Masallıdakı partlayışın terror olması təsdiqlənir

Rəsmi qurumlar hadisənin texnogen səbəblərlə bağlı olması barədə iddiaları əsaslandıra bilmirlər

Masallıda Telekommunikasiya Qovşağının yerləşdiyi binada baş verən partlayışın terror aktı olması rəsmi qurumlar tərəfindən ciddi-cəhdlə təkzib edilir. Olayın şahidləri, həmçinin qovşaqda çalışanlar binanın partladıldığını iddia etsələr də, rəsmi qurumlar hadisənin texnogen səbəblərlə bağlı olduğunu bildirirlər. Artıq Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisənin ilkin səbəblərini açıqlayıblar. Mütəxəssislərin rəyinə görə partlayış yerin altına yığılmış qazın sızması nəticəsində baş verib. Lakin ekspertlər bu rəyin gülünc olduğunu bildirirlər. Onların fikrincə, əgər partlayış aşağıdan baş veribsə, bu halda bina tamamilə yerə çökməli idi.
Ekspertlər hesab edir ki, bu hadisə terror aktıdır. Sadəcə hakimiyyət bu faktı təsdiq etməkdən çəkinir. Çünki olayın terror aktı olmasını təsdiq etməklə iş bitmir. Zərbənin hardan gəldiyini də açıqlamaq lazımdır.
Qovşağın binasında baş verən partlayışın terror aktı olması barədə ehtimalları Iran kəşfiyyatının rəhbəri Heydər Mösləhinin bir hədələyici bəyanatı da gücləndirir. O, bəyan etmişdi ki, Israil Iranla qonşu ölkələrdə özünün kəşfiyyat şəbəkələrini qurub. “Biz bu şəbəkələrin yerini müəyyən etmişik və onların ətrafında öz kəşfiyyat bazalarımızı yaratmışıq. Bu kəşfiyyat bazaları vasitəsilə biz Israil şəbəkələrinə sarsıdıcı zərbələr endirəcəyik”,- deyə Iran kəşfiyyatının rəhbəri vurğulamışdı.
Nəzərə alsaq ki, Avropadan Asiyaya gedən rabitə xətti Masallıdan keçir, eyni zamanda bu rayon Iranın yaxınlığında yerləşir, o halda qovşaqda baş verən partlayış barədə ciddi düşünməyə dəyər. Hər halda bu hadisənin texnogen səbəblərlə bağlı olması barədə iddianı əsaslandıran ciddi arqument yoxdur. Yeri gəlmişkən, son günlər Israil və ABŞ-ın kəşfiyyat orqanları həyəcanlı şəkildə bəyan edirlər ki, Azərbaycanda terror gözlənilir. Belə bir həyəcanlı xəbər Masallıdakı partlayışdan bir neçə gün əvvəl də verilmişdi…

İnformasiya şöbəsi