Türkiyə ilə “viza düyünü” niyə çözülmür?

Fuad Qəhrəmanlı: «Hakimiyyət Türkiyə ilə yaxınlaşmaq istəmədiyini və distansiyalı münasibətə üstünlük verdiyini göstərir»

 

Azərbaycanla Türkiyə arasında viza probleminin həlli əməlli-başlı düyünə düşüb. Azərbaycan hökuməti dost, qardaş  adlandırdığı Türkiyə ilə viza rejimini heç cür aradan qaldırmaq istəmir. Baxmayaraq ki, Türkiyə rəsmiləri ölkəmizə səfər edərkən ilk qaldırdıqları məsələlərdən biri bu olub. Üstəlik, Azərbaycanda yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan türklər dəfələrlə problemi həll etmək üçün öz hökumətlərinə şikayət dolu müraciətlər ediblər.
Türkiyə dünyanın bir sıra ölkələri ilə viza rejimini aradan qaldırsa da, dil, din, millət baxımından ən yaxın olan bir dövlətlə buna nail ola bilmir. Elə son olaraq Türkiyə ilə Gürcüstan arasında əldə edilən razılıq da Azərbaycan üçün bir nümunədir. Bundan sonra gürcülər Türkiyəyə, türklər isə Gürcüstana yalnız şəxsiyyət vəsiqəsi ilə gedib-gələ biləcəklər. Azərbaycan isə hələ də ölkəsinə gələn Türkiyə vətəndaşlarından viza tələb edir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, problemin bugünə qədər həll edilməməsi, Azərbaycan tərəfinin çoxsaylı bəhanələr gətirməsi hökumətin bu məsələdə maraqlı olmamasının göstəricisidir: “Yəqin Azərbaycan iqtidarı öz hakimiyyəti üçün narahatverici məqamlar görür ki, bu problemin həllini yubadır. Deməli, Azərbaycan hakimiyyətinin Türkiyə ilə dost, qardaş olması ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirmir. Əslində ”WikiLeaks” saytının yaydığı məlumatlar da bunu göstərir. Həmin məlumatlarda deyilirdi ki, Ilham Əliyev Türkiyənin dünyanın enerji mərkəzi olmasını istəmir. Görünür, iki ölkə arasında əməkdaşlığın güclənməsi, gediş-gəlişin sərbəstləşməsi hakimiyyət üçün sərfəli deyil”.
F.Qəhrəmanlının fikrincə, bu məsələdə Rusiyanın iradəsi də nəzərə alına bilər: “Bəlkə də Rusiyanın istəyini nəzərə alırlar. Azərbaycan Türkiyə ilə bu problemi saxlamaqla Rusiya ilə daha yaxın olduğunu və bu dövlətə qarşı daha səmimi davrandığı mesajını verir. Amma hər bir halda məsələnin həll olunmaması münasibətlərdə gərginlik yaradır və Azərbaycan hökumətinin anti-Türkiyə mahiyyətini nümayiş etdirir. Bilirsiniz ki, bundan əvvəl türk bayrağı, türklərin inşa etdiyi məscidlə də bağlı problem yaranmışdı. Türkiyə bayrağının endirilməsi hakimiyyətin anti-Türk ovqatının ifadəsi kimi ortaya çıxmışdı. Bu yolla hakimiyyət Türkiyə ilə yaxınlaşmağa meylli olmadığını və distansiyalı münasibətə üstünlük verdiyini ortaya qoyur”.

 

Gültəkin