Hazırıqmı?

Dəfələrlə yazmışıq ki, YAP hakimiyyəti bu günəcən vətəndaşları ilə münasibətləri elə bir formada qurub ki, əhali həm korrupsiyadan əziyyət çəksin, həm də özü istəmədən, yaşamaq naminə korrupsiyaya bulaşsın. Bunu təsəvvür eləyəndə adamın matı-qutu quruyur – ölkədə ən sıravi vətəndaşın belə korrupsiyaya bulaşdırılması, qanunsuzluğa ürcah edilməsi.

Sözün açığı, diktaturalar, korrupsioner rejimlər dünyanın hər yerində eynidi, bənzər metodlarla ölkəni idarə eləyir, oxşar vasitələrlə hakimiyyəti əldə saxlayırlar. Lakin Azərbaycanda sınaqdan çıxarılan bu yol bəlkə də dünyada bir ilk sayıla bilər. Çünki diktaturaların mahiyyətində bu var – qanunun diktaturası rejiminin imitasiyası yaradılır və qanunu pozmağa yalnız ən yuxarı eşelona izn verilir. Əvəzində insanlar ya hansısa dövlət işi ilə təmin olunaraq cüzi də olsa maaş alır və bu maaşı itirməməkçün, yəni acından ölməmək, ailəsini yaşada bilmək üçün bəzən əlli il susmaq zorunda qalır. Ya kənd təsərrüfatı sahəsində çalışan əməkçilərə elə bir şərait yaradılır ki, o, əlinin qabarı, alnının təri ilə araya-ərsəyə gətirdiyi məhsulu cüzi bahasına dövlətə, ya da monopolistlərə satmaqla onlardan və yekunda hakimiyyətdən asılı vəziyyətə düşüb mumlamağa məcbur olsun.

Bizdə isə bunlar lap arxa sıralarda gələn susdurma vasitələridi. Hakimiyyət burada özünün bütün cinayətlərinə vətəndaşları şərik eləməklə onlarda azadlığa, insan hüququna, şəffaflığa, demokratiyaya, korrupsiyadan arınmış idarəçiliyə qeyri-şüuri, zorən düşmənçilik yaradıb. Bunun nə olduğunu təxminən belə anlamaq olar – hakimiyyətdə oturub ölkəni talan eləmiş şəxslər öz milyardlarına görə nə qədər həyəcan keçirir, onu əldən verməmək üçün nə qədər inqilablara, islahatlara, cəmiyyətin, idarəçiliyin sağlamlaşdırılmasına nifrət eləyirlərsə, aşağılarda korrupsiyaya bulaşdırılmış xalq da bir o qədər yenilikdən və dolayısıyla qurtuluşdan qorxur. Bax, hamı narazıdı, hamı ölkənin necə talan edildiyini və hansı dəhşətli durumda yaşadığını görür, ancaq səsini çıxarmağa qorxur, sanki özünə qarşı inqilaba qalxacaqmış kimi əndişə keçirir. O, sabah yaranacaq sağlam dövlətdə, rüşvətsiz, korrupsiyasız, tanışlıq keçməyən, qohumbazlıq tanımayan idarəçilikdə necə yaşayacağını təsəvvür eləyə bilmir. Onun üçün dolanışıq mənbəyi yalnız qanunsuz yollarla qurduğu gün-güzərandı. O, rüşvətlə əldə elədiyi sosial yardımlardan, yalançı “pensiya”lardan və rüşvətin sayəsində qanunsuzluqla başa gəlmiş bütün dolanışıq və əldəetmə yollarından məhrum olacağından qorxur. Yeni gələnlərin indikilərdən yaxşı olmayacağından dəm vurur, eyni anda elə bunu da arzulayır. Axı gələnlər indikilərdən yaxşı olarsa, bu onların, yəni xırda, artıq-urtuq korrupsiyaya bulaşdırılmış kütlənin həmin əyri yollarla dövlətdən çırpışdırdıqlarına son verilməsi demək olacaq… 
Beləcə, zülm, haqsızlıq əlindən inləyən, eyni anda o zülmün yaratdığı şəraitlə başını dolandıran Azərbaycan insanı indi sanki seçim qarşısında qalıb. Özünün əldə elədiyi o 3-5 manatlıq saxta dolanışıq vasitələrindən məhrum olmaqla talançı diktaturaya qarşı çıxmaq, ya elə bu minvalla başını aşağı salıb ona atılmış o bir tikənin naminə susmaq?

Insanımız qanuni rejimdə necə yaşayacağını təsəvvür eləyə bilmir. O, rüşvətlə başa gələn saxta müavinətlərsiz necə bala başı saxlayacağını ağlına sığışdırmaqda çətinlik çəkir. Məncə, bu gün hakimiyyəti tənqid eləməklə, onun iç üzünü açmaqla insan kütləsini bu seçimdən üzüağ çıxmağa həvəsləndirmək mümkün deyil. Hər şeyi öz dərisində hiss eləyən xalqın bilmədiyi şey sadəcə sabah necə və hansı yolla yaşayacağıdı. Bunu anlatmayınca, bunu onların təsəvvüründə canlandıra bilməyincə kimsə xalqı ayağa qaldıra bilməz.

Adamlar hara gedəcəklərini bilmək istəyir.