“Bank of Baku” rəhbərliyinə daxil olan şəxslərdən bir neçəsi saxlanılıb
Azərbaycanın ən iri banklarından olan “Bank of Baku”nun rəhbərliyinə daxil olan şəxslərdən bir neçəsi həbs edilib. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, həbslər bir müddət əvvəl “Wikileaks” saytının açıqladığı faktlar əsasında həyata keçirilib. Məlumatlarda həmçinin vurğulanır ki, bankın demək olar ki, bütün filiallarında bu faktlarla bağlı araşdırmalar aparılır. Hüquq-mühafizə orqanları hansısa səbəbdən həbsləri məxfi saxlayır.
“Bank of Baku” əvvəllər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olub. Fərhad Əliyev həbs ediləndən sonra bank nəqliyyat naziri Ziya Məmmədovun idarəçiliyinə verilib.
Bir müddət əvvəl “Wikileaks” saytı ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersinin məxfi teleqramını yaymışdı. Həmin sənəddə Iran pullarının leqallaşdırılmasında “Bank of Baku”nun da adı çəkilirdi.
Bildirilirdi ki, Türkiyə vətəndaşlığı olan Iran azərbaycanlısı Cəmşid Mahmudoğlu “Bank of Baku”nun böyük səhmdarıdır. O, həmçinin Iranın sabiq prezidenti Rəfsancaninin oğlunun iş partnyorudur.
Şəhram Oromi də Türkiyə vətəndaşlığı olan Iran azərbaycanlısıdır. Ticarət şirkəti var, Yaxın və Orta Şərqdə və Rusiyada fəal işləyir. 1995-ci ildən Hyundai-in Azərbaycandakı distribütorudur. Bu yaxınlarda Iran rəhbərliyinin göstərişi ilə səhmlərinin böyük hissəsini “Bank of Baku”ya satıb.
O, iqtisadi inkişaf naziri Fərhad Əliyevin partnyoru olub. Sonuncunun həbsindən sonra onun payı Ziya Məmmədov və Azərbaycan prezidentinin mühafizə xidmətinin rəisi Vaqif Axundov arasında bölünüb.
Sənəddə Iran Inqilab Qvardiyasının generalı Kamal Dərvişin də Ziya Məmmədovla ilişgiləri barədə məlumatlar yer alıb. Bildirilib ki, Dərviş 3 qardaşı ilə birgə 10 ildir ki, Azərbaycanda işləyir. Iranda böyük infrastruktura və özəl yollara malikdir. Nəqliyyat naziri Ziya Məmmədovla əməkdaşlıq edir və onun vasitəsilə Azərbaycanda ən azı 8 yolun (Bakı-Astara, Bakı-Quba və s.) tikintisinə podrat alıb. Bakıdakı Iran mənbələri iddia edirlər ki, Dərvişlər Iran kəşfiyyatı ilə əlaqəlidirlər. Bunun sübutu Dərvişin xarici ölkələrə sərbəst gedib-gəlməsidir, baxmayaraq ki, Inqilab Qvardiyasının zabitlərinə bu, qadağan edilib.
Kamal Dərvişin Ziya Məmmədovla yaxın əlaqələrini nəzərə alsaq, onun da çirkli pullarının “Bank of Baku” vasitəsilə yuyulmasını ehtimal etmək olar.
Mövzunu davam etdirəcəyik.
İnformasiya şöbəsi