Bilirsiniz, bu, çox qəribə haldır, adam bir məsələnin təfərrüatlarına varanda elə axtardıqca nəsə yeni bir şey tapır. Jurnalist tayfası da elədir ki, tapdığın ən xırda detalı belə, çalışırsan ki, dərhal oxuculara çatdırasan ki, onlar xəbər tutub agah olsunlar. Mən Şimali Afrikada və Yaxın Şərqdəki proseslərdən ayrıla bilmirəm. Bu proses mənim üçün həm də bir koddur. Bir dəfə yazdım ki, Şimali Afrika və Yaxın Şərqdəki proseslərdən yazanda əslində, özümüzlə bağlı yazırıq. Bunu bir daha təkrar və təsdiq edirəm, bəli, dilim onlardan danışır, ancaq fikrim özümüzdədir.
Bir dəfə oxumuşdum ki, 21-ci əsr futbol və internet əsri olacaq. Bu, mənə çox darıxdırıcı görünmüşdü, az qala, lap ürəyim sıxılacaqdı. Amma indilərdə bunu təbəssümlə xatırlayıram. Təsəvvür edin, indi B.Obama sosial şəbəkə liderlərilə qapalı görüş keçirir. Deməli, onlarla artıq hesablaşmaq lazımdır, siyasətçilər bunu dərk etməyə başlayıblar. Amma yenə də təlaş hissi məni tərk etmir, siyasətçilər nəyisə dərk edəndə həmişə nəsə xoşagəlməz bir şey baş verir. Ümid edək ki, hər şey qaydasında olacaq… Nə isə. Inqilablardan başlamışdım axı…
Cin Şarp kimdir?
Şimali Afrikada və Yaxın Şərqdəki inqilablara təkcə mən qeyri-adi maraq göstərmirəm. Çoxu bunu edir. Hamını da bir sual maraqlandırır: Əcəba, bu, necə baş verdi? Kim idi bu inqilabların ideoloqu? Arayıb-axtarıb tapıblar ki, bu inqilabların qaibanə ideoloqu Cin Şarp adlı bir nəfərdir. O, 83 yaşlı bir politoloqdur, Bostonda yaşayır. Həmin bu politoloq 1993-cü ildə bir kitab yazıb. Adı da “Diktaturadan demokratiyaya doğru”dur. Tez bir zamanda bu kitab “bestseller”ə çevrilib. Təsəvvür edin, həmin kitab Tunisdə və Misirdəki insanların stolüstü kitabıdır. Kitab diktaturaya qarşı zorsuz mübarizəyə həsr olunub. Kitabda qeyri-zorakı mübarizənin 200 metodu göstərilib. Bilmirəm, bəlkə bizdə də kimsə bu kitabla tanışdır, hər halda mənə bu, məlum deyildi. Düzdür, M.Qandinin qeyri-zorakı müqavimət nəzəriyyəsindən, eləcə də bir başqa nəzəriyyələrdən, zorsuz müqavimət üsullarından hamımızın xəbəri vardı. Elə C.Şarp da M.Qandinin baxışlarını ümumiləşdirib, onları analiz və saf-çürük edərək bu kitabı ərsəyə gətirib. Amma hər halda, bunu bir yeni hadisə kimi qəbul etmək olar, çünki siyasi “bestseller”lər çoxdur bu dünyada. Amma hamısı mübarizlərin və fədakarların stolüstü kitabı olmur.
Ümumi bir halda götürəndə mən bilmirəm bizim ictimai – siyasi fəalların stolüstü kitabı varmı? Zənn etmək olardı ki, nə vaxtsa politoloq Z.Bzejinskinin “Böyük şahmat taxtası”, siyasətçi və diplomat H.Kissincerin “Diplomatiya” kitabları bu statusa iddia edib. Amma mən maraqlandım və təəssüf ki, bunu təsdiq edən bir detal tapmadım. Sonra F.Zaxarianın “Azadlığın gələcəyi” kitabı da çıxdı, amma o da bizim mühitdə elə bir rezonans yaratmadı. Əksəriyyətin heç ondan xəbəri olmadı.
Rus dilini itirdik, ingilis dilli də olmadıq
Kitablardan danışdım, dərhal ağlıma bu gəldi. Bəli, rus dilini itirmişik, amma bir çoxumuz hələ də dünya mədəniyyəti ilə rus dilinin sayəsində ünsiyyət qura bilirik. Bunlar daha çox keçmiş, sovet nəslinə aid insanlardır. Gənc və yeniyetmələrin bir çoxu artıq rus dilini bilmir. Onlar ingilis dilli də deyil. Bu dil bizim həyatımızda öz təsdiqini tapsaydı, Bakıda xarici ədəbiyyatın satışı ilə məşğul olan dükan olardı. Məsələn, Moskvada hələ sovet vaxtında belə dükan vardı. Axı nə vaxtsa biz də böyük paytaxt statusuna iddia etməliyik, xüsusən də nəzərə alanda ki, şəhərdə çoxlu əcnəbilər də yaşayır.
Kiçik sözardı
Bəli, mən növbəti hekayəmi bitirmək üzrəyəm. Inqilabın məşəli bu Irana da yol tapsaydı, çox yaxşı olardı. Bilirsiniz, bu rejimin bütün fəsadlarını nəzərə almamaq olar. Insanları təqib edirlər, həbs edirlər, ölümə məhkum edirlər – bunlar məlumdur. Amma bunlar həm də rejissora kino çəkməyi, müğənniyə oxumağı yasaq edirlər. Günəş isitmirsə, torpaq yetişdirmirsə, gözəllik gözə görünmürsə, o, kimə və nəyə lazımdır?! Onlardan ancaq bunu soruşardım. 21-ci əsrin inkvizitorları cavab tapardılarmı? Bilmirəm.