Fevralın 18-də Ermənistanın paytaxtında müxalifətin mitinqi olub. Keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Yerevanın mərkəzində – keçirdiyi etiraz askiyasında prezident Serj Sarkisyanın istefasını tələb edib.
Müxalifətin regionlardakı təşkilatları bildirirlər ki, onların tərəfdarlarının mitinqə aparılmasına polis mane olur. Onların bildirdiklərinə görə müxalifətçiləri daşıyan avtobusların sürücülərinin vəsiqələrini polis əllərindən alıb, maşınlarını da cərimə meydançalarına aparıb.
Erməni Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyan deyib ki, onlar yaxınlıqdakı Azadlıq Meydanına daxil olmaq istəyirlər. 2008-ci il martın 1-dən müxalifətə bu meydanda aksiyalar keçirmək qadağan edilib.
Müxalifət ölkədə iqtisadi və sosial vəziyyətə etiraz olaraq kütləvi tədbirlərini davamlı olaraq keçirəcəyini bildirir.
Getdikcə etiraz aksiyalarında daha az adam cəlb edən Ermənistan müxalifəti sonuncu etiraz askiyasını keçən il noyabrın 9-da keçirmişdi.