1.Mirələmovun mükafatları
Allah insaf versin, bir kiçik məmura (pensiyasına dörd ay qalıb, adını yazmıram), e-mail ünvanıma məktub göndərib. Açıram məktubu oxuyuram və baxıb görürəm ki, məmur bəy Azərbaycan Milli Məclisinin üzvü Hüseynbala Mirələmovun aldığı mükafatları sadalayıb. Ayrı bir şey yazmayıb.
Mirələmov yoldaşın bu qədər rəngarəng mükafatlara layiq görüldüyündən xəbərsiz idim. Istərdim ki, siz də Hüseynbala müəllimin bioqrafiyasının bəzi abzaslarına nəzər yetirəsiniz.
Texnika elmləri doktoru və dosent olan Hüseynbala müəllim həm də Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvüdür.
Etiraf edim ki, Azərbaycanda Mühəndislər Akademiyasının varlığından da xəbərim yox idi, məmur bəy sağ olsun, yazmasaydı, bixəbər qalacaqdım.
(Mühəndislər Akademiyası bir zamanlar prezidentliyə iddia edən, sonradan ANS-in qulp verilişində yumorlu çıxışları ilə zəhmətkeşlərin mədəni istirahətinə rəng qatan akademik Nizami Süleymanovun Milli Yaradıcılıq Akademiyasını (MYA) yadıma saldı.
Yeri gəlmişkən, Nizami müəllimə şərait yaradılsaydı, kitab oxumağı bacaranların yarısına MYA-nın ya fəxri doktoru, ya müxbir üzvü, ya da həqiqi üzvü diplomu verəcəkdi).
Bu hələ harasıdır, sən demə Mirələmov yoldaş həm də Rusiya Mədən Akademiyasının üzvüdür. Doğrusunu ərz edim, əvvəl elə anladım ki, məmur bəy MƏDƏ Akademiyası yazmaq istəyib, zəng edib aydınlıq gətirdim. Mədə deyilmiş, elə Mədən imiş.
Bu da hələ harasıdır, məmur bəy yazıb ki, Hüseynbala müəllim Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin də üzvüdür. Və çoxsaylı elmi və bədii əsərlərin müəllifidir.
Pərvərdigara, bu adam nə qədər istedad sahibi imiş. Nədən onu indiyə kimi tanımamışam, deyib əvvəl özümü məzəmmət etdim, sonra gündə 168 saat YAP-ın təbliğatı ilə baş girləyən yeddi telekanalın ünvanına indi cümlə müxalifəti abıra salmağa qərar vermiş Ibrahim Zeynəddinlinin təbirincə desəm, ağız ədəbiyyatından bir-iki yağlı cümlə işlətdikdən sonra sakitləşdim. Sakitləşən kimi də, məktubun davamına baxdım.
Məmur bəy Hüseynbala Mirələmovun aldığı mükafatları sıralayıb, bir diqqət yetirin:
1.”Qızıl qələm” mükafatı;
2.”Qızıl dərviş” mükafatı;
3.”Qızıl buta” mükafatı;
4.”Abdulla Şaiq” mükafatı:
5.”Rəsul Rza” mükafatı;.
6.Fransa Sənayeçilər Assosiasiyasının “Napoleon” qızıl medalı;
7.MDB ölkələri üzrə 8 (birdən səhv oxuyarsız, SƏKKIZ) dəfə “Ilin direktoru”.
Eşq olsun, Yeni Azərbaycanlılara!
Eşq olsun YAP-a!
Eynşteyn, Mendeleyev, Lomonosov, Cek London və Bill Geytsin birlikdə aldıqları mükafatların sayı Milli Məclisə 33 saylı Xətai seçki dairəsindən mandat hədiyyə edilmiş Hüseynbala Mirələmovun mükafatlarından azdır.
Boynuma alıram, maraq məni o qədər götürdü ki, Milli Məclisin internet səhifəsinə baxmalı oldum. Bu nadir şəxsiyyətin, böyük alimin və dahi ədibin həm də siyasi bir xadim olduğundan xeyli məmnunluq duydum.
Yazıram ki, siz də biləsiniz, Hüseynbala müəllim Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olmaqla yanaşı, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının da üzvüdür.
Və bir də ən əsası, Hüseynbala müəllim Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) prezidentinin müşaviridir.
Bütün bunları nədən diqqətinizə çatdırdım…
İş orasındadır ki, Hüseynbala Mirələmov yoldaş da daxil Milli Məclisdə oturan YAP üzvlərinin demək olar ki, hamısı elmi adlara, orden-medala, rəngarəng mükafatlara son 18 ildə – YAP iqtidar olduqdan sonra nail olublar. Əvvəllər bu yoldaşların nədənsə elmi istedadları özünü göstərməyə macal tapmayıb, ilhamları cuşa gəlməyib.
Milli Məclisin papaq altındakı kişilərini millət tanımalıdır. Hüseynbala Mirələmovdan başladıq…