“Hakimiyyətindən narazı olan təkcə xalq deyil”
İranın İtaliyanın Milan şəhərindəki baş konsulluğunda çalışan diplomatı Əhməd Məleki fevralın 19-da tutduğu vəzifədən istefa verərək İrandakı “yaşıl hərəkat” tərəfdarlarına qoşulduğunu bəyan edib.
İran hakimiyyətinin xalqa və müxaliflərə qarşı repressiyalarına etiraz olaraq istefa verdiyini bildirən Əhməd Məleki “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında deyib: “İran hakimiyyətindən narazı olan təkcə xalq deyil. Hakimiyyətdə olanların da əksəriyyəti indiki ağır şəraitdən, rəsmilərin xalqa qarşı zorakılıq və qəddarlığından, insan hüquqlarının pozulmasından, azadlıq və demokratiyaya qarşı atılan addımlardan narazıdır.
Onlar da əziz xalqımız kimi bu rejimin ləğv olunmasını, islam respublikasının yerinə azad, dünyəvi və demokratik bir quruluşun bərqərar olunmasını istəyirlər. Onlar xalqın rəyi əsasında yeni quruluşun bərqərar edilməsi üçün beynəlxalq qurumların nəzarəti altında bir referendum keçirilməsini tələb edirlər”.