Azərbaycana “Kürdüstan”ı tanımaq təklif olundu

Azərbaycana bu çağırış ya PKK-nın, ya da mifik Kürdüstanın adı ilə edilir

“Diplomat”ın baş redaktoru Tahir Süleyman “Kürdüstanın rəhbəri” Məsud Bərzani ilə

“Diplomat” qəzetinin Idarə Heyəti Media Mərkəzində dövlət başçısı Ilham Əliyevə müraciətlərilə bağlı mətbuat konfransı keçirib. Qəzetin təsisçisi Tahir Süleyman müraciətin mətnini açıqlayıb. Müraciət müəllifləri əsas məqsədləri kimi Iraqın şimalında, “Kürdüstan” kimi tanıdılan ərazidə qurulan siyasi qurumun ərazisində Azərbaycan nümayəndəliyinin, Azərbaycanın isə Iraq və adı çəkilən bölgədə səfirlik və konsulluqlarının açılması olduğunu qeyd edirlər.
Həm də müəlliflər bunu Azərbaycanın problemlərinin bu bölgədə təşviq olunması ilə əlaqələndirmək istəyirlər. Ermənistanın Iraqa və adı çəkilən bölgəyə münasibətdə bir sıra addımlar atdığını nəzərə çatdıraraq, rəsmi Bakını faktiki tələsməyə və Ermənistanı qabaqlamağa çağırırlar.
Tədbirdə deyilib ki, rəsmi Bağdad Azərbaycanın Iraqda səfirlik açması ilə bağlı Azərbaycanın RF səfirliyinə dəfələrlə müraciət etsə də, qaneedici cavab almayıb.
Bununla birgə, aydın deyil ki, niyə rəsmi Bağdadın funksiyalarını “Diplomat” qəzeti öz üzərinə götürür?
Türkiyədə kürd-türk qarşıdurması haqda danışan T.Süleyman bu qarşıdurmanı Avropa önündə güclü Türkiyə görmək istəməyənlərin, silah satmaqda maraqlı olanların layihəsi adlandırıb. Amma dəfələrlə sual verilməsinə baxmayaraq, T.Süleyman Iranda, Rusiyada, Suriyada kürdlərin problemlərinə toxunmayıb.
T.Süleyman eyni zamanda PKK-nın yeri və roluna dair sualı da cavablandırmaqdan yayınıb. Beləliklə, bu qurumun niyə yaradılması, təyinatının nədən ibarət olması, bu qüvvədən Türkiyə əleyhinə hansı dövlətlərin istifadə etməsi məsələsinə də aydınlıq gətirilməyib.
Bir sözlə, iki dövlət arasında həll edilməli olan bir məsələnin bir qəzetin Idarə Heyəti səviyyəsində mətbuata çıxarılması özü maraqdan çox sual və təəccüb doğurur.
“Turan”ın bu xəbərinə onu əlavə edirik ki, “Diplomat” adlı qəzet  Iraq “Kürdüstan”ına Azərbaycanlı jurnalistlərin müntəzəm səfərini təşkil edir. Bu qəzeti Iraq “Kürdüstan”ının Azərbaycandakı nümayəndəliyi adlandıranlar da var.