İdarə rəisi Ziya Məmmədovu ittiham edir

Cavid Qurbanovun xalası oğlu Ziya Məmmədova qarşı çıxdı

 

27 saylı Yol Istismar Idarəsinin rəisi Həsən Hadıyev ona Qazaxın müxtəlif kəndlərindən sakinlərin ünvanladığı müraciətlərə hər dəfə eyni cavabları verir: “Gedin Ziya Məmmədova və müavini Cavid Qurbanova yazın ki, hesabımıza vəsait keçirsinlər. Mən də material alım və yollarınızı təmir edim”.
Onun daha bir cavabı isə belə olub: “Mən rayon rəhbərliyinin əlindən zavodu işə sala bilmirəm. Nə vaxt ki, zavodu işə salırıq, həmin gün rayon rəhbərliyi tərəfindən haqq tələb olunur. Hansı ki, həmin haqq zavodun bir neçə ay fəaliyyətini dayandırmasına səbəb olur”.
Halbuki, əlimizdə olan dəqiq məlumatlara əsasən, haqqında bəhs etdiyimiz yolların təmir olunmasına və yaxşı saxlanmasına görə 27 saylı Yol Istismar idarəsinin rəisi H.Hadıyevin əmrilə bir neçə dəfə idarənin aparat işçilərinə, sürücü və fəhlələrinə əmək haqqının 40-50 faizi miqdarına qədər mükafat verilib. Buna aid sənədlər də var.
“Həsən müəllim, bəs deyirsiniz təmir üçün vəsait ayrılmır və buna görə də zavodu işlədə bilmirik… Bəs o zaman işçilərin maaşları bir yana, bu əlavə mükafatlandırmanı hansı vəsaitlə verirsiniz?”, – deyə suala o, çətinliklə də olsa Cavid Qurbanovun xalası oğlu olduğunu söyləyib. Hər halda bu cavab çətin gündə C.Qurbanovun onun köməyinə çatması mənasını verir.
Indi Qazax camaatını bir sual maraqlandırır: görəsən, rayondan sərhəd kəndlərə gedən yolların düzəlməsi üçün C.Qurbanovun vəzifəsindən istefaya getməsi və ya xalası oğluna ciddi tapşırıq verməsi lazımdırmı? Bəs, minlərlə avtomobil sahiblərinin hər il texniki baxışda Nəqliyyat Nazirliyinin hesabına ödədikləri pullardan Qazax rayonunun yollarının təmirinə heçmi pay düşmür?
Ümidvarıq ki, Ziya Məmmədov və C.Qurbanov Qazax camaatını intizarda qoymadan bu sualları tezliklə cavablandıracaqlar.

 

Nemət, bölgə müxbiri