“Korrupsiyaya qarşı mübarizə getmir”

Qubad İbadoğlu: «Biznesin qeyri-rəsmi ödənişlərilə bağlı xərclər həqiqətən azalsaydı, qiymətlər ucuzlaşardı»

«Azərbaycana portağal 44, banan 43, şəkər 28, kartof 6 qəpiyə gətirilir»

Son günlər bir sıra məhsulların, konkret olaraq banan, yumurta və yağın qiyməti nəzərəçarpacaq dərəcədə bahalaşıb. Qəribəsi odur ki, hökumət bir tərəfdən korrupsiyaya qarşı mübarizəyə başladığını elan edir, digər tərəfdən də istehlakçılar qiymət artımı ilə üzləşirlər. Halbuki korrupsiyanın aradan qalxması ölkəyə gətirilən məhsulların qeyri-rəsmi ödənişlərdən azad olunması deməkdir. Bu isə avtomatik olaraq məhsulun qiymətinə təsirini göstərməli və bazarda ucuzlaşma müşahidə olunmalı idi. Amma bu gün Azərbaycan əhalisi əks-prosesin şahidi olur. Qiymətlər ucuzlaşmaq əvəzinə bahalaşır.
İqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, son qiymət artımı korrupsiyaya qarşı mübarizə ilə bağlı verilən bəyanatların səmimi olmadığını ortaya qoyur. Iqtisadçı hesab edir ki, biznesin qeyri-rəsmi ödənişləri ilə bağlı xərclər həqiqətən azalsaydı, bu, məhsulun maya dəyərində əksini tapmalı, nəticədə qiymətlər ucuzlaşmalı idi: “Bütün bunlar baş vermirsə, deməli, korrupsiyaya qarşı mübarizə getmir. Ikinci səbəb o ola bilər ki, hökumət korrupsiyaya qarşı mübarizə alətləri ilə iqtisadiyyatdakı problemləri həll etmək gücünü itirib. Kifayət qədər inhisarçı təşkilatlar var ki, artıq iqtisadi güclərə çevriliblər. Onlar hələ də qiymətləri diktə etməkdə davam edirlər. Yeri gələndə müəyyən iqtisadi sabotajlar etmək imkanlarına da malikdirlər. Tutalım, bananın qiymətinin 4 manat 50 qəpiyə qədər bahalaşmasının səbəbi odur ki, bazarda bu meyvənin qıtlığı var idi. Bunu bir neçə şirkət gətirərsə, rəqabətli bazar olarsa, təbii ki, bu qıtlıq heç vaxt yaranmaz. Çünki hər bir şirkətin bazar payı var və heç kim bunu itirmək istəməz. Amma bu məhsulu ölkəyə bir şirkət gətirirsə və o şirkət yeri gələndə öz işində bilərəkdən ya bilməyərəkdən fasilə verirsə, iqtisadi sabotaj imkanları genişlənir. Bazarda qıtlıq yaranır, tələblə təklif arasında tarazlıq pozulur və qiymət sürətlə artmağa başlayır”.
Q.Ibadoğlu deyir ki, Azərbaycanda əsas istehlak mallarının ölkəyə idxalında, eləcə də subtoripik meyvələrin gətirilməsində monopoliyalar var: “Məsələn, portağalın Azərbaycan gömrüyünə giriş qiyməti 44 qəpikdir. Vergilər və rüsumlarla birgə gömrükdən təqribən 60 qəpiyə çıxır. Amma bazarda bir kiloqram portağalın orta satış qiyməti 2 manat 20 qəpikdir. Göründüyü kimi, qiymət təxminən dörd dəfə bahalaşıb. Bu, onu deməyə əsas verir ki, qiymətlər diktə olunur. Bazar iqtisadi sistemində heç cür mümkün deyil ki, gömrükdən çıxan qiymətlə pərakəndə satış qiyməti arasında bu qədər fərq olsun. Eyni vəziyyət bananla da bağlıdır. Bizim tədqiqatlar göstərdi ki, banan Azərbaycan gömrüyünə 43 qəpiyə girir. Vergi və rüsumla birlikdə 58 qəpiyə gömrükdən çıxır. Amma bazarda orta satış qiyməti 2 manat 20 qəpik olub. Təxminən dörd dəfə də burada bahalaşma var. Kartofun gömrük dəyəri 6 qəpikdir, gömrükdən də 8 qəpiyə çıxır. Bazarda isə kartofun qiyməti bir manata yaxındır. Yaxud Azərbaycan gömrüyündə şəkəri 28 qəpiyə rəsmiləşdirirlər. Amma bir kq şəkərin orta qiyməti ötən il 91 qəpik olub, bu il bir az da bahalaşıb. Yumurtanın bahalaşmasına gəlincə, burada da broylerlər fabrikinin birgə assosiasiyası var. Bahalaşmaya mövsümi qiymətlər, sövdələşmə amilləri təsir edə bilər. Yağ idxal malı olduğuna görə, bayaq dediyimiz proseslər buna da aid edilir.
Korrupsiya ilə mübarizə qiymətlərin orta səviyyəsinin aşağı düşməsinə gətirib çıxarmalı idi. Ucuzlaşma müşahidə olunmursa, hətta əks-proses gedirsə, demək korrupsiyaya qarşı mübarizə nə sosial, nə iqtisadi baxımdan, nə də istehlakçı nöqteyi-nəzərindən effekt verir”.

Gültəkin