Sumqayıt-88: Afaq Bəşirqızına güllələnmə istəyiblər

«Dərzi Qarik məni bağ evinə dəvət edəcəyini dedi»

 

Afaq xanımın dediyinə görə, bütün cəhdlərə baxmayaraq səhəri gün kütlə daha da qızışıb: “Meydanda deyirdilər ki, guya azərbaycanlılar ermənilərin evlərinə soxulur, talanlar edirdilər. Həmin kütlənin də qabağında qara paltolu və şarflı adamlar gedirdi. O vaxt məktəb direktoru işləyən Xıdır Alovlu bu məsələləri daha dəqiq bilirdi, əslən ermənistanlı idi, ermənilərin xislətinə bələd olduğuna görə o artıq bütün baş verənləri analiz edirdi. Bəlkə də birinci başa düşən o oldu ki, bunlar xüsusi işarəli paltardadırlar. Səhəri gün iğtişaşların miqyası genişlənəndə mən yaşadığım binada 21 erməni gizlətmişdim. Onlar yaşadığım blokun 3-cü mərtəbəsindəki 2 bir otaqlı və bir 3 otaqlı mənzildə qalırdılar. Indiki kimi yadımdadır, Edik, yoldaşı, qızı, kürəkəni iki otaqlıda, üç otaqlıda isə ana, ata, oğul, nəvələr və gəlinləri idi. Ümumilikdə 21 nəfər. Mənim evim onda bir otaqlı idi. Xüsusi göstərmişdilər ki, filankəs evində erməniləri gizlədə bilər.

 

əvvəli ötən sayımızda

“Xruşşovka” layihəli bina idi, qapı açılan kimi,- dəhliz yox idi, evin içi görünürdü, təsəvvür edin ki, mən bunları mətbəxə keçirib qapını bağladım, hamamın qapısını açıq qoydum ki, içəri girən adam mətbəxin qapısı olduğunu hiss etməsin. Amma çox peşəkarcasına satmışdılar. Vəziyyətin gərgin vaxtı qapımız döyüldü, oğlum onda çox körpəydi. Vəziyyətin gərginliyini bildiyimdən oğlumu Bakıya, xalamgilə göndərmişdim. Yoldaşım qapını açanda həmin qara paltolu, şarflı iki nəfər qabaqda, arxasında da bir dəstə 15, 16, 17 yaşlı gənc dayanmışdı. Bir anlığa düşündüm ki, birinci həmin iki qara paltolular məni görcək, “a-a-a,  Afaq xanım!” deməliydi, amma arxada dayanan cavan uşaqlar “Afaq” deyəndə iki nəfər təəccüblə bir-birinə baxdı. O dəqiqə salam verdilər, dedilər ki, Afaq xanım siz bilirsiniz də, ermənilər bizim başımıza nə oyun açıblar, bu dəqiqə meyitlə dolu avtobus dayanıb dəniz qırağında, amma deyirlər, siz erməni gizlətmisiniz. Dedim, sizin üçün ayıbdır, əvvəla kimsiniz ki, mənimlə bu tonda danışırsınız, ikincisi, burada necə erməni gizlədə bilərəm ki, görməyəsiniz?. Yoldaşımla hamamın qapısının ağzında dayanmışdıq, birdən qara paltolulardan biri dedi ki, bilirsiniz nə var, gərək bizim azərbaycanlılar o qeyrətin sahibi olmasınlar… Sonra cibindən bir “paçka” pul çıxartdı, dedi  nə qədər lazımdır götürün. Bu an bərk əsəbiləşdim, dedim, “rədd ol burdan, axmaq!”. O saat qapını bağladılar. Amma həyəcandan tir-tir əsirdim.

– Belə çıxır ki, sizə pul təklif edənlər həm də meydandakı iğtişaşı qızışdıran xüsusi dəstənin üzvləri olublar?
– Evimin eyvanı arxa tərəfə baxırdı. Bunlar blokdan çıxanda yavaşca keçdim qonşunun eyvanına, oradan həyətə baxdım, gördüm ki, o biri binadan da həmin qara paltolulardan bir-ikisi çıxır, azərbaycanca danışırdılar, deyirdilər ki, “pul verin göstərsinlər”…
Mən erməniləri evdə qoyub yenidən meydana getdim. Təvəkkül müəllim yenə çox çalışırdı ki, iğtişaşın qarşısı alınsın, amma artıq gec idi. Mən ora çatanda gördüm ki, bir neçə adam “qana-qan!” qışqırır, deyirlər ki, “bir avtobus meyit gətirmişik, dənizin sahilindədir”. Birdən mən Təvəkkül müəllimə tərəf çevrilib soruşdum: “Yoldaşlar, bir avtobus meyit gəlib, küçələr də qan içindədir deyirlər, mən başa düşə bilmirəm, əgər burada mitinqdirsə, niyə görə meyitlər dəniz qırağındadır, bu yoldaş yerini bilir, gəlin gedək avtobusu meydana gətirək, camaat da şahidi olsun”. Inanın, saniyələr keçdi, heç kim bu haqda qışqırmadı.

“Bizim dərzi sexində işləyənlər ermənilər idi”

Biz istəyirdik ki, meydanda olan yüzə qədər aktiv adamı raykomun qarşısındakı mədəniyyət evinin içinə salaq, Təvəkkül müəllim də buna çox çalışırdı, Amma sonra fikirləşdim ki, bunları ora salsaq, heç də yaxşı olmayacaq.
Bu zaman şəhərdə çoxlu şayiələr dolaşırdı, hamı da bu şayiələrə inanırdı. Bu zaman artıq şəhərə ordu yeridilmişdi, qərara alındı ki, bütün ermənilər müəyyən qapalı yerə yerləşdirilsin.
Iğtişaşlardan bir az əvvəl bizim teatrın dərzi sexində işləyənlərin hamısı ermənilər idi, cavan oğlanın hətta stolunun yanında 2-ci Vazgenin şəkli vurulmuşdu. O zaman teatrın tamaşalarından biri artıq istehsala gedirdi, paltarlar tikilmişdi, son işlər görülürdü. Qarik adlı erməni birdən-birə on gün icazə aldı. Sumqayıt teatrı onda Kimyaçıların Mədəniyyət Sarayında fəaliyyət göstərirdi.  On gün sonra mən pilləkənlə qalxanda Qarik aşağı düşürdü, çoxdandır görünməməsinin səbəbini soruşdum. Dedi ki, “a skoro uvidimsa Karabaxe, ya kupil daçu, Aqulya, ya tebya obyazatelno priqlaşu tuda”. Biz onda belə şeylərə əhəmiyyət vermirdik, bilmirdik söhbət nədən gedir. Sonradan bilindi ki, Qarik bankdan pullarını çıxarıb. 150-yə qədər erməni bankdan pulunu çıxararaq Sumqayıtdan getmişdi. Onların ikisi teatrımızın işçisi olan erməni kişisi idi. Deməli, müəyyən adamlar əvvəlcədən nələr baş verəcəyini bilirmiş..

“Biz ”Krunka” pul vermirik, ona görə bizi öldürürlər”

– Evinizdə gizlətdiyiniz ermənilərin taleyi hecə oldu?
– Mənim gizlətdiyim erməniləri Füzulinin Tuğ kəndinə yola saldım. Onda həmin Edik mənə dedi ki, bizim ünvanlarımız müəyyən adamlara verilmişdi. Soruşdum: “Nəyə görə?”. Dedi ki, çünki biz “Krunk”a üzvlük haqqı vermirdik, məhz buna görə onun evinin qapısını dağıtmışdılar. “Krunk”a üzv olmayanların hamısının ünvanları həmin qara paltoluların əlindəydi.
Hə, erməniləri bir müddət Kimyaçıların Mədəniyyət Sarayına yığmışdılar və ciddi şəkildə müdafiə olunurdular. Amma bir neçə dəfə binanın damından düşməyə cəhd edənlər olub, buna imkan verilmədi.

“Aqanbekyan mənim güllələnməyimi tələb edirdi”

– Iğtişaşlar başa çatdı, sizin istintaqa çağırılmanız necə oldu, kimlər sizi güdaza vermişdi?
– Sonradan deyirmişlər ki, bütün bu iğtişaşın səbəbkarlarından biri də mənəm. Söz-söhbətləri eşitsəm də, sakitcə oturmuşdum, artıq istintaq başlamışdı, müəyyən adamlar çağırılırdılar. Mənimlə bağlı söhbət getdikcə daha çox qızışırdı. Hətta sonradan müstəntiq mənə dedi: “Siz haqqınızda belə söhbətlər olduğunu eşidirdiniz, niyə gəlib maraqlanmırdınız ki, bu nə məsələdir?”
Dedim, çünki soğan yeməmişdim ki, içim də göynəsin. Təşvişə düşəcək heç bir əməlim yoxdur. Həbs olunana qədər, sən demə izləyirmişlər. Onda akademik Aqanbekyan heç cür sakitləşə bilmirdi, Sumqayıt hadisələrinin səbəbkarlarından ən azı 4-ünün güllələnməsini tələb edirdi, onlardan biri mən olmalıydım, biri də rəhmətlik Əhməd Əhmədov.
Ismət Qayıbov şəhər prokuroru idi. Istintaq başlanandan təxminən bir ay sonra günlərin birində qəfildən gecə yarısı xüsusi təyinatlılar evimizə soxuldular, evimizi ələk-vələk etdilər, telefonla əlaqəyə belə icazə vermədilər. Uşağım körpə olduğuna görə səhər aparırdılar istintaqa, axşamlar gətirirdilər.

– Istintaq neçə müddət davam etdi?

ardı gələn sayımızda

Surxay Hüseynli,
Azər Hüseynbala