Sumqayıt-63: 7 noyabr «qiyamı»

“Şərəf lövhəsi”nə sıxılmış şərəfsizlik

MK-nın ikinci katibi Yelistratov: «Heç kimə sirr deyil ki, bizim dövlətin düşmənləri var. Bu, bizim aramızda gəzən vlasovçular, millətçilərdir»

əvvəli ötən saylarımızda

Biz bir daha 1963-cü il Sumqayıt hadisələrinə dönməyi qərara aldıq. Ona görə yox ki, sizinlə biz 1988-ci il hadisələrindən yorulduq. Ona görə ki, bizdə sonuncunu günahkar çıxarmaq uzun illərdir vərdişə çevrilib. Bunun nə qədər milli olduğunu müzakirə etmək fikrində deyilik. Amma bir məsələ bizi narahat edir. 1963-cü il Sumqayıt qiyamı, ondan sonrakı tələbə hərəkatları, nəhayət, 1988-ci ilin qanlı olayları son nəticədə əsl günahkarları deyil, üzdə olanları cəzalandırdı. Biz kimin haqlı olduğunu bilirik. Amma çoxluğun bilmədiyi üçün bunları xatırlatmağa borcluyuq. Çünki 1963-cü il hadisələri sadəcə, iğtişaş ola bilməzdi… Bu, Stalinə sevgidən daha çox millətin özünə, kökünə sevgisinin nümayişi idi. 1959-cu ildə Sov. IKP MK Azərbaycanda millətçilik təzahürləri haqqında qərar qəbul etmişdi. Bir çox siyasi liderlərin dediyi kimi, “bu  Şaumyanı az, Nərimanovu çox sevməyin nəticəsi” deyildi. Bu, Azərbaycan dilini dövlət dilinə çevirmək idi. Və nəhayət,  sürgünləri yaşamış müstəqillik mücahidlərinin yenidən meydana atılması, ən azı, qorxunu içindən qovmasıydı. Bu, Xruşşov islahatlarının cəmiyyətə gətirdiyi islahat havasının nəticəsiydi. Hakimiyyətdəkilərin kommunist olmaq istəyini büruzə verməyinin açıq təzahürüydü.
Nəyə görə Şıxəli Qurbanovu Azərbaycan KP MK-da şöbə müdirliyindən çıxaran Axundov üç il sonra onu katib kimi MK-ya gətirmişdi? 1959-cu ildə millətçilik damğası vurulan bir respublikada 1963-cü ildə bu ruhda etirazlar ola bilməzdimi?
Nəyə görə, 1963-cü il Sumqayıt qiyamının arxasında millətçilərin dayandığını yalnız Azərbaycan KP MK-nın ikinci katibi Yelistratov dilə gətirməliydi? Bəs Iman Mustafayev- Mirzə Ibrahimov cütlüyünün ölkədə milli ruhu hakim etmək istəyini insanlar bu tezliklə unuda bilərdilərmi?

***

Sumqayıt, 1963-cü  il…
7 noyabr 1963-cü il etirazları zamanı girov götürülən Sumqayıt milis idarəsinin rəis müavini David Kildaşvilinin müsahibəsindən: “Şəhər əhalisinin əsas hissəsini əvvəllər məhkum olunanlar təşkil edirdi. Bu ərəfədə şəhərə xeyli adam gəlmişdi. Onların bir çoxu sürgündən qayıdanlardı.
Şəhərdə vəziyyət ona görə gərginləşmişdi ki, əhalinin maddi təminatı sahəsində ciddi problemlər vardı – əməkhaqqı aşağı idi, əhali ərzaq məhsulları ilə pis təmin olunurdu. Məhz bu, üstəlik, şəhərin böyük həcmdə kriminallaşması belə ağır vəziyyət yaradır. Əlbəttə, bütün bunlar əks reaksiyaya səbəb olurdu, hətta 7 noyabra qədər Boru Prokat Zavodunun ərazisində fəhlələr oturaq etiraz aksiyası da keçirmişdilər.
Narazılıqlar haqda siqnallar Boru Prokat, Sintez Kauçuk, Superfosfat zavodlarından gəlirdi. Əhalinin narazılığı, meydanda qarışıqlıq ola biləcəyi ilə bağlı xəbərdarlıqlar şəhər rəhbərliyinin nəzərinə çatdırılmışdı”.
Noyabrın 7-də şəhər rəhbərliyi Sumqayıt zəhmətkeşlərinin bayram nümayişinə hazırlaşırdı. Yerlərə lazımi direktivlər də göndərilmişdi. Boru-Prokat Zavodunun 4 min, Kimya Zavodunun 2500 fəhlə və qulluqçusu, 5 min pioner və məktəbli, 400 tibb işçisi, min nəfər isə ticarət və ictimai-iaşə işçisi nümayişdə iştirak etməliydi.
Nümayiş başlayır. Növbə Ağac Emalı Zavodunun əməkçilərinə çatır, transporantlarla bəzədilmiş maşın meydanın ortasında dayanır, bir nəfər maşının üstünə çıxıb Stalinin şəklini başı üzərinə qaldırır – kütlə coşur.

Məqsəd Quliyev – 1963-cü il hadisəlirinin iştirakçısı:
– O vaxt mən 15-ci məhəllədə yataqxanada qalırdım. Stalinin şəxsiyyətinə pərəstiş haqqında XXII qurultayda qərar çıxarılmışdı.
Dəstə qəsəbə tərəfdən gəlirdi, körpünün üstündən – Lenin meydanında heykəlin altından keçirdi. Bu vaxt biz arxadan gəlirdik, Sintez Kauçuk Zavodunun yanında bizi dayandırıb dedilər ki, qarşıda portret çıxarıblar, Xruşşovun portretini daşlayıblar. Asfaltı qoparmışdılar, daş kimi atırdılar.
Şəhər rəhbərliyi tribunadan düşüb partiya komitəsinin binasına keçir. Birinci katib Balakişiyevin Azərbaycan KP MK-nın Rəyasət Heyətindəki çıxışından:
– Saat 10-da nümayiş başladı və saat yarım çəkdi. Saat 12-nin yarısında Ağac Emalı Zavodunun transporatlarla bəzədilmiş maşını dayandı, işçiləri keçdilər. Biz maşını gözləmədik və nümayişi dayandırdıq. Bütün yoldaşlar şəhər partiya komitəsinə qalxdılar. 15 dəqiqə sonra səs-küy eşitdik, pəncərədən baxanda gördük ki, həmin maşının yanına çoxlu adam toplaşıb. Qərara alındı ki, büro üzvləri aşağı düşüb səs-küyün səbəbini öyrənsinlər. Orada əsasən, “huşu üstündə” olmayan adamlar var idi.

***

Nümayiş səhər saat 10-da başladı. Saat 11:30-da 1 nömrəli Tikinti Trestinin transporantlarla bəzədilmiş maşını meydanın ortasında dayanır, fəhlələrdən kimsə Stalinin portretini qaldıraraq, “Yaşasın Stalin, rədd olsun Xruşşov!” deyə qışqırır. Daha bir neçə adam Stalinin portretini qaldırır, maşının üstünə çıxan fəhlələr Xruşşovun və sovet hökumətinin digər rəhbərlərinin portretlərini cırırlar.
Noyabrın 8-də Azərbaycan SSR Ictimai Asayişin Mühafizə naziri Xəlil Məmmədovun Azərbaycan KP MK-ya göndərdiyi məxfi qrifli məktubdan: “Ilkin məlumatlara görə, nümayiş sona çatarkən 1 nömrəli trestin kalonunda kütləvi iğtişaş baş verib. Qayda yaratmaq məqsədilə Sumqayıt şəhərinin hərbi komissarı polkovnik Krol hadisə yerinə gəlib. Adamlar ona hücum edib və döyüblər. Meydanda asayişi qoruyan milis işçilərinə müqavimət göstərilib. Bu zaman şəhər milis şöbəsinin nümayəndəsi David Klidaşvili, milis leytenantı Nəsibov möhkəm döyülüb, zədələnənlər var. Iki vətəndaşın aparıldığını düşünən böyük əhali kütləsi milis şöbəsinin binasına gəlib və guya, tutulan iki vətəndaşın verilməsini tələb ediblər. Onlar şəhər milis şöbəsinin binasına soxularaq növbətçilərə hücum edib, binanın şüşələrini sındırıblar. Şöbənin silahını götürməyə, əvvəllər tutulmuş cinayətkarları azad etməyə cəhd göstəriblər. Görülən tədbirlər nəticəsində saat 14:30-da iğtişaş yatırılıb. Asayişi pozanlardan 40 nəfərə yaxın adam milis şöbəsinə gətirilib. Fakt üzrə istintaq aparılır”.

Hərbi komissarın yaramazlığı…

David Klidaşvili: “Bu tədbir zamanı bir nəfərin – şəhərin hərbi komissarı podpolkovnik Krolun taktiki səhvi nümayişçilərin daha da qızışmasına səbəb olmuşdu. Krol əlində portret olan 1 N-li trestin fəhləsinə lazım olan səviyyədə yaxınlaşmamışdı. Bu yanaşma meydandakıları daha da qızışdırmışdı, nəticədə aləm bir-birinə qarışmışdı.
Bir qədər əvvəl tribunada olanlardan ancaq Sumqayıt Şəhər XDS Icraiyyə Komitəsinin sədri Kamal Axundov meydana gəlməyə cəsarət edir”.
Məqsəd Quliyev: “Birdən fit səsləri eşitdim. Dedilər ki, klubun yanında komsomolun katibi Ağamoğlanovu döyürlər. Biz həmin yerə çatanda hərbi komissar podpolkovnik Krolu döyürdülər. Kütlə bizi şərəf lövhəsinə sıxırdı. Şəhər icraiyyə komitəsinin sədri Axundov və bir neçə milis işçisi də oradaydı. Bu vaxt milis rəisinin müavini Klidaşvilini vurdular”.
David Klidaşvili: “Mən, kütlənin Krolu döydüyü yerdə xəsarət aldım. Komissarı onların əlindən qurtarmaq istəyirdim, elə bir vəziyyət yaranmışdı ki, Krolu az qala öldürəcəkdilər. Mən milis əməkdaşı kimi bütün cəhdləri göstərirdim, bu vaxt sol tərəfimdə dayanan və əlində bayrağın ağacını tutan cavan adam qəflətən məni sifətimdən vurdu. Huşumu itirdiyimdən yerə yıxılmışdım”.
Məqsəd Quliyev: “Birdən kimsə ”uşaqları tutub milisə aparıblar” dedi. Kütlə şəhər milis idarəsinə axışdı. Şöbənin qarşısındakı iki milis motosikletini yandırdılar, bina daş-qalaq edildi”.

ardı var

Surxay Hüseynli,
Azər Hüseynbala