İlham Əliyev baş strateqini niyə işdən çıxardı?

Elxan Nuriyev dövlət başçısı və Ramiz Mehdiyevi qəzəbləndirib

 

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev tutduğu vəzifədən azad edilib. Onun səlahiyyətlərini müvəqqəti olaraq direktor müavini Gülşən Paşayeva icra edir.
“Antikorrupsiya şousu”nun davam etdiyi bir dövrdə Elxan Nuriyevin işdən çıxarılması qəribə görünür. Hər kəs korrupsiya yuvası olan qurumlarda dəyişikliklər gözlədiyi bir halda, Ilham Əliyev strateqini işdən çıxarır. Bəllidir ki, SAM direktoru vəzifəsinə kifayət qədər intellektual şəxs təyin olunmalıdır. Elxan Nuriyev də təbii ki, XX əsri “iks-iks” oxuyan, sammitin şəhər yox, toplantı olduğunu bilməyən məmurlar kateqoriyasına aid deyil və ya olmamalıdır. Hər halda, Ilham Əliyev özünə strateq seçəndə onun intellektual qabiliyyətini nəzərə alıb. Bəs onda nə oldu ki, dövlət başçısı Elxan Nuriyevdən imtina etdi?
“Azadlıq”a daxil olan məlumatlarda da deyilir ki, Elxan Nuriyev Ilham Əliyevlə Ramiz Mehdiyevi qəzəbləndirdiyi üçün işdən çıxarılıb. Bu qəzəbin nədən qaynaqlandığı bəlli deyil. 
Elxan Nuriyev dəfələrlə ABŞ və Avropa ölkələrinə səfər edib. Onun missiyası Qərblə Azərbaycan hakimiyyətinin münasibətlərini normallaşdırmaq olub. Bu baxımdan ehtimal olunur ki, bu səfərlər çərçivəsində qarşı tərəfdən Elxan Nuriyevə Ilham Əliyevin dəyişməsinin vacib olduğu izah edilib. SAM rəhbəri də nəhayət bu qənaətə gəlib ki, Qərblə münasibətləri qaydasına salmaq üçün demokratik dəyişikliklərə getmək vacibdir. Mümkündür ki, Elxan Nuriyev bu mesajı iqtidar ideoloqlarına çatdırıb və özünün də bu mövqeyi bölüşdüyünü deyib. Bu da təbii ki, Ilham Əliyevlə Ramiz Mehdiyev kimi avtoritar düşüncəli şəxslərin hiddətinə səbəb olub. Və nəticədə Elxan Nuriyev tutduğu vəzifədən azad edilib.

 

İnformasiya şöbəsi