Cabbarın məhkəməsində polislər ifşa olundu

Rəis müavini qanunu pozduğunu etiraf etdi

 

AXCP üzvü, gənc fəal Cabbar Savalanlının həbsi zamanı yol verilmiş prosessual hüquq pozuntuları, o cümlədən onun vəkillərilə görüşünə imkan verilməməsi, həbsi barədə ailə üzvlərinin məlumatlandırılmaması, təzyiq altında ifadə alınması vəs. hərəkətlərlə bağlı Sumqayıt Şəhər Məhkəməsinə şikayət olunmuşdu. Bu iş üzrə ötən məhkəmə iclasında Cabbarın vəkilləri Əsabəli Mustafayev və Anar Qasımov hakim Elman Məmmədova etiraz etdiklərindən proses baş tutmamışdı. Lakin Sumqayıt Şəhər Məhkəməsinin sədri vəkillərin etirazını təmin etməyib və dünən elə Elman Osmanov Sumqayıt Şəhər Polis Idarəsinin əməkdaşlarına qarşı şikayətə baxıb.
Məhkəmə prosesi barədə “Azadlıq”a məlumat verən Əsabəli Mustafayev bildirib ki, Cabbarın həbsində iştirak etmiş polis əməkdaşları, eləcə də Sumqayıt ŞPI-nin rəis müavini Azər Cahangirov dindirilib. Qeyd edək ki, Cabbarın həbsinin ertəsi gün polis idarəsinə gedən vəkilləri məhz Cahangirov müdafiə etdikləri şəxslə görüşə buraxmamışdı.
Vəkilin sözlərinə görə, polislərin ifadəsindən onların əvvəlcədən təlimatlandırıldığı hiss olunurdu. Bununla belə, onlar müəyyən hərəkətlərini etiraf etmək məcburiyyətində qalıblar. Məsələn, rəis müavini etiraf edib ki, həqiqətən də fevralın 6-da idarəyə gələn vəkillərin Cabbarla görüşməyinə imkan verməyib. Azər Cahangirov bu qanun pozuntusunu həmin vaxt idarənin qarşısına xeyli adamın toplaşmasıyla izah edib.
Vəkillər Cabbarın anasının da məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıblar. Vəsatət təmin olunub. Bu iş üzrə növbəti məhkəmə iclasında Cabbarın anasıyla yanaşı, onların mənzilində axtarış aparmış polislər də dindiriləcək.
Bundan başqa, vəkillər məhkəmədə ifadə vermiş polislərin istintaqda da dindirilməsini istəyir. “Biz istintaq qarşısında vəsatət qaldıracağıq ki, onlar şahid qismində dindirilsin, Cabbarla üzləşdirilsin. Çünki məhkəmədə onlar hərəkətlərindən şikayət verilmiş şəxs qismində dindirilirlər və dediklərinə görə məsuliyyət daşımırlar. Amma şahid qismində deyilən hər bir kəlməyə görə məsuliyyət daşıyır, iltizama imza atır”, – deyə Əsabəli Mustafayev bildirib.
Məhkəmə prosesi fevralın 21-də davam etdiriləcək.

 

Aytən Məmmədova