“Təmiz əllər” əməliyyatı
“Yerdən göyə küp düzsələr,
Bir-birinə bənd etsələr,
Lap altdan birini çəksələr,
Tamaşa et guppultuya”
(Cəfər Cabbarlı)
Təxminən iyirmi il əvvəl Italiya prokuroru Françesko Savverio Barrelino dünyanı təəccübləndirən bir addım atdı. Cümlə Italiyada korrupsiyaya və rüşvətə qarşı müharibə elan edərək, “Təmiz əllər” əməliyyatı başlatdı. Nəticədə bilirsiniz, nə oldu? Buyurun, tanış olun:
1.Dövlət başçısı Françesko Kassiqi istefa verdi;
2.Baş nazir Bettini Kraksi Tunisə qaçdı və bir neçə ildən sonra mühacirətdə dünyasını dəyişdi;
3.Korrupsiyanın “xaç ataları” – nəqliyyat naziri Karlo Bernini və Milan şəhərinin meri Tonoli həbs edildi;
4.Iqtidarın dörd mindən çox məmurunun və onların iş ortaqlarının, nazirlərin, deputatların, icra başçılarının qoluna qandal vuruldu.
Indi bir anlığa təsəvvür edin ki, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov qanunun aliliyinə isnad edərək, eynən italiyalı həmkarı kimi hərəkət edir.
Və cümlə Azərbaycan bir-birinə dəyir.
10 ballıq zəlzələ effekti yaradar Baş prokurorun sanksiyası.
Iqtidarın yuxarı eşelonunda təmsil olunan YAP üzvləri həbsxanalara doldurulur.
Təbii ki, Zakir Qaralov belə bir sanksiya verməz. Nədən ki, Azərbaycanda prokurorluq da, məhkəmə də, polis də, ordu da icra hakimiyyətinin nəzarətindədir.
Və eyni zamanda Baş prokurorun rəhbərlik etdiyi qurumun özündə belə kifayət qədər qanunazidd hərəkətlər baş verir.
Italiyada Françesko Barrelinonun “Təmiz əllər” əməliyyatına Azərbaycanda start verilsə və bu əməliyyat ilk olaraq Baş prokurorluqda gerçəkləşdirilsə, nə qədər prokurorluq əməkdaşı Bayıla “istirahətə” göndərilər.
Çünki, aylıq maaşı 1000 manat olan prokurorun bir milyon manatlıq villaya sahib olmasının dəqiq adını kim bilməsə də, Zakir Qaralov çox gözəl bilir.
Yaxud, daxili işlər naziri Ramil Usubov məgər hali deyil ki, polis rəisi illik maaşı 3 otaqlı mənzilinin orta təmirinə çatmadığı halda “novostroykadan” 5 otaqlı tam təmirli ev alır.
Necə alır? Bu sualın da cavabını Ramil müəllim gözəl bilir.
Bir fikirləşin, “Təmiz əllər” əməliyyatı dövlətin gömrük və vergi sisteminə şamil olunsa, nələr baş verər?
Uzatmayaq, təhsil də, səhiyyə də, ordu da, bir sözlə, dövlət strukturlarının böyük əksəriyyətində vəziyyət vergi, gömrük, polis sistemində olduğu kimidir.
Amerika-filan kəşf etmək fikrimiz yoxdur, hər kəsə bəllidir ki, adi JEK rəisindən tutmuş nazirəcən, bu dövlətdə bütün vəzifəlilər rüşvətlə dolanır.
Bunu ağlı başında olanların hamısı bilirsə, təbii ki, Azərbaycanın prezidenti Ilham Əliyev də bilir.
Kim düşünürsə ki, Ilham Əliyevin bu işlərdən xəbəri yoxdur, və ya ona obyektiv informasiya vermirlər, sadəcə, yanılır.
Iki səbəbdən.
Biricisi, Ilham Əliyev Misirin keçmiş prezidenti Hüsnü Mübarək yaşında deyil ki, vaxtının çoxunu sağlamlığına sərf etsin.
Ikincisi, Azərbaycan nə ABŞ, nə də Rusiya çapındadır.
Ki, dövlətə nəzarət etmək çətin olsun.
Azərbaycan əl boyda bir dövlətdir və bu dövlətin şimalında baş verənlər barədə cənubda yaşayanlar dərhal xəbər tutur.
Belə bir vəziyyətdə “Ilham Əliyev prezident kimi bu anormallıqların qarşısını nədən almır” sualının meydana çıxması tam təbii qarşılanmalıdır.
Nədən Ilham Əliyev Azərbaycanda rüşvətin qarşısını biryolluq almır?
Nədən o, Gürcüstan prezidenti Mixail Saakaşvili kimi qanunun aliliyini bərqərar etmir?
Nədən Ilham Əliyev dövlətin təməlini çökdürən, xalqa qan qusduran məmurların qolunu qandallatmır?
Nədən? Nədən? Nədən?
Bu nədənlərə nə qədər cavab verilməyib, Azərbaycanda hüzur olmayacaq.
Və xaos qaçılmaz olacaq.
Tibbin əsas prnsiplərindən biridir, xəstəliyi aşkar olan kimi müalicə etmək lazımdır. Etmədikdə SON sürətlə yaxınlaşır.