oqtay esedov

Oqtay Əsədov postəliyev dövrünə hazırlaşır

Milli Məclisin sabiq katibi isə futbol oynamağa göndərilib

 

“Azadlıq”ın 5 fevral tarixli sayında “Oqtay Əsədovla Ramiz Mehdiyev arasında ziddiyyət” sərlövhəli yazı getmişdi. Yazıda Milli Məclisin spikeri Oqtay Əsədovla Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev arasında gedən soyuq müharibə haqqında məlumat verilirdi. Bunu təsdiq edən sübutlardan biri kimi, Oqtay Əsədovun keçmiş millət vəkili Nizami Isgəndərovu özünə köməkçi təyin etməsinə Ramiz Mehdiyevin münasibəti göstərilmişdi. Məlumatı verən qaynağın bildirdiyinə görə, Ramiz Mehdiyev iclasların birində Oqtay Əsədovun qarasınca danışaraq deyib: “Biz o adamı seçkidən kənarda qoyduq, siyahıya salmadıq, ancaq parlament sədri gətirib onu özünə köməkçi təyin edir”.
Bu yazıdan sonra redaksiyamıza daxil olan məlumatlar MM sədri ilə PA-nın rəhbəri arasında gedən gizli savaşı bir daha təsdiqləməklə yanaşı, onun getdikcə daha da qızışdığını göstərir. Məlum olur ki, Nizami Isgəndərov məsələsi Oqtay Əsədovun Milli Məclis Aparatında narazılıq yaratmış yeganə kadr problemi deyil.
Milli Məclis katibliyinin rəhbəri Səyyad Əsgərov 2010-cu ilin aprel ayından işdən uzaqlaşdırılıb. O, Oqtay Əsədovla aralarında yaranmış gərginlikdən sonra işdən çıxmaq haqqında ərizə yazmağa məcbur olub. Mənbəmiz məlumat verir ki, bu günədək Səyyad Əsgərovun tutduğu vəzifəyə yeni təyinat olmayıb, amma spikerin köməkçisi vəzifəsinə gətirilmiş Nizami Isgəndərov onun kabinetində oturur.
Verilən məlumata görə, Oqtay Əsədov qarşısına Ilham Əliyevdən sonra hakimiyyətə sahib çıxmağı məqsəd qoymuş qrupla işləyir. Yeri gəlmişkən, həmin mənbənin verdiyi məlumata görə, Oqtay Əsədovla münasibətləri korlanmış   Səyyad Əsgərov qatı YAP-çıdır və 1993-cü ildən bu partiyanın üzvüdür. O, vaxtilə tutduğu vəzifədən istifadə edərək YAP-ın qurulmasının maddi-təşkilati işlərinə ciddi dəstək verib. Hətta 1994-cü ilin 4 oktyabr hadisələrində oğlunu cərrahiyyə stolunun üstündə qoyub Heydər Əliyevin çağırışı ilə PA-nın qabağındakı dəstək mitinqinə qatılıb və həmin gecə oğlu dünyasını dəyişib.
Səyyad Əsgərovun indi nə işlə məşğul olmasını, işdən çıxmağa məcbur edilməsinə mövqeyini öyrənməyə çalışdıq. Ancaq onunla  necə əlaqə yaratmaq haqqında düşünəndə ilk növbədə bunu  Müsavat Deputat Qrupunun üzvləri vasitəsilə etmək ağlımıza gəldi. Bu arada yadımıza düşdü ki, qəzetimizin əməkdaşı Tofiq Yaqublu deputat Arzu Səmədbəylinin köməkçisi və Milli Məclis Aparatının rəsmi işçisi olub. Tofiq bəydən Oqtay Əsədovla Səyyad Əsgərov arasında olan münaqişə haqqında məlumatı olub-olmadığını soruşduq. Tofiq Yaqublunun dediklərindən: “Mən rəsmən Milli Məclis Aparatında çalışsam da, əsas işim deputat və seçicilərlə əlaqəli olduğundan aparat işçilərini o qədər də yaxşı tanımırdım və öz şöbəmizin işçiləri istisna olmaqla, onlarla əlaqəm demək olar ki, olmayıb. Ancaq təsadüfən zəruri hallarda başqa şöbələrlə kontaktım olub. Səyyad müəllimi lap çoxdan tanıyıram. Hələ 90-cı illərin ortalarında mən Əl Oyunları Idman Sarayında müntəzəm olaraq həftədə iki-üç dəfə səhər tezdən voleybol və futbol oynayırdım. Səyyad müəllimi də o vaxtlardan tanıyıram. Orada iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq, futbol və voleybol həvəskarları toplaşıb səhər tezdən, işdən əvvəl sevdikləri oyunun dadını çıxarırdılar. Fasilələrdə meydançanın kənarında, soyunub-geyinmə otaqlarında siyasətdən söz düşürdü, zarafatla bir-birimizə atmacalar atırdıq. Onda Səyyad müəllimin fanatik YAP-çı olduğunu müəyyənləşdirmişdim. Bu adam zarafatla da olsa, YAP-ın ünvanına bir söz deməyə razı olmurdu, o saat sinəsini qabağa verib onu müdafiə edirdi. Əlbəttə ki, çox zəif arqumentlərlə. Sonradan deputat köməkçisi olanda Səyyad müəllimi Milli Məclis Aparatında gördüm. Işimlə əlaqədar bu müddət ərzində ara-sıra MM katibliyində olanda Səyyad müəllimlə təmaslarım olurdu və görürdüm ki, o, yenə də öz çılğın YAP-çı ampluasındadır. Onun Oqtay Əsədovla münasibətlərinin gərgin olduğundan xəbərim olmayıb, heç bunu  bilə də bilməzdim”.
Tofiq Yaqublunun Səyyad Əsgərov haqqında dediklərindən də məlum olur ki, Oqtay Əsədov Milli Məclis Aparatında qatı YAP-çıları, Heydər Əliyev fanatlarını sıxışdırır, bu da PA-nın narazılığına səbəb olur. Mənbəmizin verdiyi məlumata görə, deyilənlər üzdə olanlardır, daha ciddi və dərində olan narazılıqlar var. Əgər proseslər bu tempdə və istiqamətdə gedərsə, PA ilə MM rəhbərliyi arasında ziddiyyətlər açıq müstəviyə keçə bilər.

 

İnformasiya şöbəsi