deyil. Əsas faktor odur ki, Azərbaycan gömrüyünə daxil olan ərzaq məhsulları gömrükdən böyük fərqlə çıxır. Gürcüstanda isə daxilolma qiyməti ilə, çıxma qiyməti arasında böyük fərq yoxdur. Azərbaycan bazarına həmin malların gətirilməsi inhisarçı şirkətlər tərəfindən həyata keçirilir. Onlar gömrükdən çıxış qiymətinin üzərinə çox böyük qiymət qoyurlar və məhsulu 2-3 dəfə bahasına topdansatış məntəqələrinə paylayırlar. Rəqabət mühiti olmadığından qiymətləri inhisarçılar diktə edir”.
Q.Ibadoğlu bəzi məhsulların Azərbaycan gömrüyünə hansı qiymətə daxil olduğuna da aydınlıq gətirdi: “Banan Azərbaycan gömrüyünə 43 qəpiyə daxil olur, 60 qəpiyə çıxır. Indi bazarda bananın qiyməti bir neçə dəfə bahadır. Kartof 6 qəpiyə daxil olur, 60 qəpiyə çıxır. Amma bu gün bazarda bir manatdan ucuz kartof almaq olmur. Şəkər tozu gömrüyə 28 qəpiyə daxil olur, amma bazarda 1 manata satılır. Bu məhsulları gətirən şirkətlər bir mərkəzdən idarə olunur. Ona görə də qiyməti özləri müəyyənləşdirirlər. Topdansatış məntəqələri də qiymətin üzərinə bir az qoyub pərakəndə satışa təqdim edirlər. Bütün bunlar qiymətlərin inhisarçılar tərəfindən müəyyənləşdirildiyi üçün yüksək olduğunu göstərir”.

 

Gültəkin