Inqilab qapımızı döyür

Tunisdən sonra Misirdə insanlar küçələrə axışanda dostlara dedim ki, inqilab bizə tərəf gəlir. Eynən “Dağ Məhəmmədə tərəfə gəlmirsə, Məhəmməd dağa tərəf getməlidir” misalında olduğu kimi. Biz inqilabı gerçəkləşdirə bilmədiyimizdən inqilab özü biz tərəfə üz tutub. Budur, artıq Irana qədər böyük bir arealda insanlar öz haqları uğrunda meydanlardadır. Diktatorlar xalq qarşısında imtahan verir. Xalq onlara sözün əsl mənasında divan tutur.
Azərbaycan hakimiyyəti ha, qarnını yerə sürtüb “bura Misir, Tunis deyil” desə də, xalqın içində bir inqilab sevdasını kor belə görür. “Sıra bizə də çatıb” deyənləri hər gün daha çox eşidirəm. Bunu müəllim də deyir, sürücü də…

Hər şey düşüncədən başlayır, dünənədək “bunların nəsli çoxsaylıdır, hakimiyyətdə də əbədidilər” deyənlər pulu, klanı, zoru Əliyevlərlə müqayisə olunmayacaq qədər çox olan Hüsnü Mübarəkin rüsvayçı sonundan pərt olublar. Onların ayıblarına kor olmaqdan savayı əlacları qalmayıb. Xülasə, barıt çəlləyinə bir qığılcım lazımdır…

ABŞ-ın yenidən kəşfi

ABŞ superdövlətdir, buna şübhəm olmasa da, onun imkanlarının hansı səviyyəyədək geniş olmasını təsəvvür etməyə həmişə çətinlik çəkmişəm. Bu çətinliyi heç gözləmədiyim halda bir kitab yox etdi. “Necə yaşayasan yüzü haqlayasan?” adlı bu kitabı keçən həftə Şirvanda Rasim Qaracagilin həyətindən götürdüm. Müəllif Sula Benet adlı xanım ABŞ vətəndaşıdır. 5 il (1970-1975) o, bütün Qafqazı dolaşıb. Çeçenistandan tutmuş, Gürcüstana, Ermənistana, Azərbaycana qədər hər bir yerdə insanların psixologiyasını öyrənib, adət-ənənələri, davranışları dəqiqliyinə qədər tədqiq edib. Deməli, ABŞ üçün ən azı, 1975-ci ildə bütün Qafqazda kəşf olunmamış, öyrənilməmiş, xarakteri çözülməyən bir aul belə qalmayıb.
Məni heyrətə salan isə kitabdakı başqa bir fakt oldu. Heç demə, Qred Frayenkelin adlı alim 1962-ci ildə 579 səhifəlik “Azərbaycan dilinin generativ qrammatikası” doktorluq dissertasiyası yazıb…
Əminəm ki, 1962-ci ildə Azərbaycanda bu dilin qrammatikasına aid heç 279 səhifəlik də kitab yazılmayıb. Bizsə 2000-ci ildə ölkəmizə gələn amerikan “Sülh korpusu” üzvlərinin Azərbaycan dilində danışmasına təəccüblənəcək qədər avam olmuşuq…
Sənin böyüklüyünə şəkk edənə lənət, Amerika!

Cabbarın açdığı cığır

Cəbhəçi gənc Cabbar Savalanlının həbsi yeni və daha parlaq siyasi mənzərəni aşkarladı. Cabbarı müdafiə edən siyasi-ictimai təşkilatların, sağdan-soldan bu hadisəni pisləyən ayrı-ayrı şəxslərin siyahısını izlədikcə böyük bir hadisələrin ƏRƏFƏsində olduğunu duyuram. Gördük ki, təkcə müxalifət bu hadisəyə hiddətini ifadə etmədi. Özünü loyal sayan, hakimiyyətyönlü kimi tanınan partiyalar, ictimai qurumlar və fərdlər də Cabbarın həbsini pislədi. Şər artıq təklənir. Şər artıq yerimir. Indi şərə nökərçilik etməyə çoxlarının qüruru yol vermir. Pafoslu səslənməsəydi, mən bu hadisəni “özünəqayıdış” adlandırardım. Elə günlər yaşadıq ki, həqiqəti müdafiə edənə dəli dedilər, qaragüruhçu yarlığı ilə damğaladılar. Şəri, nahaqqı, konkret desək, Əliyevçi rejimin xalqa etdiyi zülmləri daha uca səslə və daha həyasızcasına tərifləmək qabiliyyət sayıldı. Bacarıqlı oğlan olmağın meyarı bilindi. Amma bitir o günlər… Insanların öz təbii hallarına qayıtdığı günlərə qədəm qoyuruq.
Cabbar Savalanlı siyasi məhbusdur. Siyasi məhbus toyuq oğrusu deyil, o sənin, mənim, bizim hamımızın haqqı uğrunda əzabkeşdi. Bu cür insanların cəmiyyətdən dəstək görməsi çox gərəklidir. Dünya təcrübəsini qoyuram bir yana, elə bizim öz yaxın tariximizdə – 90-larda siyasi məhbuslara cəmiyyətin çox ciddi diqqət və qayğısı olub. Sonralar hakimiyyətin yorulmaz səyləri siyasi məhbusları, həm də müdafiə mexanizmindən məhrum etdi. Insanlar bu işi görməkdən çəkindilər, qorxdular, bəziləri hətta özünə ayıb bildi bunu… O günlər arxada qalır və mən sevinirəm.

Cabbarın ailəsinin tək qalmaması üçün hətta tanımadığım insanlardan zənglər, məktublar alıram. Insanlar bu ailəyə mənəvi-maddi dəstək durmaq istəklərini dilə gətirirlər. Özü də bunlar təkcə siyasi fəallar deyil, həm də sıravi saydığımız kəslərdi. Adamlar siyasi məhbusa dayaq durmağı özləri üçün qürur sayırlar, bundan fərəhlənirlər. Bunların hamısı bizi xoş sabahlarla müjdələyən əlamətlərdir. Bizi daha cəsur, daha inamlı mübarizəyə səsləyən faktlardı.