YAP tipləri

Əvvəlcə dənə-dənə atmağa başladı qar. Elə bil ürkək-ürkək aşağı-yuxarı boylanırdı, qorxurdu, qorxduğundan utanıb yerə girirdi. Desəm qar da Bakıya qorxa-qorxa yağır, gülməyin. Ama dənə-dənə yağıb ürəklənməyi, onu qorxudanların üzünə ağ olmağı və əlini şəhərin üstünə qoymağı var.

Xalq hərəkatları da belə başlayır. Onlar da təbiətin qanunauyğunluğuna tabedi. Mövsümidi. Bu qar kimi ləngiyə, hətta bir neçə mövsüm yağmaya bilər. Ama bir gün qar kimi o hərəkat da başlamalı, çürüyən ictimai iqlimin tarazlığını bərpa eləməlidi.

Təbiətdə olduğu kimi, cəmiyyətdə də balans pozulanda fəsadlar baş verir və günlərin birində bu, gətirib partlayışa, kataklizmə çıxarır. Və min illərdi ki, bu balansı pozan hakimiyyətpərəstlər bu sadə həqiqəti heç cür qəbul eləyə bilmirlər. Gücün, zorun, silahın, polisin, maddi resursların hesabına bəşərin ipini öz əllərində saxlaya biləcəklərinə inanıb özlərini aldadır, insanlara isə əziyyət verirlər.

Sovet dövründə çox imkanlı adamlar görmüşdüm. Onlar dövlət vəzifəsində çalışır, korrupsiyanın, rüşvətin hesabına varlanırdılar. Təbii ki, onların da nisbətən insaflısı, insafsızı vardı. Nisbətən insaflı o kəslərdi ki, dövlət vəzifəsindən sui-istifadəni normal hal saymırdılar. Ancaq aldıqları maaş gerçəkdən gülünc olurdu, böyük ailəni saxlamaq üçün qətiyyən yetmirdi. Bu tip nisbətən insaflılar tabeçiliyində olanlardan, ya işi keçən vətəndaşlardan rüşvət almır, ama dövlət büdcəsindən yararlanmaqdan da qalmırdılar. Bu, bir növ namusluluq sayılırdı. Çünki onsuz da büdcədən çırpışdırılan o vəsaitin xalqın rifahına yox, mənasız silahlanmaya, sosializm “xoşbəxtliyini” qanlı məcməyilərdə Əfqanıstan kimi başqa ölkələrə aparmağa sərf eləyəcəkdilər.

Sonralar sadaladığımız hər iki tip məmurlar, imkanlı yoldaşlar vəzifədən olanda, yeni iqtisadi münasibətlərin içinə düşəndə çaşqın vəziyyətdə qaldılar. Illərlə topladıqları paralar da işsizlik illərində havaya sovruldu və bu adamlar dəhşətli sıxıntı içində yaşamağa ürcah oldular. Onlar heç cür yeni çağın, bazar iqtisadiyyatının damarını tuta bilmədilər. Allahın bir dükanını belə aça və ya işlədə bilməyib, tam tənəzzülə uğradılar. Yalnız vəzifəylə, məmurluqla qazanmağa öyrənmişdilər və bunun üçün də yenidən vəzifə əldə eləmə savaşına başladılar. Vaxtilə onların bu sevdasını üzv olduqları Kommunist Partiyası gerçəkləşdirirdi. Yeni çağda isə bu funksiyanı üzərinə götürən, üzvü olacaq şəxslərə gələcəkdə yenidən yeyib-hallanmaq vədi verən YAP oldu və xatırlayırsınızsa, iflasa uğrayan əski kommunistlərin 99 faizi bu partiyaya üz tutdu, üzv oldu və sonunda xalq hakimiyyətinin devrilməsinə nail oldular.

Bunları ona görə deyirəm ki, indi hakimiyyətin ən yuxarı eşelonunda oturan məmur-oliqarxlar da həmin tiplərə aid olan insanlardı; onlar yalnız belələrini dövlətə, gücə, hərbə-zorbaya bağladıqları halda varlana bilirlər. Bunun üçün də hakimiyyətdən ikiəlli yapışır, zəli kimi xalqın qanını sorur, bir gün toplumun hansı təlatümə tuş gələcəyini ya anlamır, ya anlamaq istəmirlər. Qazanmaq insan təbiətinin ən təbii istəklərindən biridi. Onu gerçəkləşdirmək imkanı isə – və həm də öz ağlının, zəhmətinin sayəsində – bizim yapistlərə bəxş olunmamış. Demək, bu ölkədə yuxarıdan nəyinsə düzələcəyinə ümid bəsləmək qulağının dibini görmək kimi bir iş.
…Qar yuxarıdan aşağı gəlir. O, yerin cazibə qüvvəsinə tabedi. Cəmiyyətinsə öz cazibə qüvvəsi var və bir gün mütləq yuxarıda qərar tutanları dartıb aşağı sala bilir. Qırxayaq kimi yapışsalar da. Nə qədər ağır olsalar, yerə də o qədər bərk dəyirlər. Mübarək kimi.