Hərbi komissarlar niyə işdən çıxarılıb?

Səfər Əbiyev «aktikorrupsiya şousu»ndan istifadə edərək Əliağa Hüseynovun kadrlarını «vurur»

 

Müdafiə naziri Səfər Əbiyev Şirvan, Hacıqabul, Kürdəmir, Imişli və Ağstafanın hərbi komissarlarını işdən çıxarıb. Hərbi komissarların işdən çıxarılması ilə bağlı “Azadlıq”a daxil olan məlumatda deyilir ki, Səfər Əbiyevin bu addımı bir müddət əvvəl komissarlıqlarda başlanan “təmizləmə əməliyyatı”nın davamı kimi qiymətləndirilməlidir.
Oxucuların diqqətinə çatdıraq ki, baş hərbi komissar Əliağa Hüseynov tutduğu vəzifədən azad ediləndən sonra müdafiə naziri komissarlıqlarda onun yaxın adamlarını işdən çıxarmağa başladı. Və 40-dan artıq hərbi komissarlıqda “təmizləmə əməliyyatı” həyata keçirildi. Sonradan Səfər Əbiyev təmizləmələri dayandırmağa məcbur oldu. “Antikorrupsiya şousu” çərçivəsində müdafiə naziri Əliağa Hüseynova yaxın şəxslərlə bağlı təmizələmə əməliyyatını davam etdirmək fürsəti qazanıb.   
Məlumatlara görə Şirvanın hərbi komissarı Etibar Sadıqov əslən Salyandadır və Əliağa Hüseynovun yaxın adamıdır.
Hacıqabulun hərbi komissarı Asif Imanov isə dövlət reysteri xidmətinin sabiq rəhbəri Arif Qaraşova yaxın şəxsdir.
Imişlinin hərbi komissarı Elçin Babayevin sabiq baş hərbi komissara yaxın şəxs olduğu deyilir. Həmçinin Ağstafanın hərbi komissarı da Kərim Həmidov Əliağa Hüseynovun kadrı sayılır.
Bu hərbi komissarların işdən çıxarılması onlarla bağlı çoxsaylı şikayətlərin olması ilə izah edilir. Lakin göründüyü kimi, işdən çıxarılanların çoxu Əliağa Hüseynova yaxın şəxslərdir. Deməli, Səfər Əbiyevin bu addımı “təmizləmə əməliyyatı”nın növbəti mərhələsi kimi qiymətləndirilməlidir.

 

İnformasiya şöbəsi