Mövzu ətrafında danışan tələbənin lətifəsinə dönüb bu inqilab zəhrimar. Elə fır-fır Azərbaycanın ətrafında fırlanır. Azərbaycan mövzu olub, inqilab isə heç cür mövzunun üstünə gəlmir ki, gəlmir. Çünki bu ölkədə inqilab doğuracaq bütün nəticələrə dövlət başçısı səviyyəsində müharibə elan olunub. Bir nömrəli hərbi hazırlıq vəziyyətindəyik. Fövqəladə vəziyyət rejimi hökm sürür. Saat 00.00.-dan 00.00.-a qədər korrupsiyaya küçəyə çıxma yasağı var.
Ilham Əliyev fevralın 14-də yol polisi əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və onların qulluq vəzifələrinin icrasına nəzarəti artırmaqla bağlı sərəncam verib. Bundan sonra yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrin 25 faizi yol polisi əməkdaşlarına veriləcək. Yəni ayın başında maaşlarına əlavə ediləcək.
Rüşvətin aradan qaldırılmasının bu qədər dəqiq mexanizmini indiyəcən görən olubmu? Bu qərara gələnlər öz aləmlərində belə düşünürlər ki, əgər polisin maaşı çoxalarsa, deməli, o daha rüşvət almayacaq.
Bu isə rüşvətin aradan qaldırılması yox, leqallaşdırılmasıdı. Yəni əvvəl sürücüdən nağd şəkildə qoparılan pul indi bank və kartların vasitəsilə büdcəyə daxil olacaq, oradan da tutulan cərimənin 25 faizi polisin maaşına əlavə ediləcək. Belə baxanda, polis burada heç nə itirmir. Sürücüdən rüşvəti nağd şəkildə alanda da ona elə ancaq bu qədəri çatırdı, indən belə də o qədər çatacaq. Çünki o rüşvətin qalan 75 faizi yuxarıya, gündəlik plan kimi ötürülürdü. Indi həmin 75 faiz rüşvət planı hansısa yuxarıda oturan rəisə yox, dövlətə gedəcək. Yəni bu sərəncamla dövlət özü bilavasitə rüşvətə bulaşacaq. Ancaq polis işçisi dəli deyil ki! Rüşvəti hansısa mücərrəd dövlətə ötürüncə, elə onunla çiyin-çiyinə çalışan rəisinə verər də. Axı onu vəzifəyə qoyan da, çıxaran da, rütbəsini artırıb-əskildən də, necə deyərlər, onun “çörəkverəni” də dövlət deyil, gözlə görünən, əllə toxunula bilən canlı məmur, yəni üzü lap yuxarıyacan sıralanmış rəislərdi. Axı o polis nəfəri bilir ki, dövlət qanun deməkdi, o qanun isə o polisi heç vaxt müdafiə eləmək gücündə deyil. Istənilən rəis bu ölkədə o qanundan, o dövlətdən güclüdü. Indi kim güclünü qoyub, zəifə “dolya” ötürər. Necə deyərlər, soğan olsun, nağd olsun. Dövlətin könlünü xoş eləyincə, elə rəisi gör də. Ki, o da səni görsün. Dövlətin onsuz da hakimiyyət başında duran bir ovuc məmurdan başqa kimsəni görən gözü yoxdu.
Məsələnin başqa bir yanı: lap deyək, polis sərəncama uydu və çomağını gündə yüz qaldırırdısa, bundan belə min dəfə qaldırdı. Və sürücüləri haqlı-haqsız cərimələdi. Bəs sürücünün haqqı? Axı hamı bilir ki, polis on haldan azı beşində haqsızdı və ya yarım haqlıdı. Bu da gündə minlərlə akt deməkdi. Yəni polisin balaları durub ayın başına kimi gözləməyəcək ki, hansısa sürücü əmi qanunu nə vaxt pozacaq və atası ondan evinə 25 faiz gətirəcək. Sürücü isə cərimələnməsinə görə məhkəməyə müraciət eləməlidi. Yaxşı, indi məhkəmə hansı qərarı çıxaracaq? Hamı bunu da gözəl bilir ki, məhkəmə-hüquq sisteminin durumu necədi. Axı hakim də bala başı saxlayır. Ona görə də hakim bəyin iki yolu var. Bir: hansısa mücərrəd dövlətə, lap elə polis işçisinə görə kəsilən cəriməni doğru çıxarmaq, sürücünün cəriməsini qanuniləşdirmək; Iki: sürücüdən rüşvət alıb cəriməni yanlış hesab eləmək. Indi necə olsun? Eyni sərəncam hakimlər haqda da verilsinmi? Axı elə olan halda bu sərəncam prezidentə qədər şamil olunmalıdı. Ondan sonra da çarəsi kəsilən vətəndaş ya intihar eləməlidi, ya da Avropa Məhkəməsinə doğru…
Eh, bu elə bir hörümçək torudu ki, çabaladıqca dolaşacaqsan. Öndə dedik axı, müharibə səbəbə yox, nəticəyə qarşı başlanıb. Həm də müharibə yox, “dava-dava” oyunu.
Hə, bir tanışım zəng vurub ki, bəs korrupsiya savaşından sonra komissiyalar hər yeri işğal eləyib, durmadan yoxlayırlar. Indi bizdən pul yığılır ki, komissiyanı hörmətlə yola sala bilək…
Dövlət başçısının dava-dava oyunu
•
•