Azərbaycan xalqı da dəyişikliklərə hazırdır

Həsən Kərimov: «Xalqın dirənişinin nəticə verə biləcəyinin konkret nümunələrlə ortaya qoyulması millətimizi ruhlandırıb»

 

Misir və Tunisdəki inqilablardan sonra Azərbaycanda da demokratiyanı tələb edən qüvvələrdə canlanma hiss olunur. Demokratik düşərgədən qarşıdakı aylarda mitinq və piketlərin bərpa olunması ilə bağlı təşəbbüslər eşidilməkdədir. Artıq AXCP belə bir qərar qəbul edib. AXCP Ali Məclisinin sədri Həsən Kərimovun sözlərinə görə, Misir inqilabından sonra Azərbaycan xalqı bir daha avtoritar rejimlərin ömrünün uzun olmadığına əmin olub:

 

– Bir müddət əvvəl Azərbaycan cəmiyyəti pessimizmə qapılmışdı. Amma Misirdəki inqilab nəticəsində otuz illik diktatorun devrilməsi Azərbaycan cəmiyyətində optimist ab-hava yaratdı. Artıq bizim partiyamıza ictimaiyyətdən müxtəlif müraciətlər daxil olur ki, müxalifət ayağa qalxmalı və etirazlara rəhbərlik etməlidir. Əvvəllər belə ab-hava, belə fikirlər səslənmirdi. Xalqın dirənişinin nəticə verə biləcəyinin konkret nümunələrlə ortaya qoyulması xalqımızı ruhlandırıb. Bu baxımdan Azərbaycan xalqı da dəyişikliklərə hazırdır.

Mitinqə hazırlıq gizli getmir

– AXCP kütləvi aksiyalara start verilməsi ilə bağlı qərar qəbul edib. Amma keçiriləcək aksiyaların konkret vaxtı açıqlanmayıb. Aksiyaların keçirilməsini nə vaxta planlaşdırırsınız?
– Mart ayından kütləvi-siyasi aksiyalara başlamağı düşünürük. Amma, bildiyiniz kimi, biz AXCP olaraq eyni zamanda Ictimai Palatada təmsil olunuruq və təbii ki, bu məsələləri həm müttəfiqlərimiz, həm də Ictimai Palatada müzakirə etməyin tərəfdarıyıq. Biz bu məsələni Ictimai Palatada müzakirə etdikdən sonra mitinqin gününü və vaxtını müəyyən edəcəyik. Əminəm ki, qarşıdan gələn aylardakı mitinqlərdə öndə yenə cəbhəçilər gedəcək. Bütün zərbəni də üzərinə cəbhəçilər götürəcək.

– “Yeni Müsavat” qəzetində gedən məlumata görə, müxalifət partiyaları gizlin mitinq hazırlığına başlayıblar. Bu məlumat nə dərəcədə reallığa uyğundur?
– Bu yalnız “Yeni Müsavat” qəzetində çıxan informasiyadır. Biz AXCP olaraq üzvlərimizlə görüşlərimiz zamanı təşkilati işlərlə yanaşı, mitinqə hazırlığı da müzakirə edirik. Burada gizli heç nə yoxdur. Biz üzvlərimizdən, ictimaiyyətdən heç nəyi gizlətmirik. Bilmirəm “Yeni Müsavat” qəzeti bu informasiyanı haradan götürüb. Biz aksiyalara hazır olduğumuz zaman Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edəcəyik.

Parlament mütləq buraxılmalıdır

– Bu günlərdə müxalifət parlamentin buraxılması təklifini irəli sürüb. Bu ideyanın məqsədi nədir?
– Bu hakimiyyətin dövründə heç bir normal parlament formalaşmayıb. Azərbaycanın isə əsas qanunverici hakimiyyəti parlamentdir. 2010-cu il parlament seçkisini isə həm ATƏT-in, həm də ABŞ-ın necə qiymətləndirdiyi hamıya məlumdur. Bir çox qanunların qəbulu, hakimiyyət dəyişikliyinə gedən yol parlamentdən keçir. Ona görə biz prezidentin iradəsi ilə formalaşdırılan parlamentdən xalqın xeyrinə heç nə gözləmirik. Məhz buna görə ilk növbədə parlamentin buraxılması vacib məsələlərdəndir. Eyni zamanda biz ciddi Konstitusiya islahatlarının keçirilməsini istəyirik. Təbii ki, bu islahatlar içərisində ilk növbədə bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə olan qadağanın bərpası gəlir. Bununla yanaşı Seçki Məcəlləsinə ciddi dəyişikliklər edilməlidir. Çünki mövcud qanunvericiliklə Azərbaycanda heç zaman normal seçki keçirmək mümkün deyil. Ona görə perspektivdə də bu məsələlər ön plana çıxacaq. Amma bütün bunların həyata keçirilməsi üçün Azərbaycan parlamenti buraxılmalıdır. Xalqın iradəsi ilə formalaşmış parlament həm Konstitusiya dəyişikliklərini reallaşdırmalı, həm də ictimai-siyasi dəyişiklikləri əhatə edən bütün qanunları qəbul etməlidir. Ona görə biz öncə parlamentin buraxılmasını tələb edirik.

– Misirdəki dəyişikliklərdən sonra bir sıra avtoritar ölkələr ciddi siyasi dəyişikliklərə başlasalar da Azərbaycan hökuməti hələ gözləmə mövqeyindədir. Bu cür yanaşmanın hansı neqativ nəticələri ola bilər?
– Hakimiyyət özünü dünyaya elə təqdim etmək istəyir ki, guya Azərbaycanda avtoritar rejim yoxdur. Ona görə də islahatlara ehtiyac görmür. Hakimiyyət yalnız korrupsiyaya qarşı mübarizə şousu sərgiləməkdədir. Bunun da ortaya atılması görüntüdən başqa bir şey deyil. Ilham Əliyev xalq arasında formalaşan imicin əksinə olaraq belə bir rəy yaratmağa çalışır ki, guya Azərbaycan avtoritar rejim deyil. Amma Azərbaycan Cənubi Qafqazda ən avtoritar rejimdir və indi zəruri addımların atılmaması gələcəkdə bu hakimiyyət üçün böyük fəsadlara yol aça bilər.

Xəyal