Buyurun, hətta “Avrovizion”a göndəriləcək müğənninin ədalətli seçimi belə şübhə altına düşdü! Indi qalib elan olunanların hansısa nazirlə qohumluğundan, kürəyində güclü əlin olmasından danışılır. Müsabiqənin məğlub elan edilən iştirakçıları belə, gizli, ya da aşkar şəkildə seçimin ədalət prinsiplərinə söykənmədiyini deyirlər.
Siz buna təəccüblənirsinizmi? Şəxsən mən yox.
Bir ölkədə azad və ədalətli seçki keçirilmirsə, orada digər bütün seçimlərin içində hiylə, kələk, məkr, fırıldaq olması qaçılmazdır. Azad və ədalətli seçkinin olmadığı ölkədə heç bir müsabiqə ədalətli, şəffaf, dürüst ola bilməz. Necə ki “Avrovizion”da olmadı. Bundan əvvəl Milli Kitab Mükafatında da olmamışdı.
Bəli, əgər siz dövlətin və xalqın taleyi ilə bağlı seçki saxtakarlıqlarına biganə qalarsınızsa… “Mənə nə prezident seçkisindən… Deputat seçkisindən mənə nə… Mən sənətçiyəm, yazıçıyam, müğənniyəm, başımı aşağı salıb mahnımı oxuyum, romanımı yazım” deyə yaxanızı kənara çəkərsinizsə, sonunda olacağı budur: gün gələr, siz də bir saxtakarlığın, bir seçim hiyləsinin qurbanına çevrilərsiniz. Haqqınız yeyilər. Qələbəniz oğurlanar. O zaman nə qədər başınıza-gözünüzə döysəniz, nə qədər atılıb-düşsəniz, nə qədər ağlayıb-sıtqasanız, çifayda. Arxadan atdığınız daşlar topuğa dəyməkdən başqa bir şeyə yaramaz. Qatarın arxasınca baxmaqdan başqa əlinizdən bir iş gəlməz.
Illərdir bağırıb-dururuq: bu ölkədə saxta prezident seçkisi, saxta deputat seçkisi sadəcə, siyasi müxalifətin problemi deyil. Buna qarşı dirəşmək, döyüşmək, etiraz etmək sadəcə, siyasi müxalifətin işi, vəzifəsi deyil. Hər kəs saxtakarlığa qarşı dik-dik ayaqda durmalıdır. Əks halda gec-tez bunun hər kəs cəzasını çəkəcəkdir. Bu gün bir insan seçki saxtakarlığının normaya çevrilməsinə göz yumarsa, üsyan etməzsə, sabah hardasa, hansı andasa mütləq özünün, övladının haqqının, qələbəsinin oğurlanması ilə də qarşı-qarşıya qalacaqdır!
Indi buyurun: ölkədə saxtakarlığın üfüqləri “Avrovizion” müsabiqəsinədək genişlənib. Artıq saxtakarlığın əli hər yerə çatıb. Artıq saxtakarlıq bu ölkədə hər işə bulaşıb. Artıq bu ölkədə saxtakarlıq hər yerdədir: bir musiqi yarışmasında, bir ədəbiyyat müsabiqəsində. Hətta utanmadan “Premyer Liqa” adlandırdığımız milli futbol çempionatında. Hər yerdə, hər yerdə!
Işin bu yerə gələcəyini bilməliydiniz, görməliydiniz. Görməliydiniz və səsini qaldırmalıydınız. Görmədiniz və səsinizi qaldırmadınızsa, zəhmət çəkib əziyyətinə, məhrumiyyətlərinə də qatlaşacaqsınız.
“Mədəniyyət kanalı”na ön söz
AzTV-də “Mədəniyyət kanalı” açılması xüsusi diqqətə layiq hadisə deyil. Amma normalda əksi olmalı idi. Ən azı yaradıcı ruhlu insanlar bunu alqışlarla qarşılamalı idilər.
Ancaq bir baxırıq, ətrafımızda ən xırda sevinc işartıları belə yoxdur. Çünki hər kəs Əliyevçi zehniyyətin mədəniyyət deyərkən nəyi nəzərdə tutduğunu gözəl anlayır. 21-ci əsrdə bir rejissorun filmini qayçılamağı, özünün ideoloji tələblərinə cavab vermədiyi üçün ilim-ilim itirməyi özünə rəva görənlər hansı əxlaqla, hansı haqla, hansı üzlə mədəniyyət haqqında danışa bilərlər? Axı kim bilmir ki, bu rejimdən ötrü mədəniyyət – yaltaqlıqla, məddahlıqla assosiasiya olunur, “milli mənəvi dəyərlər” adı altında isə xalqı daha da məzlumlaşdırmağa, kölələşdirməyə, fağırlaşdırmağa çalışılır.
Axı gecə-gündüz muğamı tərifləyib, tar-kamançanı gözümüzə soxub axırda övladlarının toyuna Ədalət Şükürovu, Iradə Ibrahimovanı, Abbas Bağırovu çağıranlar hansı mədəniyyətdən danışa bilərlər ki?
Bir sözlə, yaptokratların “Mədəniyyət kanalı” açması çobanın təkədən pendir tutmaq istəməsi kimi bir şeydir, fiksiyadır, fil-filodur. Adamda təbəssümdən başqa da heç nə doğura bilməz.
Günün içindən iki gözəllik
BIR: Seymur Baycanın yeni romanının – adı “Qukarq” – çapdan çıxması…
IKI: Dünən mən bu sətirləri yazanadək heç bir intihar xəbərinin gəlməməsi.