Türkiyə prezidentinin maşın karvanının önünü kəsən xalq, “Yaşasın Türkiyə”, “Azərbaycan-Türkiyə” şüarları səsləndiriblər
Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülün İran səfəri haqqında məlumat vermişdik. A.Gül İran səfərinin son günündə azərbaycanlıların yaşadığı Təbriz şəhərində xalqın sevgi coşğusunun müşayiətilə tarixi məkanları gəzib.
Gül, Təbrizdəki təmaslarına Şərqi Azərbaycan Əyalət Valisi Əhməd Əli Rza Bəydi ilə nəzərdə tutulmuş görüşü ilə başlayıb. Görüşün əvvəlində media təmsilçilərinə foto çəkiliş aparılmasına icazə verilib. Cümhurbaşqanı Gül Əyalət Valisi Ə.Bəydi qızıl ulduzlu vaza, Bəydi isə A.Gülə üzərində “Quran-i Kərim”dən bir ayənin həkk olunduğu ipək xalça hədiyyə edib.
Bundan sonra Türkiyə prezidenti Bəydi tərəfindən onun şərəfinə verilmiş nahar ziyafətinə qatılıb. Nahar zamanıisə Azərbaycan xalq rəqsləri ansamblı maraqlı mini səhnəciklər nümayiş etdiriblər. Gül daha sonra sıra ilə Göy Mədrəsə, Azərbaycan Muzeyi və Məşrutiyyə Muzeyini gəzib. Türkiyə prezidenti tarixi məkanları gəzmək üçün şəhər mərkəzində hərəkət edərkən Təbrizlilər tərəfindən maşın karvanının qarşısı kəsilib. Təbrizlilər, cümhurbaşqanı Gülə dərin sevgilərini böyük coşğuyla nümayiş etdiriblər və “Yaşasın Türkiyə”, “Azərbaycan-Türkiyə” şüarları səsləndiriblər. Gül ona sevgilərini nümayiş etdirən Təbrizlilərə əl sallayaraq qarşılıq verib.
Cümhurbaşqanı Abdulla Gül Qaraqoyunlu Sultanı Cahan Şahın zamanında, 1465-ci ildə tikintisi başa çatan Göy Mədrəsə haqqında səlahiyyətlilərdən bilgi alıb. A.Gülün bölgənin ən böyük bazarı olduğu bildirilən Təbriz Bazarını ziyarəti isə, İran hakimiyyət yetkililəri tərəfindən bildirilən “təhlükəsizlik narahatlığı” səbəbindən baş tutmayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Abulla Gül dünən İrana səfərini başa çatdırıb.