Ürək parçalayan bir faciənin təfərrütları; əməkdaşımız intihar otağına qədər getdi
Elvin Qasımov özünü asmazdan bir gün qabaq damarlarını doğrayı; deyirlər, universitetdən qovulmamaq üçün 500 manat axtarırmış
Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin ikinci kurs tələbəsi Elvin Əsgər oğlu Qasımov fevralın 16-da universitetin yataqxanasında intihar edib. Dünən universitetin 6 saylı yataqxanasına getdik. 8-ci mərtəbənin 809 nömrəli otağında yaşamış E.Qasımovun özünü asması barədə yataqxanada yaşayan tələbələr o qədər də məlumatlı deyillər. Bir qismi yalnız bizə bu məlumatı verdi: “Elə də ünsiyyətdə olmadığımız Elvin adlı tələbə özünü asıb”.
“Tez-tez depressiyaya düşürdü”
Bu sözdən sonra oranı tərk edə bilərdik. Axı ilkin olaraq yaxınlaşdığımız tələbələr bunu deyirdi. Amma onun otaq yoldaşı ilə danışmağımız, qaldığı otağa baxmağımız bizi bəzi mətləblərdən agah elədi. Əslən Ağdamın Novruzlu kəndindən olan E.Qasımovun ailəsi hazırda Mingəçevirdə yaşayır. Atasını uşaq vaxtı itirən Elvinin pulsuzluqdan, universitetdə yaşadığı problemlərdən tez-tez depressiyaya düşdüyünü dedilər.
Artıq 809 nömrəli otağın qapısı bağlıdır. Otaqdakı digər tələbələri yataqxananın komendantı başqa yerə köçürüb. Amma E.Qasımova məxsus əşyalar hələ ki oradadır. Universitetdən, kurslardan aldığı bir neçə sertifikat və diplomların yanında “Anatomiya” dərsliyi də gözə sataşır. Yataqxanada məskunlaşanlar deyirlər ki, mərhum “Anatomiya”nı gözəl bilirdi. Yalnız bu dərsə diqqət yetirirdi. Başqa dərsləri o qədər də oxumurdu. Deyilənə görə, çoxlu kəsirləri varmış. Və bu kəsirlərin öhdəsindən tələbə çox çətinliklə gəlirmiş. Həm iş, həm sosial problemlər, həm də universitet həyatı gələcəkdə hərbçi həkim olmağı qarşısına məqsəd qoyan Elvinə mane olurmuş.
“Niaqara”da günü 10 manata işləyirdi
Otağa nəzər salanda çarpayısında qanı görməmək mümkün deyil. Otaq yoldaşı Ramiq Əlizadə deyir ki, hadisədən bir gün əvvəl Elvin damarını kəsibmiş: “Səhər dərsə gedəndə onu da oyatdım. ”Özümü pis hiss edirəm, dərsə getmirəm. Qapını da arxadan bağla, get” – dedi. Bir söz deməyib universitetə getdim. Gələndə gördüm ki, artıq özünü asıb”. Müsahibim bundan artıq heç nə deyə bilməyəcəyini, intiharı doğuran səbəblər barədə əlavə bilgiləri olmadığını söylədi.
“Rəhmətlik yaxşı uşaq idi. Kiminləsə problemi olmazdı. Yaxşı rəsm çəkməyi bacarırdı. Qarmonda da ifa edə bilirdi. Amma bir az qapalı uşaq idi. ”Niaqara” restoranında ofisiant işləyirdi. Günəmuzd çalışırdı. Qazancı 10 manat idi” – deyir, tələbələr.
“Patok” yoldaşı da Elvini müsbət xarakterizə etdi. Problemi olduğunu, tez-tez depressiyaya düşdüyünü söyləyir.
6 saylı yataqxananın komendantı Elmar Ismayılov da Elvin haqda tələbələrin dediklərindən əlavə heç bir məlumat verə bilməyəcəyini vurğuladı. O, hadisədən dərhal sonra polisə və universitetə zəng etdiyini dedi.
İntihara səbəb nə olub?
Adının çəkilməsini istəməyən universitetin tələbələrindən birinin “Azadlıq”a dediyinə görə, E.Qasımovun intihar etməsinin səbəbi onun 500 manat tapa bilməməsi olub: “Mərhum tələbə kəsirlərini silmək üçün 500 manat civarında pulu universitetə çatdırmalı imiş. Gündəlik qazancı 10 manat olan Elvinin bu pulu ödəməyə imkanı yox idi. Heç yerdən əlavə gəliri olmayan tələbə sonda bu addımı atmalı olub”.
Dərs verən stul…
Otağın qapısından içəri girən kimi ilk gözə dəyən stul olur. Öyrəndim ki, Elvin çox vaxt dərslərini həmin stulun üstündə (məhz stulda!) hazırlayırmış. Amma stul heç vaxt ona uğur gətirmədi. Dəfələrlə üstündə mühazirələr yazdığı həmin stul bir gün Elvinə qənim kəsildi. Həyatla vidalaşmasının bir nömrəli baiskarı məhz o oldu…
Ramin DEKO