Türkiyə prezidenti Əhmədinejaddan Markus Helviq və Yens Koxun azad olunmasını istəyib
Təbrizdəki zindanda saxlanılan iki alman jurnalist – Markus Helviq və Yens Kox fevralın 19-da azadlığa buraxılıb. Alman jurnalistlər ötən il oktyabrın 10-da edama məhkum edilmiş təbrizli qadın Səkinə Məhəmmədi Aştiyaninin oğlu Səccad Qadirzadədən və vəkil Hutən Kiyandan müsahibə almaq istəyəndə tutulmuşdular. Iran hakimiyyəti onları viza rejimini pozmaqda günahlandırırdı.
Iran məhkəməsi jurnalistlərin 20 ay həbsdə saxlanması haqda qərarı ləğv edib və onların hər birinə 50 min dollar cərimə kəsib.
Jurnalistlərin azad olunmasıyla bağlı Türkiyə rəsmi dairələrindən “Azadlıq”a ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, jurnalistlərin azad olunması məsələsini prezident Abdulla Gül ötən həftə Irana etdiyi rəsmi səfəri zamanı iranlı həmkarı Mahmud Əhmədinejadla müzakirə edib. Prezidentlərin təkbətək danışığı zamanı Abdulla Gül Mahmud Əhmədinejaddan alman jurnalistlərin azad olunmasını istəyib. Iran rəhbəri də türkiyəli həmkarının xahişinin müsbət dəyərləndiriləcəyinə dair söz verib.
“Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, Almaniya prezidenti Kristian Vulf 2010-cu ilin oktyabrında Türkiyədə olarkən Abdulla Güldən xahiş edibmiş ki, o, Irana səfərində bu məsələni Mahmud Əhmədinejadla müzakirə etsin.
İnformasiya şöbəsi